Sabiq vitse-prezident Rövşən Nəcəfə səsləndi: 100 milyona yaxın vəsait yox edilib
Bizi izləyin

İdman

Sabiq vitse-prezident Rövşən Nəcəfə səsləndi: 100 milyona yaxın vəsait yox edilib

Azərbaycanda daha bir futbol mövsümü geridə qaldı. Əvvəlki illərlə müqayisədə nisbətən maraqlı keçən çempionatda “Qarabağ” 10-cu çempionluğunu rəsmiləşdirdi. “Sabah” isə ilk dəfə mükafatçılar sırasına düşməklə yanaşı, avrokuboklarda debüt etmək imkanı qazandı.

Premyer Liqanın üçüncüsü olan “Neftçi” barədə xoş fikirlər səsləndirmək mümkün deyil. “Ağ-qaralar” daha bir mövümü boşa verdilər. Paytaxt təmsilçisinin titul qazanmaq imkanı oldu. Ancaq komanda favorit hesab edildiyi ölkə kubokunun final matçında “Qəbələ”yə məğlub oldu.

Bu uğursuzluqlar fonunda “Neftçi” haqlı tənqid hədəfinə çevrilib. Ölkənin qocaman klubunun fanatları ilə yanaşı, futbol ictimaiyyəti də narazıdır. Söhbət təkcə nəticələrdən getmir. Uzun illərdir azarkeşlər və mütəxəssislər “Neftçi”nin idarəetmə siyasətindən, klubun daxilində baş verən proseslərdən narazıdır.

Paytaxt təmsilçisində baş məşqçi, məşqçilər, futbolçular, hətta Müşahidə Şurasının üzvləri belə dəyişə də, nəticə baxımından müsbət heç bir məqam yoxdur. Klubun büdcəsi titullar qazanmağa, uğurlu çıxış etməyə imkan verir. Ancaq ortada heç nə yoxdur.

Bu günlərdə “Neftçi”nin gələcəyi ilə bağlı narahatlıq var. Komandanın ən sadiq və ən nikbin azarkeşi belə klubun sabahı ilə bağlı hansısa müsbət fikir səsləndirmir. Sponsor tərəfindən büdcənin artırılması ilə bağlı yayılan xəbərlər belə fanatlar və ictimaiyyətdə inam yaratmır. Hər kəs klubun rəhbərliyindən, idarəçiliyindən narazılığını ifadə edir.

Belə məqamda “Neftçi”ni yaxından tanıyan, azarkeşlər tərəfindən kifayət qədər sevilən bir şəxsə müraciət etmək qərarına gəldik. Söhbət uzun illər “ağ-qaralar”ın vitse-prezidenti kimi çalışan Tahir Süleymanovdan gedir. Təcrübəli futbol funksioneri ilə klub ətrafında baş verən prosesləri müzakirə etdik.

- “Neftçi” növbəti futbol ilində də titulsuz qaldı. Daha bir mövsüm və milyonlarla vəsait boşa getdi. Bunun hesabını kim verməlidir?

- Bir mövsüm deyil, artıq 10 ilə yaxındır ki, "Neftçi" çökdürülür, çökdürülüb. Bir mövsümün milyonları ilə yanaşı, ümumilikdə, bu illər ərzində 100 milyona yaxın vəsait yox edilib. Bunun hesabatını strateji və faktiki olaraq klubu idarə edənlər verməlidir!

- Finaldan sonra Müşahidə Şurasının üzvü Zaur Qəhrərmanov “biabır olduq” deyirsə, komandada təmizləmə işləri öncə haradan və kimlərdən başlamalıdır?

- Zaur Qəhrəmanov 2015-ci ildən "Neftçi" Müşahidə Şurasının üzvüdür. İllərdi təhlillərimizi aparırıq, doğru olanı bildiririk. "Neftçi"nin düzgün idarə olunmadığını faktlarla və ən önəmlisi, öncədən məsuliyyəti öz üzərimizə götürüb nəyin necə olacağını futbol ictimaiyyətinə çatdırırıq. "Qəbələ" ilə final matçında da "Neftçi TV" vasitəsi ilə canlı yayımda açıq şəkildə fikirləmi səsləndirdim. Yeri gəlmişkən, peşəkarlıq, obyektivlik nümayiş etdirdiklərinə, dəvətə görə bir daha əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Zaur bəy də illərdi azarkeşlərin, medianın, bizim haqlı tənqidlərimizi Müşahidə Şurasının aparıcı söz sahiblərindən biri kimi gec də olsa təsdiqləyirsə, doğrusu da budur, "Neftçi"də köklü islahatların, dəyişiklərin aparılması zərurəti çoxdan yaranıb.

- “Neftçi” azarkeşləri uzun müddətdir ki, klub prezidenti Kamran Quliyevin istefasını tələb edir. Final oyunundan sonra da belə oldu. Ancaq Quliyev mətbuata açıqlamasında sadəcə azarkeşlərin haqlı olduğunu söyləyir. İstefa mədəniyyətini nümayiş etdirmək belə çətindir?

- "Neftçi"nin böyüklüyünü böyük əziyyətlərlə qoruyub saxlayan fanat, azarkeş ordusudur. Final matçında da tribunaları dolduraraq möhtəşəm atmosfer yaradıldı, komanda adına sona kimi dözüldü, dəstək verildi. Və son damla - istefa şüarları stadionu bürüdü. İllərdi "Neftçi" rəhbərliyini təmsil edənlər klubu, komandanı, uğurları düşünmür, onlar üçün vəzifələrin, maddi təminatın, şəxsi maraqların qorunması prioritetdir. "Neftçi" sevgisi sözdə olmamalıdır, əməldə, nəticələrdə özünü göstərməlidir. Klub rəhbərliyində olanların əksəriyyətinin futbol biliyi, bacarığı, şəxsi keyfiyyətləri "Neftçi" kimi böyük klubu idarə etməyə yetərli deyil. "Neftçi" bataqlığa sürüklənir, bu, onlara maraqlı deyil, maraqlar başqadır. Belələri, yumşaq tərzdə ifadə etsək, göndərilməyənə qədər kreslolarından əl çəkməyəcəklər.

- Kamran Quliyev hər il mövsümün sonunda mətbuat önünə çıxaraq bildirir ki, "Neftçi" yeni mövsümdən iddialı olacaq. Bu dəfə də eyni addımı atdı. O bildirir ki, top klublarda çıxış edən 7-8 futbolçu ilə danışıqlar aparılır. Sizcə, belə açıqlama nə qədər ciddidir? Ümumiyyətlə, ancaq məşqçilərin və futbolçuların dəyişdiyi komandada strategiya, idarəetmə sistemini necə xarakterizə edərdiniz?

- İllərdir nağıllar, manevrlər davam edir, futbolçu, məşqçilər əlcək kimi dəyişdirilir, vaxt udulur, "Neftçi" liderliyini itirir. Artıq ölkənin ən köklü klubundan heç kim çəkinmir, rəqiblər, autsayderlər belə səfərdə "Neftçi"yə qarşı oyunda qələbəyə oynayır. Evdə oynanılmış final matçı buna bir daha sübutdur. Hər zaman xoşladıqları büdcə bəhanələri fərqi də ortadadır. Bütün konsentrasiya, köklənmə, bütövləşmə istiqaməti finala olmaq əvəzinə, oyundan öncə klub prezidentinin "7-8 futbolçu transfer ediləcək" açıqlaması futbol idarəçiliyi adına rəzalətdi. Futbol dili ilə bunun komandaya bir mesajı var idi - müqaviləniz bitir, özünüzü yormayın, zədələnməyin, göndəriləcəksiniz. Onsuz da "Neftçi"nin durumu bəlli idi, finaldan öncə bu tipli və ya baş məşqçinin "müqaviləm var" və digər yanaşmaları ilə finalın taleyi öncədən bilinirdi. Böyük futbolu, futbolçu psixologiyasını bilməyənlər "Neftçi" böyüklüyünü anlaya, idarə edə bilməz!

Öncə klubda strateji, idarəetmə sistemində dəyişiklər edilməlidir və bu, yerdəyişmə yox, futbol fəlsəfəsinə, biliyinə söykənməlidir. Bundan sonra, ehtiyac olduğu qədər, məşqçi-futbolçu heyəti...

- Məlumata görə, “Neftçi”nin büdcəsində ciddi artım var. Büdcənin artması nələr dəyişə bilər? Bütün problemləri həll edə bilərmi? Artan büdcəni bu qədər uğursuz rəhbərliyə etibar etmək olarmı?

- Vaxtilə bizim klubdan getməyimiz üçün yaradılan süni problemlərdən, maneələrdən başqa, "Neftçi"nin heç vaxt büdcə problemi olmayıb. Azərbaycan şərtlərinə uyğun klubun indiki büdcəsi nəinki çempionluqların, kubokların təmin olunması, qruplara vəsiqə üçün yetərlidir. Digər tərəfdən, qeyd etdiyiniz kimi, hər şey pulla ölçülmür. Futbol idarəçiliyi planlaşdırması mütləqdir. "Neftçi" böyüklüyü ilə yanaşı çox ağır, daimi təzyiq, diqqət mərkəzində olan klubdur. Bu yükü layiqincə daşımaq, nəticələri təmin etmək hər adamın bacaracağı iş deyil. "Neftçi"də dost-tanış eksperimentlərinə son qoyulmalıdır!

- Rövşən Nəcəf Müşahidə Şurasının sədri vəzifəsinə gələndə ondan gözləntilər böyük idi. Gözlənilirdi ki, klubun idarəetmə sistemində, rəhbərlikdə dəyişikliklər olsun. Amma o, fərqli addım atdı, ictimai rəyi nəzərə almadı. Belə düşünmək olar ki, Rövşən Nəcəfin də futbolun idarə edilməsi ilə bağlı peşəkar baxışı, peşəkarlarla işləmək niyyəti yoxdur? Belə olarsa, “Neftçi”ni nə gözləyir?

- "Neftçi" Müşahidə Şurasında baş verən strateji dəyişiklərdən sonra azarkeşlərdə böyük ümid yaranmışdı. "Neftçi" adına qəti addımlar atılmalı idi. Gec də olsa, final matçı futbol adına son xəbərdarlıq oldu. Əvvəl də bildirmişəm, müsbət məqam odur ki, artıq baş sponsor SOCAR prezidentinin birbaşa kluba nəzarət etməsidir. Peşəkar futbolun dərinliyi məsələsi təbiidir, hər bir insanın öz sahəsi var. İndiki məqamda, əgər klub idarəçiliyi ilə bağlı strateji kadr islahatları aparılacaqsa, qərar verilənə kimi bütün transferlər, planlaşdırma qısa müddətə dayandırılmalıdır. Yoxsa "Neftçi" daha da bataqlığa sürüklənəcək. Əgər düzgün, peşəkarlığa söykənən qəti addımlar atılarsa, "Neftçi" qısa vaxtda geridönüş edə, liderliyini qaytara bilər. Vaxt yoxdur, operativlik, dəqiq diaqnoz mütləqdir! Əks halda bütün məsuliyyət onların üzərində olacaq.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm