“İdmançıların sərvət sahibi olması səhv düşüncədir”
Bizi izləyin

İdman

“İdmançıların sərvət sahibi olması səhv düşüncədir”

O, Türkiyənin keçmiş ağır atletlərindən biridir. Avropa və dünya çempionatı ilə yanaşı, bir çox beynəlxalq turnirlərin qalibi olub. O, SSRİ dövründə Türkiyəyə getmiş, Süleymanoğlu soyadı ilə Türkiyə bayrağı altında mübarizə aparmış azərbaycanlı Hafiz Süleymanovun komanda yoldaşı olub.

Publika.az “II taym” layihəsi çərçivəsində məşhur ağır atlet, türkiyəli Yasin Arslan haqqında məlumat verəcək. Yasin Arslan dəfələrlə Avropa rekordunu qırıb.

(Əvvəli bu linkdə - http://publika.az/p/60009 )

Məşqçiliyə başladı

“İdmanı buraxdıqdan sonra dövlət məni uğurlarıma görə Ankarada bir məktəbə bədən tərbiyəsi müəllimi təyin etdi. Bu məktəb yoxsul "gecəqondu" məhəlləsində yerləşsə də, buradan olimpiya, dünya çempionları çıxıb: Nurcan Taylan, Sibel Şimşək və Aylin Daşdələn kimi idmançılardır.

“Öz klubumu qurdum”

“Onu deyim ki, ağır atletika idmanı ilə zəngin insanlar məşğul ola bilmirlər, çünki çətindir. Ağır atletika həyatımda mühüm yer tutdu. Ali təhsil aldım, oxudum, iş qazandım, pul qazandım. Qardaşım da bu idman üzrə Avropa çempionu olub. O da hazırda mənimlə eyni məktəbdə müəllimdir. Adı Emrah Arslandır.

Məşqçiliyə başladıqdan sonra istedadlı şagirdləri seçdim, ailələriylə danışdım. Məşq yerimiz belə yox idi. Kiçik otaqlarda və küçələrdə onları çalışdırmağa başladım. Məktəb müdiri və bəzi müəllim yoldaşlarım da mənə dəstək verdilər.

Klub qura bilmək üçün çox yerə getdim, heç nə alınmadı. Mən də öz klubumu yaratmaq məcburiyyətində qaldım. Anadan olduğum yerdə Tuz gölü (duz gölü) var. Ona görə də klubumun adını “Tuz gölü idman klubu” qoydum. Rəhbəri mənəm, məşqçi qardaşım Emrahdır. Bu idman klubunun hər bir üzvü mənə çox doğmadır. Bütün idmançıların xərclərini gücüm çatan qədər özüm təmin edirəm”.

“Bakıda dostlarım çoxdur”

- Məşqçilikdə də idmançı olduğunuz dövrdəki qədər uğurlu ola bilmisiz?

- İdmançı olduğum dönəmdəki qədər uğurlu olduğumu düşünmürəm. Bunun üçün vaxt lazımdır. Məşqçilik üçün baxış bucağı çox fərqlidir. Ya sıfırdan komanda qurmalısan, ya da hazır komandanın başına keçib uğurlar qazanmalısan.

3 ildir ki, rəsmi şəkildə Türkiyənın ağır atletika milli komandasında çalışıram. Böyüklər arasında keçirilən Avropa çempionatında tələbəm qızıl medal qazandı. Keçən il isə Aralıq Dənizi Oyunlarında tələbələrimdən 4-ü çempion oldu.

Həmçinin bu il Qazaxıstanda keçirilən dünya çempionatında tələbəm 2-ci yeri tutdu. Bundan əlavə, Avropa çempionatında medallar qazandıq.

- Azərbaycandan məşqçilik üçün təklif aldınızmı? Təklif gələrsə, ölkəmizdə işləmək istəyərsiz?

- Azərbaycanı çox sevirəm. Orada çox dostum - yoldaşım var, gəlib gedirəm. "Zirvə" idman klubunun başçısı hörmətli Tofiq Heydərov çox yaxın dostumdur. Sağ olsun, klubuma sahib çıxdı. Dəstəyi çox olub. Azərbaycandakı milli komandanın məşqçiləriylə dostluğumuz var. Onlarla işləmək gözəl olar.

- Hər halda, milli komandamızdakı ağır atletlərin problemləri barədə eşitmisiniz. Bununla bağlı nə deyə bilərsiniz? Sizcə günahkar kimdir?

- Bəli, Azərbaycan ağır atletika komandası böyük çətinliklər çəkdi. Bunu biz də öz ölkəmizdə yaşadıq və yaşayırıq. Bu problemlərin həlli üçün günahkarı axtarmaq məncə faydalı olmayacaq. Edilən xətaları və səhvləri aradan qaldırmaq lazımdır.

“Mən 3-4 sm ondan hündürəm”

- Yasin bəy, icazəniz olarsa, bir az da idmandan kənar söhbət edək. Kənardan bu qədər uğurlar qazanmış bir idmançının sərvət sahibi olduğu düşünülür...

- İdmançıların sərvət sahibi olması səhv düşüncədir. Əlbəttə, idmançı özünü təmin edəndə həyat şəraiti də yaxşı olur. Mükafat uğurlu idmançını ruhlandırır. Amma onu "şişirtmək" lazım deyil.

- Bildiyim qədəriylə evlisiniz. Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Bəli, 3 yaşında Melisa adında qızım, 7 yaşında oğlum var. Oğlumun adı Timur Alpdır. Həyat yoldaşım tatar türklərindəndir. Ailəsi və bütün qohumları Simferopolda yaşayır. O, 2000-ci ildə Türkiyəyə universitet oxumaq üçün gəlmişdi. Qazi Universitetinin hüquq fakültəsində oxuyurdu. Mən də o vaxt idmançı idim. Elə onunla da Türkiyədə tanış olduq. 2003-cü ildə ailə həyatı qurduq.

- Adətən ağır atletlər bəstəboy olur. Hətta bəzən həyat yoldaşları özlərindən hündür olurlar. Sizin yoldaşınızla boy fərqiniz varmı?

- Məncə boy fərqi çox da önəmli deyil. Önəmli olan anlaşa bilmək və xoşbəxtlikdir. Amma bu mənada da şanslıyam. Belə ki, yoldaşımla boyumuz demək olar ki, eynidir. Hətta mən 3-4 sm ondan hündürəm (gülür).

“Hər çətinliyin şirin bir qarşılığı var”

- Bəs uşaqlarınız ağır atletikanı seçsə, necə qarşılayacaqsınız? Bəzən atalar öz çətinliklərini övladlarının da çəkməsini istəmirlər.

- Hər çətinliyin şirin bir qarşılığı var. Onların da mütləq idmanla məşğul olmalarını istəyirəm. Lakin mənim yolumu getmələrində israr etmərəm. Hər idmanın özünə xas bədən quruluşu var. Hansı idmanda uğurlu olacaqlarsa, o növlə məşğul olmalarının tərəfdarıyam. Yenə deyirəm, ağır atletika ilə məşğul olmaq istəsələr də, qarşı çıxmaram. Müşahidə etdiyim qədəriylə oğlumdan ağır atlet olmaz. Lakin qızım tam bir ağır atlet vücuduna və xarakterinə sahibdir.

- Qolunuzdakı “döymə”nin mənası nədir?

- Siz deyəsən məni xeyli araşdırmısız. Tatunun təsvirində beton parçalanır və içindən aslan çıxır. Mənim soyadım Arslan və bürcüm də aslan bürcüdür. Amma onu da bildirim ki, “Qalatasaray”lı deyiləm, “Fənərbaxça”lıyam (gülür).

- Keçmiş idmançılardan kimlərlə dostluğunuz hələ də davam edir?

- Türkiyədən demək olar ki, hər gün birlikdə görüşdüklərim var. Olimpiya çempionları Halil Mutlu, Taner Sağır, Nurcan Taylan və Hafiz Süleymanoğlu ilə də mütəmadi görüşürük. Onlar da idmandan uzaqlaşmayıblar, məşqçi, idarəçi kimi idmana xidmət edirlər.

Xaricdəki idmançı dostlarla da telefonla və beynəlxalq yarışlarda görüşürük. Əlbəttə texnologiya bu mövzuda çox vacibdir. İnternet vasitəsiylə də əlaqə saxlayırıq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm