Emin Mahmudov üçün iki variant: Ya "Neftçi"nin 400 min dollarını qəbul edəcək, ya da...
Bizi izləyin

İdman

Emin Mahmudov üçün iki variant: Ya "Neftçi"nin 400 min dollarını qəbul edəcək, ya da...

Azərbaycan futbolunda yay transferi pəncərəsi iyunun 15-də açılacaq. Ancaq mart ayından etibarən futbolçu keçidləri ilə bağlı dedi-qodulara start verilib.

Mövsüm bitər-bitməz klublar heyətlərinə əl gəzdirməyə başlayıblar. Bəzi komandalar artıq bir neçə transfer ediblər. Premyer Liqa təmsilçiləri “Qarabağ”, “Sabah” və “Neftçi”inin yay transfer əməliyyatları maraqla gözlənilir. Ağdam təmsilçisinin Çempionlar Liqasında hansı heyətlə çıxış edəcəyi maraq doğurursa, “bayquşlar”ın yayda necə güclənəcəyi və ilk dəfə qatılacağı avrokuboklarda hansı nəticələrə imza atacağı maraq doğurur.

“Neftçi” də həmişə olduğu kimi hadisələrin mərkəzindədir. Bu klub transfer bazarında hələlik səssizdir. Yalnız İvan Brkiçlə yeni müqavilə imzalanıb. Bu, azarkeşlər və ictimaiyyət üçün bir o qədər də maraqlı deyil. Hər kəsi maraqlandıran kapitan Emin Mahmudovun komandadakı taleyidir.

Bir neçə aydır bu məsələ ictimaiyyətdə geniş formada müzakirə olunur. Komandanın lideri olan Mahmudovun hansı qərar verəcəyi hələ məlum deyil. Futbolçu bu barədə verdiyi açıqlamalarda mümkün qədər ehtiyatlı davranmağa çalışır. Onunla maraqlanan klubların sayı heç də az deyil. Ən diqqətçəkən məqam “Qarabağ” və “Sabah”ın 31 yaşlı yarımüdafiəçi ilə maraqlanmasıdır.

Hazırda milli komandanın düşərgəsində olan Eminə “Neftçi” Azərbaycan futbolunda ən yüksək məvacibi təklif edir. Son günlərə qədər bu rəqəm illik 350 min dollar idisə, əldə etdiyimiz məlumata görə, hazırda daha yüksək maaş təklif edilir – 400 min dollar. Bu o deməkdir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycanın ən yüksək ödənişli futbolçusu olacaq.

Mahmudovun belə təklifdən sonra “Neftçi”yə cavab verməməsi bəzi sualların ortaya çıxmasına səbəb olub. Emin daha yaxşı təklif alıb, yoxsa daha yaxşı klubdan təklif alıb? Başqa bir versiya isə onun legioner həyatı yaşama ehtimalıdır. İddia olunur ki, Asiya klubları Emini heyətinə qatmağa çalışır və kifayət qədər yüksək maaş təklif edilir. Hətta kapitanın “Neftçi”nin uğursuz idarə edilməsindən və nəticələrdən bezdiyi də bildirilir.

Emin Mahmudovun düşünmək üçün elə də çox zamanı yoxdur. Çünki milli komandanın oyunlarından sonra yeni mövsümün hazırlıqlarına start verilir. Yəqin ki, çıxış edəcəyi komandanın təlim-məşq toplanışını buraxmaq istəməz. Emin nə etməli, hansı variantı seçməlidir? 6 ildir çıxış etdiyi “Neftçi”yə sadiq qalmalıdır, yoxsa karyerasının son illəri olduğunu nəzərə alaraq pulu seçməlidir? Bu sualı bir müddət Eminlə birlikdə “Neftçi”də çalışmış Ceyhun Sultanova ünvanladıq. “Ağ-qaralar”ın sabiq idman direktoru bunları söylədi:

“Emin Mahmudovun məsələsinə 2 prizmadan yanaşmaq olar. Birinci karyera, ikinci pul. Söhbət ondan gedir ki, cavan olmadığı üçün karyerasını düşünməyə bilər. Elə də çox vaxtı qalmayıb. Bu səviyyədə maksimum 2 il oynaya bilər. Futbolçu həyatı çox qısadır. Düşünürəm ki, Emin ona uzunmüddətli müqavilə təklfi edən klubda oynamalıdır. Uzunmüddətli sözləşmə təklif edilirsə və maliyyə tərəfi yaxşıdırsa, “Neftçi”də qalmağı məsləhətdir.

Sultanov Eminin “Neftçi”də qalmasını daha məqsədəuyğun görür:

“Başqa klubdan daha yüksək – 2-3 qat artıq maaş təklifi varsa, onu seçə bilər. 50-100 minə görə başqa ölkədə oynamaqdansa, “Neftçi”də qalmaq daha məqsədəuyğun olar. Sevilən futbolçudur. O, “Neftçi” üçün böyük işlər görüb. Qarşıdakı illərini də bu kluba versə, sadiqliyini nümayiş etdirsə, bu, daha yaxşı variant olar”.

43 yaşlı funksioner “Qarabağ”ın da maraqlandığı Emin Mahmudovun puldan yana seçim edəcəyini düşünür:

“Mənə görə, Mahmudov yaşına nəzərə alaraq pulu düşünəcək və bu yöndə addım atacaq. 31 yaşı var. Bu yaşda ölkə xaricinə ancaq pul qazanmağa gedə bilər. Düşündüyü pulu və uzunmüddətli müqaviləni indiki klubu ona təklif etsə, komandada qalacaq. “Neftçi” və “Qarabağ”ın təklif etdiyi şərtlər aşağı-yuxarı eyni olacaq. Emin bəlkə də bunu düşünür. Xaricdən maddi baxımından daha yaxşı təklif gəlsə, ora yollanacaq”.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm