BMX üzrə dünya çempionatına yekun vuruldu - - FOTOLAR
Bizi izləyin

İdman

BMX üzrə dünya çempionatına yekun vuruldu - - FOTOLAR

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. Son yarış günündə gənclər və Elit kateqoriyasında qaliblər müəyyənləşib.

Publika.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, gənc qızların mübarizəsində hollandiyalı İndi Şipers 38.038 saniyə nəticə ilə hamıdan üstün olaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.

Gənc oğlanların yarışında birinci yeri 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan tutub. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurub.

Elit kateqoriyada yarışan qadınlar arasında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35.690 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau bürünc medala sahib olub.

Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk 2 pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31.426 saniyə nəticə ilə Silven Andre birinci olub. Onun komanda yoldaşı Joris Dode ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezekel de Souza Filho tamamlayıb.

Qaliblərə medalları Beynəlxalq Velosipedçilər İttifaqının vitse-prezidenti Renato Di Rokko, qurumun BMX komissiyasının sədri və Idarə Heyətinin üzvü Artur Lopes, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.

İlk üç pillədə qərarlaşan idmançılara medal və çempionatın rəsmi talismanı olan Qafqaz bəbiri, qalib idmançılara isə çempionluq köynəyi verilib. Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm