Cəsədlər Zabrat aeroportuna gətirilir - RƏSMİ (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Cəsədlər Zabrat aeroportuna gətirilir - RƏSMİ (YENİLƏNİR)

“Hazırda yanğının söndürülməsi və xilasetmə işləri ilə əlaqədar “Günəşli” və “Neft daşları” sahələrində helikopterlər, gəmilər və dalğıc qrupları fəaliyyət göstərir”.

Publika.az-ın məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu gün saat 16.00-a olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri artıq 2 nəfər neftçinin cəsədini sudan çıxararaq, Xətai rayon morquna təhvil verib. B.Ağarəhimov deyib ki, tanınma prosesindən sonra həmin 2 nəfərin şəxsiyyəti müəyyən edilib: “Bunlar Xilasedici Dalğıc İdarəsinin işçisi Tağıyev Fuad Tahir oğlu və Kompleks Qazma Trestinin işçisi Mahmudov Ağa İzzət oğludur”.

Baş mühəndis qeyd edib ki, içərisində 4 cəsəd daşıyan daha bir helikopter isə bir neçə saat ərzində Zabrat aeroportuna enəcək və oradan da cəsədlər Sabunçu morquna aparılacaq: “Hazırda bu helikopterlərdən əlavə daha ikisi “Günəşli” sahəsində öz işini davam etdirir. Cəsədləri daşıyan helikopter isə öz işini başa vurandan sonra yenidən “Günəşli” sahəsinə geri qayıdacaq”.

B.Ağarəhimov bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” sahəsinə 1 ədəd yeni helikopter göndərib.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri ilə daha 2 nəfərin meyiti sudan çıxarılıb.

Publika.az-ın məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

B.Ağarəhimov deyib ki, sözügedən cəsədlər artıq helikopterlə Bakıya gətirilir: “Cəsədlər Sabunçu morquna təhvil veriləcək. Bu gün saat 16.00-a olan məlumata əsasən, FHN-nin 1 helikopteri 2 nəfərin cəsədini artıq sudan çıxarıb. Bundan əvvəl tapılmış 2 nəfərin cəsədi isə Xətai morquna təhvil verilib. Artıq 2 nəfərin cəsədi ekspertizadan keçirilərək şəxsiyyəti müəyyən edilib. Bunlar Tağıyev Fuad Tahir oğlu və Mahmud Ağa İzzət oğludur”.

O bildirib ki, cəsədləri tapılan 2 nəfərin üzərində xilasetmə jiletləri olub. "Hazırda xilasetmə işləri davam etdirilir. Günün sonunda ola bilsin ki, daha bir gəmi xilasetmə işlərinə cəlb olunsun".

Vasif Həsənli

***

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.

Bu barədə Publika.az-a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.

Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.

***

Bu dəqiqələrdə virtualaz.org saytına daxil olan məlumatda deyilir ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülünün dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşmüş işçilərindən 3-nün cəsədi tapılıb.

Məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib.

Onun bildirdiyinə görə, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır. Cəsədlərin kimə aid olduğunu yəqin ki, SOCAR rəsmiləri az sonra keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.

Cəsədlərin Xəzərin hansı hissəsindən tapıldığı hələlik məlum deyil.

İtkin düşmüş digər neftçilərin axtarışları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm