“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
Bizi izləyin

İdman

“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?

“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?

Türkiyə millisinin və “Yuventus”un gənc ulduzu Kenan Yıldızın “Bayern Münhen”dən ayrılmasının səbəbləri ilə bağlı yeni açıqlama verilib.

Publika.az xəbər verir ki, 17 yaşında ikən Almaniya klubunu azad agent kimi tərk edən Yıldız 2022-ci ildə “Yuventus”a keçib. Regensburqda doğulan futbolçu “Bayern” akademiyasında 11 il yetişdikdən sonra İtaliya klubunda əsas komandaya qədər yüksəlib və hazırda komandanın aparıcı oyunçularından biri hesab olunur.

“Bayern Münhen” akademiyasının inkişaf direktoru Jochen Sauer Yıldızın niyə klubda saxlanılmadığını açıqlayıb. O bildirib ki, həmin vaxt Yıldızla eyni yaş qrupunda Paul Wanner və Arijon İbrahimoviç kimi istedadlı futbolçular da olub.

Sauerin sözlərinə görə, klubun əsas komandasında eyni vaxtda 17 yaşlı üç hücumçunun məşq etməsinə imkan yox idi. Bundan başqa, “Bayern” artıq 2005-ci il təvəllüdlü Mathys Telin transferini də planlaşdırırdı.

“Yuventus” isə Yıldıza əsas komanda ilə daimi məşq etmək imkanı vəd edib. Sauer bildirib ki, “Bayern” həmin vaxt gənc futbolçuya belə bir imkan təqdim edə bilmədiyi üçün onun İtaliyaya getməsi özü baxımından düzgün qərar olub.

Yıldızın ardınca Wanner və İbrahimoviç də “Bayern”in əsas komandasında debüt ediblər. Lakin onların karyerası Yıldız kimi sürətli inkişaf etməyib. Wanner bir neçə icarə dövründən sonra 2025-ci ildə 15 milyon avroya PSV-yə transfer olunub. İbrahimoviç isə hazırda “Auqsburq”da icarə əsasında çıxış edir.

Mathys Tel isə 2022-ci ilin yayında “Renn”dən 20 milyon avroya “Bayern”ə keçib. Fransalı hücumçu əsas komandada uzun müddət ikinci planda qaldıqdan sonra 2025-ci ilin əvvəlində “Tottenhem”ə transfer olunub.

Hazırda zədə səbəbindən meydana çıxa bilməyən 21 yaşlı Kenan Yıldız “Yuventus”un və Türkiyə millisinin əsas heyətində özünə möhkəm yer tutub. Onun adı son dövrlərdə “Real Madrid”lə də hallanıb.

Sauer hesab edir ki, Yıldızın “Bayern”dən pulsuz ayrılması klub üçün müəyyən mənada dərs olub. Onun sözlərinə görə, bu hadisə akademiyadan əsas komandaya keçid mexanizminin təkmilləşdirilməsinə kömək edib.

Klub rəsmisi bildirib ki, daha əvvəl Angelo Stillerin də 2021-ci ildə “Hoffenhaym”a azad agent kimi keçməsi bu məsələnin müzakirəsinə səbəb olmuşdu. Stiller və Yıldızın sonrakı inkişafı isə akademiyada yetişən futbolçuların əsas komandaya daha sürətli inteqrasiyasının vacibliyini göstərib.

Sauer vurğulayıb ki, akademiyada böyük zəhmətlə yetişdirilən futbolçuların sonradan həm idman, həm də maliyyə baxımından klub üçün fayda yaratmaması “Bayern” üçün qəbuledilməz vəziyyətdir.

Son illərdə Aleksandar Pavloviç və Lennart Karl kimi akademiya yetirmələri əsas komandada özlərini təsdiqləyiblər. Bundan başqa, ötən mövsüm Vinsent Kompaninin rəhbərliyi altında bir sıra gənc futbolçular da “Bayern”in əsas komandasında debüt etmək şansı qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm