“Neftçi” rəsmiləri bu gün toplandı - FOTOLAR
Bizi izləyin

İdman

“Neftçi” rəsmiləri bu gün toplandı - FOTOLAR

Bu gün “Neftçi”nin inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov komandadakı fəaliyyətinə görə Samir Əliyevə minnətdarlığını bildirərək, ona “Pro” kateqoriyalı məşqçilik kurslarında müvəffəqiyyətlər arzulayıb:

“Samir Əliyev Müşahidə Şurasına müraciət edərək “Pro” kateqoriyalı kurslara qatılmaq istədiyini bildirdi. Məşqçinin qərarı klub rəhbərliyi tərəfindən də müsbət qarşılandı. Bu müddətdə “Neftçi”nin baş məşqçisi vəzifəsindəki xidmətlərinə görə Samir Əliyevə təşəkkür edirik. İnanırıq ki, Samir Əliyev ali məşqçilik kateqoriyasına da yiyələnəcək və gələcəkdə də “Neftçi” onun xidmətlərindən yararlanacaq. Əsgər Abdullayevə də təşəkkürümüzü bildiririk ki, Müşahidə Şurasının qərarını müsbət qarşıladı və bu işin məsuliyyətini öz üzərinə götürdü”.

“Neftçi”nin “sükanı arxasından” ayrılan Samir Əliyev isə bunları deyib:

“Yayda klub rəhbərliyi mənə etimad göstərdi və baş məşqçi vəzifəsinə təyin olundum. Mənim üçün böyük təcrübə oldu. Əlbəttə, hazırki nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığını etməyə imkan verir. Əsgər müəllimi çoxdan tanıyıram. Onun rəhbərliyi altında gənclərdən ibarət yığma komandalarda və əsas millidə oynamışam. Əsgər müəllim məşqçilik sahəsində daha təcrübəlidi. İnanıram ki, təcrübəsi sayəsində komandaya daha çox xeyir verəcək. “Neftçi”dən və sizdən ayrılmıram. Gələcək fəaliyyətim üçün “Pro” kateqoriyalı kurslarda iştirak etməyim mənim üçün çox vacibdir. Hamınıza uğurlar arzulayıram, bu futbolçuların böyük potensialı var və “Neftçi”ni daha yüksək yerlərə daşıyacaq gücdədir”.

“Neftçi”nin yeni baş məşqçisi Əsgər Abdullayev də iclasda çıxış edib:

“Samir Əliyev həm idmançı, həm də insani keyfiyyətləri ilə hər zaman seçilib. Səmimi deyirəm ki, onun xətrini övladım qədər istəyirəm. Rəhbərliyim altında oynayan vaxtlarında da Samir nümunəvi futbolçu olub. Mən Samirə məşqçilik təhsilində uğurlar arzulayıram. İstəyim odur ki, “Pro” kateqoriyasına yiyələnsin və yenidən “Neftçi”də onu baş məşqçi görüm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm