Populyarlıqda təmsil etdiyi şəhərləri üstələyən klublar
Bizi izləyin

İdman

Populyarlıqda təmsil etdiyi şəhərləri üstələyən klublar

Futbol azarkeşinə sual versən ki, Hoffenhaym nədir, o dəqiqə ağlına futbol klubu gələcək. 100 nəfərdən yarısı bəlkə də belə bir yer adı eşitməyib. Qınamalı deyil. Hər şeydən xəbərdar olmaq üstünlükdür. Amma hamı xəritəni əzbər bilməyə borclu deyil. Belə təzadlı məqamlar çoxdu.

Publika.az populyarlığına görə təmsil etdiyi yeri üstələyən klubları təqdim edir.

Hoffenhaym

Klub: Bu komanda Bundesliqada oynamağa başlayandan sonra populyarlaşdı. Həm də bir müddət turnir cədvəlinə başçılıq etməklə. Maraqlı komandadır, maraqlı futbol oynayır. Bundesliqa tarixində ən axmaq qollardan birini buraxmaqla da yadda qalıb. Ötən mövsümün birinci dövrəsində “Hoffenhaym” - “Bayer” matçında (1:2) qonaqların hücumçusu Ştefan Kisslinq fantom-qol (top qapıya çöldən daxil olsa da, hakim saymışdı) vurmuşdu.

Şəhər. 1972-ci ildə kənd statusu alan Hoffenhaymın 3000 əhalisi olsa da, komandanın ev oyunlarını keçirdiyi stadionun tamaşaçı tutumu 30150 nəfərlikdir.

Liverpul

Klub. İngiltərənin ən titullu klublarından olan “Liverpul” futbol dünyasına 2005-ci ildə fantastik Çempionlar Liqası finalı bəxş etdi. Cerrard və oyundaşları “Milan”la İstanbuldakı matçda hesabda 0:3 geridə olmasına baxmayaraq, möhtəşəm “kambek” edərək (3:3) penalti seriyasında kuboku qazandı. Bu klubun populyarlığını sözlə ifadə etmək artıq işdir.

Şəhər. “Liverpul” eyniadlı şəhəri təmsil edir. Amma populyarlığa görə şəhəri klubla müqayisə etmək yersizdir. “Liverpul” klubu ilə bu mənada yalnız şəhəri təmsil edən “Bitlz” rok qrupu rəqabət apara bilər. Əgər qrup üzvləri vaxtında özünə “Liverpul” adını götürsəydi, onda futbol klubu bu istedadlı oğlanların kölgəsində qalacaqdı. Amma...

Sautqempton

Klub. Bu ötən mövsümkü çıxışıyla populyarlığın zirvəsinə qalxdı. Klub tarixində ən bahalı transferlər də məhz ötən il reallaşdı: Lük Şou (31 milyon funt), Adam Lallana (25), Deyan Lovren (20) və Kalum Çambers (16) onları yetişdirən kluba xeyir verərək getdilər.

Şəhər. Şəhər məşhurluqda açıq-aşkar klubdan geri qalır. Amma bir maraqlı fakt var ki, bəlkə də bunu çoxları bilmir, ya da fikir verməyib. Başıbəlalı “Titanik” gəmisi 1912-ci ildə ilk və son səfərinə məhz Sautqemptondan yola düşmüşdü.

Xetafe

Klub. İki dəfə İspaniya kubokunun final həyəcanını yaşasa da, əli titula çatmayıb. Dolayısıyla, bu komandada oynayan futbolçular hələ ki, titulsuzdur. Yalnız qapıçı Abbondansyeri fərqlənib. 2006/07 mövsümündə o, “Marka” nəşrinin sorğusunda ən etibarlı qolkiper seçilmişdi.

Şəhər. Xetafe şəhərinin əhalisinin sayı 170 minə yaxındır. Burada 6 idman kompleksi, üç şəhər hovuzu, bir konservatoriya, 1 mədəniyyət mərkəzi və beş şəhər kitabxanası var. Bundan başqa, Xetafe ərazisində ilk ispan aviabazalarından biri yerləşir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm