İdman
“Turqut Özalın və xanımının əlini öpdüm, məndən xoşları gəldi”
O, Türkiyənin keçmiş ağır atletlərindən olub. Avropa və dünya çempionatı ilə yanaşı, bir çox beynəlxalq turnirlərin qalibi olub. O, SSRİ dövründə Türkiyəyə getmiş, Süleymanoğlu soyadı ilə Türkiyə bayrağı altında mübarizə aparmış azərbaycanlı Hafiz Süleymanovun komanda yoldaşı olub.
Publika.az “II taym” layihəsi çərçivəsində məşhur ağır atlet, türkiyəli Yasin Arslan haqqında məlumat verəcək. Yasin Arslan dəfələrlə Avropa rekordunu qırıb.
Fəhlə ailəsində böyüdü - rekordlar qırdı
“1978-ci il iyulun 23-də Ankaranın Şereflikoçhisar mahalında anadan olmuşam. Mən kasıb ailədə böyümüşəm, atam fəhlə olub. İdmana 1987-ci ildə Ankarada başlamışam. Qardaşım və xalam oğlu da ağır atletdir.
Uşaqlıqda çox hiperaktiv və dəcəl idim. Xalam oğlu "ştanq"la məşq edərkən onu izləməyə getdim. Oradakı məşqçi Ömər Öztürk məni çox bəyəndi və heç yana buraxmadı. Uşaqlarla oynayarkən məni zorla məşqə aparırdılar. Çox vaxt qaçırdım. Amma sonra bu idmanı sevdim və davam etdim.
Vaxt keçdikcə əvvəlcə Ankara, sonra Türkiyə çempionu oldum. İlk dəfə 1993-ci ildə ulduzların Avropa ağır atletika çempionatında rekord qırıb birinci oldum. O illər çətin şərtlər altında idman edirdik. Çox çalışmaq lazım gəlirdi”.
Ən uğurlu illəri
“1994-cü ildə Avropa çempionu oldum. Mənim 54-59 kq və 64 kq-da Avropa çempionatında müəyyənləşdirdiyim rekordları heç kim qıra bilməyib. 1995, 1996, 1997, 1998-ci illərdə gənclər arasında qitə çempionu oldum. 1997-ci il gənclərin dünya çempionatında qızıl medal qazandım. 1998-ci ildə dünya çempionatında 3-cü oldum.
2000-ci ildə böyüklər arasında Avropa üçüncüsü oldum. Təəssüf ki, Sidney Yay Olimpiadasında medal qazana bilmədim. Amma 2001-ci ildə Sidneydəki dünya çempionatında gümüş medal qazandım”.
“Qoluma platin taxdılar”
- Avropa, dünya və müxtəlif beynəlxalq turnirlərdə qazandığınız medallar var. Bəs olimpiya mükafatçısı olmaq üçün sizə nə mane oldu?
- Ən böyük arzum olimpiya medalı qazanmaq idi. Amma qismət olmadı. Olimpiadadan başqa bütün beynəlxalq yarışlarda medallar qazandım.
O illərdə Türkiyə komandası çox güclü idi. Məndən böyük qardaşlar hamısı çempionluq yaşayıb. Naim Süleymanoğlu, Halil Mutlu, Hafız Süleymanoğlu (Türkiyədə adı belə idi), Fedail Güler, Sunay Bulut və bir çox güclü ağır atletlər Türkiyə milli komandası adından yarışırdı. Böyük dərəcələr əldə etsək də, komanda məhdud sayda yarışa bilirdi. Komandaya girə bilməyən şəxslər belə medal ala bilərdi, lakin bir ölkədən çox adamın yarışa qatılmaq şansı yox idi. Buna şanssızlıq deyə bilərik.
- Olimpiadada neçə dəfə iştirak hüququ qazanmısız?
- 1 dəfə, 2000-ci ildə Sidney Olimpiadasında iştirak etdim. 1996-cı ildə yaşım az olsa da, yaxşı nəticələr verirdim. Amma həmin vaxt Türkiyədə eyni çəkidə olimpiya çempionu olmuş Naim Süleymanoğlu kimi birisiylə rəqabət aparmaq asan deyildi.
2004-cü ildə də şansım oldu. Ancaq qolumu zədələdim və əməliyyat olundum.
- Həmin zədəyə görə nə qədər idmandan uzaq qaldınız?
- Əslində ilk zədəmi 1995-ci ildə almışdım. Polşada keçirilən dünya çempionatında son şansımdan istifadə edərkən qolum qırıldı. Bürünc medal qazandım. Türkiyəyə qayıdanda o zamanki federasiya prezidentimiz, həkim Savaş Ağaoğlu məni əməliyyat etdi. Zədə aldığım yerə platin qoyuldu. Bu zədədən 8-9 ay sonra 1996-cı ildə yenə çempion oldum.
- Platin taxılmış bir qolun elə ağır çəkiləri qaldırması çətin və riskli deyildi?
- Bu zədə 2002-ci ildə təkrarlandı və qolumdakı platin qırıldı, yenidən əməliyyat olundum. Toparlanmaq çətin oldu, 2004-cü ildə əməliyyatlara görə qolumdakı sinir toxumaları zərər görmüşdü. Hələ də o qolumda hissiyyat problemi var və keyləşmə davam edir.
Xeyli müddət müalicə olundum. Həkimlər “yarışlarda iştirak edə bilərsən, amma əvvəlki vəziyyətə düşməsi çox çətin olacaq" dedilər. Problemin ciddi olduğunun fərqində idim. Amma yarışlarda iştirak etmək istəyirdim. Qələbə qazanmaq ehtirası gözümü tutmuşdu. İndi fikirləşirəm ki, hər şeydən əvvəl insanın sağlamlığıdır.
- Naim Süleymanoğlu, Hafiz Süleymanoğlu kimi idmançılarla müqayisə edilmək istədinizmi? Yəni idmanda onlarla baş-başa gələ biləcəyinizi düşündünüzmü?
- Onlar mənim üçün böyük idmançılar idi. mən onların yanında böyüdüm, inkişaf etdim. O illərdə onlarla yarışmağı xəyal da edə bilməzdim. Onlardan nümunə götürərək, öz üzərimdə çalışdım. İllər sonra eyni komandada yer aldıq, lakin çəkilərimiz fərqli idi.
- Təbii ki, böyüklərə hörmət etmək lazımdır. Amma hər idmançının çata bilmək istədiyi zirvə var. O idmançılar da ağır atletikada müəyyən zirvəyə ucalıblar. O zirvəyə çatmaq, onların rekordunu qırmaq üçün çalışmadızmı?
- Əlbəttə çox çalışdım, xəyal etdim. Amma onlar çox fərqli, yüksək səviyyəli idmançılardır. Fərqli üstün qabiliyyətlərə malikdirlər. Məncə idmançı öz yerini, karyerasını bilməlidir. Özündən uğurlu insanlar kimi ola bilməyəndə onların uğurlarına hörmət göstərməlidir.
- Rekordlar qırdım dediniz. Bəs sizin rekordları qıranlar oldumu?
- Ulduzların Avropa çempionatında qeydə alınan rekordları (54, 59, 64 kq-da) uzun illər heç kim qıra bilmədi. Daha sonra çəkilər dəyişdi və elə bir kateqoriya tarix oldu.
- Türkiyəli idmançıların keçmiş prezident Turqut Özalla görüşü olub. Siz də görüşmüsüz?
- Bəli, görüşmək nəsib oldu. Böyük insan idi, idmanı çox sevir, dəstəkləyirdi. Türkiyədə idman onun sayəsində inkişaf etdi, çox irəlilədi. Yarışlarda uğurlu idmançıları yanına çağırıb mükafatlandırırdı. Türkiyə idmanı ona minnətdar olmalıdır.
- Onunla görüşünüzdən yadda qalan maraqlı hadisə olubmu?
- Mən kiçik yaşdaydım. Bir dəfə yeni ildə bəzi idmançıları prezident iqamətgahına yığıncağa dəvət etmişdi. Mən də getmişdim. Turqut Özalın və xanımının əlini öpdüm, məndən xoşları gəldi. Başımı sığallayıb, gələcəkdə məndən böyük uğurlar gözlədiklərini və nə vaxt lazım olsa, dəstəkləyəcəklərini söylədilər. Həm də mənim yaxama qızıl taxdılar. Onların mehribançılığı çox xoşuma gəlmişdi.
- Dopinq problemi yaşamısız?
- Şükürlər olsun ki, karyeramda dopinqlə bağlı problemim olmayıb.
SSRİ-nin vətən xaini olmaqda günahlandırdığı Hafiz Süleymanovla dostluğu
- Hafiz Süleymanoğlu ilə ilk tanışlığınız necə oldu?
- Hafiz qardaşın Türkiyədə uğurlu bir idmançı karyerası olub. Milli komandada onları izləyərək həmişə özümə nümunə sayırdım, onlar kimi olmaq istəyirdim.
O, yaxşı idmançı olmaqla yanaşı, həm də yaxşı insandır. Mənə həmişə kömək olub. 1996-cı ildə olimpiya təlim-məşq toplanışından sonra 1997-ci, 1998-ci və 1999-cu illərdəki yarışlara hazırlıq zamanı onunla eyni otaqda qalırdıq. Ailəvi görüşürdük, gediş-gəlişimiz var idi. Mənə hər zaman qardaşlıq edib.
- Bilirsiniz ki, o, ölkədən getdiyi zamanlar hətta vətən xaini belə elan edilmişdi. Maraqlıdır, ölkəsindən mühacir olmuş idmançılarla Türkiyənin yerli idmançıları arasında münasibət necə idi?
- Onun gəldiyi illərdə Bolqarıstandan Türkiyəyə çox idmançı gəlmişdi. Türkiyə beynəlxalq arenada çətinliklə uğur qazanırdı. Ağır atletika onların gəlişindən sonra Türkiyədə çox inkişaf etdi. Hər şey dəyişdi.
Bir məqamı xatırladım ki, rəhmətlik Turqut Özal məşq proqramları, idmançıların həyatı, idmançıya verilən dəyər, mükafatlarla şəxsən maraqlanırdı. Mühacirlər Türkiyədə təzyiqlərə məruz qalmadılar, onlara tez sahibləndilər. Çünki onlar da türk soyundan, bizdən biri idilər. Bizim üçün yad deyildilər.
O zamanlar bir də Türkiyəyə Azərbaycandan indiki "Zirvə" idman klubunun rəhbəri cənab Tofiq Heydərov və Asif Məlikov da gəlmişdi. Onlarla çox yaxşı dostluğum oldu, hər ikisinə də kömək etməyə çalışdım, amma ölkəmizə transferləri alınmadı.
- 2007-ci ildə karyeranızı bitirmək məcburiyyətində qaldınız. Davam etmək mümkün deyildi?
- Əslində davam etməyi çox istəyirdim, lakin zədəyə görə idmanı buraxmaq məcburiyyətində qaldım. O cür qələbələrdən sonra yarışlarda uğursuz olmaq mənə çox çətin gəldiyi üçün karyeramı bitirdim.
Davamı var…
Aygün İlqarqızı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”