Flikin bir telefon zəngi onun “Barselona”dan ayrılmasına mane oldu
Bizi izləyin

İdman

Flikin bir telefon zəngi onun “Barselona”dan ayrılmasına mane oldu

Flikin bir telefon zəngi onun “Barselona”dan ayrılmasına mane oldu

“Barselona”nın braziliyalı ulduzu Rafinya bir vaxtlar klubdan ayrılmaq qərarına gəldiyini, lakin baş məşqçi Hansi Flikin onunla söhbətindən sonra fikrini dəyişdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Sport” nəşri futbolçunun “The Guardian”a verdiyi müsahibəyə istinadən məlumat yayıb.

Rafinyanın sözlərinə görə, həmin vaxt özünü klubda yetərincə qiymətləndirilməyən futbolçu hesab edir və özünə inamını itirmişdi. O, “Barselona”dakı karyerasının başa çatdığına inanırdı.

“Getməli olduğumu bilirdim. Qərarımı artıq özüm üçün vermişdim”, – braziliyalı futbolçu həmin dövrü xatırlayarkən deyib.

Vəziyyət Hansi Flikin onunla əlaqə saxlamasından sonra dəyişib. Almaniyalı mütəxəssis Rafinyadan heç bir qərar verməzdən əvvəl onunla danışmasını istəyib və futbolçuya komandada ona güvəndiyini, vacib oyunçulardan birinə çevriləcəyini bildirib.

Rafinya bu söhbətin onun düşüncəsinə ciddi təsir etdiyini vurğulayıb: “Flik mənim düşüncə tərzimi dəyişdi, şəxsiyyətimə də təsir etdi. Bəzən bir neçə söz insanı tamamilə dəyişə bilər”.

Kapitanlıq sarğısı ona yeni motivasiya verib

Braziliyalı futbolçunun dəyişimi komanda yoldaşlarının ona münasibətində də özünü göstərib. “Barselona”nın futbolçuları onu kapitan seçdikdən sonra Rafinya komanda daxilində özünə daha çox güvənməyə başlayıb.

“Başqalarının məndə özümün belə kəşf etmədiyim xüsusiyyətləri gördüyünü anladım. Bu, sanki bir düyməyə basmaq kimi idi”, – o bildirib.

Rafinya kapitanlıq sarğısının onun üçün sadəcə simvol olmadığını, həm də böyük məsuliyyət və şərəf daşıdığını qeyd edib. O, xüsusilə gənc futbolçulara dəstək olmağa çalışır və onların çətin anlarda düzgün istiqamətə yönəldilməsinin vacibliyini vurğulayır.

Gənc futbolçulara dəstək olur

Rafinya komanda yoldaşı Lamin Yamalın diqqətinin yayındığını və ya oyundan emosional baxımdan uzaqlaşdığını hiss etdikdə ona kömək etməyə çalışdığını deyib. Braziliyalı futbolçu hesab edir ki, gənclər həm səhvlərini göstərən, həm də onlara anlayışla yanaşan insanlara ehtiyac duyurlar.

“Bəzən onlara ata kimi yanaşmaq lazımdır, çünki onlar hələ uşaqdırlar. Amma danlayanda bunun onların yaxşılığı üçün edildiyini anlayırlar”, – Rafinya əlavə edib.

Qeyd edək ki, Rafinyanın “Barselona”dakı dönüşü onun meydandakı göstəricilərində də əksini tapıb. Mənbənin məlumatına görə, braziliyalı futbolçu cari mövsümdə komandanın keçirdiyi səkkiz oyunda 14 qol vurub və üç məhsuldar ötürmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm