İdman
35 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
“Real Madrid” müdafiə xəttini gücləndirdikdən sonra hələ nəfəs almağa macal tapmamış zədə kabusu yenidən Valdebebasın qapısını döyməyə başlayıb.
Publika.az xəbər verir ki, klubun müdafiənin mərkəzini gücləndirmək üçün bu yay heyətinə qatdığı İbrahima Konate Fransa millisinin düşərgəsindən sağ dizində yüngül burxulma ilə qayıdıb və son illərdə komandanın müdafiəçilərini təqib edən zədələr silsiləsinin sonuncu qurbanına çevrilib.
Konatenin zədəsi hazırda ciddi görünməsə də, onun başvermə vaxtı “Real Madrid” daxilində narahatlıq yaradıb. Çünki klub onu məhz zədələr səbəbindən daha da dərinləşən xroniki müdafiə böhranını aradan qaldırmaq üçün transfer etmişdi.
“Real Madrid”in müdafiənin mərkəzində onsuz da ciddi itkiləri var idi. David Alaba uzunmüddətli zədə mübarizəsindən sonra klubdan ayrılıb, Eder Militao mövsümə normal başlaya bilməyib, Antonio Rüdiger isə fiziki vəziyyətinə görə xüsusi nəzarət tələb edib.
Məhz buna görə klub son iki transfer pəncərəsində Din Heysen və Konateni heyətinə qataraq, həmçinin gənc Raul Asensionu əsas komandaya yüksəldib və zaman-zaman müdafiənin mərkəzində Orelyen Tçuameniyə güvənərək bu mövqeni gücləndirməyə çalışıb.
Lakin müdafiənin mərkəzindəki “lənət” sona çatmayıb. Joze Mourinyonun rəhbərliyi altında mövsümün əvvəlindən “Real Madrid”i vuran səkkiz zədədən dördü müdafiənin mərkəzi mövqeyində baş verib. Bunlardan ikisi Asensionun, biri Heysenin, biri isə Konatenin payına düşüb.
Rəqəmlər “Real Madrid”in son üç mövsümdə üzləşdiyi problemin miqyasını göstərir. Bu müddətdə komandanın heyətində yer alan yeddi müdafiəçi ümumilikdə 35 zədə keçirib və nəticədə 1701 gün meydandan kənarda qalıb.
Diqqətçəkən məqam odur ki, böhran bu mövsümün əvvəlində də davam edib. Artıq üç müdafiəçi fiziki problemlə üzləşib: Asensio, Heysen və Konate. Bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Militao və Alaba: böhranın ən ağır tərəfi
Eder Militao ən çox narahatlıq doğuran futbolçu olaraq qalır. Braziliyalı müdafiəçi səkkiz zədə keçirib, bu səbəbdən 700 gün meydandan kənarda qalıb və son üç mövsümdə 179 oyunun yalnız 52-də meydana çıxıb.
Militao bu mövsümə ötən apreldə keçirdiyi uzunmüddətli zədədən sonra bərpa prosesində başlayıb. Halbuki Serxio Ramos və Rafael Varanın ayrılmasından sonra onun müdafiə xəttinə rəhbərlik etməsi gözlənilirdi.
David Alabanın isə səkkiz zədəsi olub və o, ümumilikdə 607 gün meydandan kənarda qalıb. Həmin dövrdə klubdan ayrılana qədər 179 oyunun yalnız 47-də iştirak edib.
Rüdiger və Heysen: siyahı uzanır
Antonio Rüdiger komanda yoldaşlarının uzunmüddətli yoxluğunun yükünü daşıyıb, lakin özü də zədələrdən yan keçə bilməyib. O, beş zədə keçirib və 195 gün meydandan kənarda qalıb. Son üç mövsümdə 179 oyunun 129-da forma geyinib.
Heysen isə “Real Madrid”dəki ilk mövsümündə beş fiziki problemlə üzləşib və 69 gün komandasına kömək edə bilməyib. Ötən mövsüm 56 oyunun 40-da meydana çıxıb.
Asensio da zədələrdən əziyyət çəkib. O, ötən mövsüm üç fiziki problem yaşayıb və bu səbəbdən 31 gün meydandan kənarda qalıb. Ardınca cari mövsümə onu 44 gün futboldan uzaq saxlayan iki zədə ilə başlayıb.
Naço və Valyexo: köhnə qurbanlar
Zədələrdən əziyyət çəkən müdafiəçilər siyahısında “Real Madrid”dən ayrılmış Naço və Valyexo da yer alır. Naço klubdakı son mövsümündə iki zədə keçirib və 23 gün meydandan kənarda qalıb. Valyexo isə 2024/25 mövsümündə dörd zədə yaşayıb və nəticədə 76 gün oynaya bilməyib.
Beləliklə, “Real Madrid” müdafiənin mərkəzində təkrarlanan böhranla üz-üzədir. Konate komandaya sabitlik gətirmək məqsədilə transfer edilmişdi, lakin qısa müddət sonra özünü zədəlilər siyahısında tapıb. Bu isə son illərdə kluba baha başa gələn müdafiənin mərkəzindəki problemin davam edəcəyi ilə bağlı narahatlığı yenidən artırıb.
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava































