Prokurorluqdan Bakıdakı qəza ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

Prokurorluqdan Bakıdakı qəza ilə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri (KİV) “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq heç bir real faktlara əsaslanmadan 7 iyul 2015-ci il tarixdə Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar rəsmi qurumların mövqeyini öyrənmədən yalnız zərərçəkmiş şəxsin mülahizələri əsasında birtərəfli qaydada həqiqətə uyğun olmayan informasiyalar yayıblar.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Prokurorluq göstərilənlərlə əlaqədar bildirir ki, 7 iyul 2015-ci il tarixdə saat 23 radələrində 2000-ci il təvəllüdlü Nəcəfli Fəqan Əfqan oğlu sürücülük vəsiqəsi olmadan Xətai rayonu ərazisində idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə Ramal Abbasovun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşub, nəticədə sonuncu sağlamlığa ağır zərər vurmaya aid, “Hyundai Sonata” markalı avtomobildə olan sərnişin isə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri alıblar.

Faktla bağlı 28 iyul 2015-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb. R. Abbasovun anası Nəzakət Abbasovanın çoxsaylı müraciətləri nəzərə alınaraq cinayət işinin istintaqı 10 sentyabr 2015-ci il tarixdən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsində davam etdirilib.

28 sentyabr 2015-ci il tarixdə cinayət işi həmin məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilib. İstintaq zamanı hadisə yerinə baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, iş üzrə şahidlər dindirilib, “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kamera görüntüləri götürülüb, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.

İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilib ki, “Toyota Land Cruiser” markalı avtomobili idarə edən F. Nəcəflinin hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq olub və onun hadisənin qarşısını almağa texniki imkanı olub.

Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni yetkinlik yaşına çatmayan F. Nəcəfli cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət işi üzrə icraata xitam verilib. Həmin qərar qanuni və əsaslı hesab edilib.

N. Abbasova istintaq orqanının qəbul etdiyi qərarla razılaşmayaraq mütəmadi olaraq müxtəlif orqanlara, o cümlədən Baş Prokurorluğa müraciətlər edib. O, dəfələrlə Baş Prokurorluqda qəbul edilib və ona iş üzrə qəbul olunmuş qərarın cinayət-prosessual qanunvericiliyinə uyğun olduğu izah edilib. Bununla yanaşı, nəqliyyat vasitəsinə sahiblik hüququ olan Nəcəfli Əfqan İsa oğlunun nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan oğlu F. Nəcəfliyə verdiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi üçün cinayət işi üzrə qəbul edilmiş qərarın surəti Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilib və Ə. Nəcəfli inzibati qaydada cərimə olunub. İş üzrə qəbul edilmiş qərar əsasında sığorta şirkəti tərəfindən R. Abbasova 9 min manat məbləğində sığorta ödənişi verilib.

Bundan başqa, N. Abbasova Suraxanı rayon məhkəməsinə mülki iddia qaydasında müraciət edərək azyaşlı F. Nəcəfli tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş külli miqdarda ziyanın sonuncunun atası Ə. Nəcəfli tərəfindən ödənilməsini xahiş edib və məhkəmənin qətnaməsi ilə Ə. Nəcəfli tərəfindən R. Abbasova 42 min manat məbləğində pul vəsaiti ödənilməsi qət edilib. Ə. Nəcəfli həmin qətnamə ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və məhkəmə baxışı 24 may 2016-cı il tarixə təyin edilib.

Göstərilənlərlə əlaqədar, KİV nümayəndələri tərəfindən bu kimi halların gələcəkdə təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq-mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun mətbuat xidmətləri ilə dəqiqləşdirmələri tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm