HƏDƏ-QORXU: “Həyat yoldaşını zorlayacağıq” - FOTOLAR
Bizi izləyin

İdman

HƏDƏ-QORXU: “Həyat yoldaşını zorlayacağıq” - FOTOLAR

Karyerası ərzində tez-tez qalmaqallarıyla gündəmə gələn Kevin-Prins Boatenqin kitabı çıxıb.

Publika.az xəbər verir ki, qanalı futbolçu 352 səhifədən ibarət olan və "Mən Prins Boatenqəm" adlanan kitabında bir çox maraqlı məqamlara toxunub.

Kitabda ən çox maraq doğuran fikirlər isə Mixael Ballakla bağlıdı. Belə ki, 2010-cu ilin may ayında keçirilmiş "Portsmut" - "Çelsi" oyununda Boatenq "zadəganlar"ın alman futbolçusuna qarşı çox sərt oynamış və bunun da nəticəsində həmin il CAR-da təşkil edilən dünya çempionatı Ballak üçün başlamadan bitmişdi. O vaxt Almaniya mətbuatında Boatenqin Ballakı bilərəkdən zədələdiyi barədə xəbərlər yayılmış və qanalı futbolçu sərt tənqid olunmuşdu. Boatenq kitabında həmin hadisəylə bağlı bunları qeyd edib:

  • Ballakı heç vaxt sevməmişəm. Onunla ilk dəfə 18 yaşım olanda, "Herta"da forma geyinərkən üz-üzə gəlmişdim. O, həmin oyunda mənim ayağıma ardıcıl zərbələr endirirdi. Ondan niyə belə etdiyini soruşduqda isə mənə "sakit ol, sən özünü nə zənn edirsən?" dedi. Mən də ondan "bəs sən özünü nə zənn edirsən" deyə soruşdum. O isə cavabında "mən ulduzam" dedi. Ona "ulduzlar da bir gün sönər" cavabını verdim.
  • Ballakın bir futbolçu kimi oyununu bəyənsəm də, insan kimi onu heç sevmirdim. Ona qarşı sərt oynamağıma gəldikdə isə, həmin qarşılaşmada bizim cərimə meydançasında mənə şillə vurmuşdu. Həmin epizoda görə qırmızı vərəqə almalı idi. Bu vaxt onunla qarşılıqlı söz atışmamız oldu. Bundan cəmi 5 dəqiqə sonra isə ona qarşı sərt oynadım. Hakim mənə sarı vərəqə göstərdi. Bunu bilərəkdən etməmişdim. Qayda pozuntusundan dərhal sonra ondan üzr istədim. Ballak oyundan çıxdı. Bununla da, söhbət bağlandı. Ancaq sonradan guya, mən həmin qayda pozuntusunu bilərəkdən etmişəm kimi bir ab-hava yaradıldı. Ballakı zədələdiyim üçün milli komandanın üzvləri mənə təşəkkür etdi. Mənə "yaxşı ki, o, milli komandanın heyətində yoxdu" kimi mesajlar göndərdilər.
  • İngiltərədə bu hadisə o qədər də müzakirə edilmədi. Hətta paltardəyişmə otağında da bu barədə danışmadıq. Ancaq Almaniyada bu məsələni həddən artıq şişirtdilər. Məni əsas hədəf halına gətirdilər.
  • Bu hadisədən sonra çoxlu irqçi təhqirlərə və ölüm təhdidlərinə məruz qaldım. 80 yaşında bir qoca zibil atmağa getdiyim zaman mənə orta barmağını göstərdi. Evimə "murdar zənci, səni qaz kamerasında boğmaq lazımdı", "həyat yoldaşını zorlayacağıq", "sənin pasportunu cırmaq lazımdı" kimi təhdid məktubları gəldi. Bununla bağlı polisə müraciət etdim. O vaxtlar tək qalmışdım.
  • Tənqidlərə sinə gərə bilmədim. Ancaq artıq öyrəşmişəm. Qardaşlarım Ballakdan üzr istəməli olduğumu deyirlər. Mən bunu düzgün saymadım. Çünki meydanda üzr istəmişdim. Lakin Ballak bunu hələ də, inkar edir".

Kevinin ögey qardaşı Jerom Boatenq də futbolçudur. Ancaq o, Kevindən fərqli olaraq Almaniya millisinin şərəfini qoruyub.

Boatenq karyerası ərzində "Herta", "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut" və "Milan"ın şərəfini qoruyub. Futbolçu 2013-cü ildə "Şalke"yə yollansa da, bu ilin qış transfer pəncərəsində yenidən "Milan"a qayıdıb.

Bu gün satışa çıxacaq "Mən Prins Boatenqəm" kitabının qiyməti 22 avro 99 sentdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm