“Uzunayağ”ın damğa vurduğu mundialda faşist izi – FOTOLAR
Bizi izləyin

İdman

“Uzunayağ”ın damğa vurduğu mundialda faşist izi – FOTOLAR

“Uzunayağ”ın damğa vurduğu mundialda faşist izi – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı Fransada keçirilən 3-cü dünya çempionatına həsr olunub.

60 milyon almana qarşı 11 futbolçu…

Növbəti dünya çempionatının Fransada keçirilməsi qərarı FİFA-nın 1936-cı il Olimpiya oyunları zamanı keçirdiyi konqresdə verildi. Avropa dəhşətli silkələnmələrin astanasında idi. Faşistlər Almaniya və İtaliyada hegemonluq etməyə başlamışdılar. İspaniyada vətəndaş müharibəsi qızğın çağında idi. Hitlerçilər tərəfindən anneksiya edilən Avstriya qitə xəritəsindən yoxa çıxmışdı...

Odu ki, seçimin sülh içində yaşayan və müxtəlif şəhərlərində bir sıra müasir stadionları olan Fransa üzərində saxlanılması, turnirdə iştirak etmək istəyənlərin əksəriyyətini qane etdi. Əksəriyyətini, ancaq hamını yox. Final mərhələsinə vəsiqəni Braziliya ilə mübarizədə qazanma təklifi edilən Argentina səfərdən imtina etdi. Məlum oldu ki, Cənubi və Şimali Amerikanın digər ölkələri (Kuba istisna olmaqla), həmçinin Yaponiya üçün də futbol ikinci, hətta üçüncü plandadı.

İspanların seçmə mərhələdə iştirakına isə FİFA qadağa qoydu. İlk dəfə idi ki, dünya çempionu və təşkilatçı ölkə seçmə oyunlardan azad edilmişdi. Almaniya ilə Avstriyanın “birləşməsi” isə turnirdə ingilislərin iştirakı üçün imkan yaratdı. Ancaq futbolun yaradıcıları yenidən dünya futbol ailəsinə qoşulmaqdan imtina etdilər. Bu da isveçlilərə mübarizəyə birbaşa 1/4 finaldan başlamaq imkanı verdi.

Avstriya vundertiminin heç də bütün üzvləri 1938-ci ilin aprelinin anşlüzünü eyni qəbul etməmişdi. Məsələn, məşhur Matias Zindelar faşist bayrağı altında çıxış etməkdənsə, özünə qəsd etməyi daha üstün tutmuşdu. Füreri isə təəccüb və heyrət gözləyirdi. Herbergerin yetirmələri artıq turnirin startında heç də güclü olmayan İsveçrəyə məğlub oldular. “60 milyon almana qarşı 11 futbolçu ilə kifayətləndik” - Sürixin “Sport” qəzeti qeyd edirdi. İşarə isə hitlerçilərin öz gücünə həddindən artıq inanmasına idi və bu duruma ironik yanaşılmışdı.

Şortunun qırılmış rezinini əlində tutaraq vurdu

Bu dəfə braziliyalılar yaxşı oynadılar. Onların polyaklarla startdakı qarşılaşması isə dünya çempionatları tarixində ən baxımlı oyunlardan oldu - 6:5. “Flamenqo”nun forvardı Leonidas mundiallardakı ilk pokerin müəllifi oldu. Bundan cəmi 14 dəqiqə sonra polyak, sonradan Almaniyanın şərəfini qorumuş Villimovski eyni uğuru təkrarladı. Leonidas isə bu qolların hesabına turnirin ən sərrast futbolçusu oldu.

Hələ o vaxtlar «Qara mirvari» haqda əfsanələr gəzirdi ki, onlardan bəziləri dövrümüzə qədər də gəlib çıxıb. Məsələn, deyirlər ki, «qayçı» zərbəsini mükəmməlliyə çatdıran şəxs məhz bu futbolçu olub. Ya da deyirlər ki, Leonidas polyakların qapısına qollardan birini mərkəz dairədən, butslarının ipini açıb-bağlamaq üçün oturduğu yerdən vurub.

Hətta birini isə yalın ayaqla vurubmuş. Oyunun sonuna yaxın onun ayaqqabısı yararsız hala düşür, əl altında isə ehtiyatı yox idi. İsveçli hakim Eklind isə ona oyunu ayaqyalın bitirmək icazəsi verib. Hər halda, Çexoslovakiya ilə çox sərt keçən qarşılaşmadan sonra istirahət etmək imkanı qazanan Leonidas və Timin yoxluğu mənfi rol oynadı.

Mütəxəssislər braziliyalıların yarımfinalda İtaliyaya məğlubiyyətini də məhz bu cütlüyün oynamaması ilə izah etdilər. Nədənsə, baş məşqçi Piment apenninliləri ciddi rəqib saymamış, əsas oyunçularına istirahət şansı yaratmışdı. Nahaq! Son çempionlar cənubi amerikalıları rahat, qələbə üçün lazım olan qədər güc sərf edərək yendilər. Özü də Meatsa ikinci qolu penaltidən, şortunun qırılmış rezinini əlində tutaraq vurdu.

“Duçe”nin silahdaşının «məsləhətlər»i

Titulu da «skuadra adzurra» qazandı. Yenidən. Hətta baş məşqçi Vittorio Potso etiraf etdi ki, «təmiz futbol prinsiplərindən çıxış etsək, hazırki komandam dörd il əvvəlkindən xeyli üstün idi». Ən azı bu dəfə publikanın köməyi, hakimlərin rəğbəti və rəqiblərin ruhdan düşməsinə ümid bəsləmək laızm deyildi.

İtalyanların lideri “Uzunayaq” ləqəbli Silvio Piola idi. O, “Latsio”nu - yığmanın siyasi rəhbəri, Mussolininin yaxını olan general Vakkaronun himayədarlıq etdiyi klubu təmsil edirdi. Potso başlanğıcda “Yuventus”lu Borelə üstünlük versə də, “Duçe”nin silahdaşının «məsləhətlər»ini qulaqardına vurmağa cəsarət etmədi.

Apenninlilərin keçirdiyi dörd oyundan üçündə qələbəni məhz Piolanın vurduğu qollar gətirdi. Sonradan İtaliya futbolunun ən yaxşı bombardiri turniri belə xatırlayırdı: «Biz dünya çempionatında layiqli qələbə qazandıq. Çünki sürətli tempdə hərəkət etməyi öyrəndik və əla qarşılıqlı anlaşma səviyyəsi əldə etdik. Məhz bu səbəbdən Braziliya və Macarıstan kimi güclü rəqiblər bizə qarşı heç nə ilə yadda qalmadılar».

Potso isə dörd ildən sonra üçüncü dəfə çempion olmaq və «qızıl ilahə»ni həmişəlik İtaliyaya gətirmək arzusuyla yaşayırdı. Ancaq o dövrün ən yaxşı məşqçilərindən birinin planlarına dünya müharibəsi mane oldu...

DÇ-1938. Fransa

Final mərhələsi. 4-19 iyun

15 komandanın 14-ü 1/8 finaldan olimpiya sistemiylə mübarizə aparıblar. İsveç komandası 1/4 finaldan mübarizəyə qoşulub.

18 oyun, 483000 tamaşaçı (orta hesabla hər oyunda 26833)

84 qol (orta hesabla hər oyunda 4,67)

Ən yaxşı futbolçu - Leonidas (Braziliya)

Bombardir: Leonidas (Braziliya) - 8.

1/8 final

1. İsveçrə - Almaniya 1:1, ə.v.*

2. Fransa - Belçika 3:1

3. Braziliya - Polşa 6:5, ə.v.

4. Çexoslovakiya - Hollandiya 3:0, ə.v

5. İtaliya - Norveç 2:1

6. Kuba - Rumıniya 3:3, ə.v.*

7. Macarıstan - Niderland ost-Hindistanı 6:0

8. İsveçrə - Almaniya 4:2*

9. Kuba - Rumıniya 2:1*

1/4 final

10. İsveç - Kuba 8:0

11. Macarıstan - İsveçrə 2:0

12. İtaliya - Fransa 3:1

13. Braziliya - Çexoslovakiya 1:1, ə.v.*

14. Braziliya - Çexoslovakiya 2:1*

1/2 final

15. İtaliya - Braziliya 2:1

16. Macarıstan - İsveç 5:1

Təsəlliverici final

17. Braziliya - İsveç 4:2

Final

18. İtaliya - Macarıstan 4:2

Qeyd: 1/8 finalda İsveçrə - Almaniya, Kuba - Rumıniya və 1/4 finalda Braziliya - Çexoslovakiya oyunlarının əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm