Dünya Oyunlarından daha bir medal xəbəri
Bizi izləyin

İdman

Dünya Oyunlarından daha bir medal xəbəri

Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan millisi daha bir medal qazanıb.

Publika.az xəbər verir ki, bu uğura cüdoçumuz Elmar Qasımov (100 kq) imza atıb. Avropa Oyunlarında yığmamızın bayraqdarı olan idmançı yarışın bürünc medalına yiyələnib. Belə ki, 1/16 finalda uruqvaylı Rafael Salvonu ippona salan Qasımov ardınca rusiyalı Ramazan Malsuiqenov üzərində də təmiz qələbə qazanıb. Lakin 1/4 finalda Ambaselmaa Bayarsayxanla görüş Elmar üçün çətin keçib və həmyerlimiz məğlubiyyətə üzülüb. Buna baxmayaraq, Monqolustan cüdoçusu finala yüksəldiyindən Qasımov təsəlliverici qarşılaşmalara qatılıb. Öncə Antoni Pena (Venesuela), sonra Yosef Terheçi (Fransa) ipponla mübarizədən kənarlaşdıran təmsilçimiz bürünc medal görüşündə Lusiano Ribero Korreadan (Braziliya) da güclü olub.

90 kq çəki dərəcəsində Tural Səfquliyev də fəxri kürsüyə yüksəlməyə yaxın olub. Lakin o, bürünc medal uğrunda qarşılaşmada Tsoqtqerel Xutaqa (Monqolustan) uduzub.

Beləliklə, yarışa 6 cüdoçu ilə qatılan yığmamızın qazancı 1 gümüş və 4 bürünc medal olub. Həmyerlilərimizdən Vüqar Şirinli (60 kq) ikinci olduğu halda, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq) üçüncü yeri tutublar. Cüdoçularımız digər “bürünc”ü isə kişilərin komanda yarışında qazanıblar.

Dünya Oyunlarında cüdoçularımızla yanaşı, taekvondoçularımız, güləşçilərimiz və boksçularımız da yollanıblar. Hələlik digər 3 komandamızın heyətində sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsüdə yer alıb. O, 3-cü olub.

Komandalarımızdan yalnız taekvondoçular hələ mübarizəyə başlamayıblar. Onların yarışına oktyabrın 8-də start veriləcək.

Qeyd edək ki, Dünya Oyunlarına 248 dəst medal uğrunda 56 ölkədən 4292 hərbçi qatılıb. Aktivində 6 mükafat olan Azərbaycan millisi isə komanda hesabında 26-cıdır. Siyahıya 34 medalı olan Rusiya başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm