2030-cu il finalı uğrunda mübarizə qızışır - Kim qalib gələcək?
Bizi izləyin

İdman

2030-cu il finalı uğrunda mübarizə qızışır - Kim qalib gələcək?

2030-cu il finalı uğrunda mübarizə qızışır - Kim qalib gələcək?

2030-cu il futbol üzrə dünya çempionatının final matçına ev sahibliyi etmək uğrunda İspaniya və Mərakeş arasında rəqabət getdikcə kəskinləşir. Məsələ artıq təkcə idman müstəvisində qalmayıb, İspaniyada siyasi müzakirələrin də əsas mövzularından birinə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Xatırladaq ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşin birgə təşkilatçılığı ilə keçiriləcək. Lakin turnirin final qarşılaşmasının hansı ölkədə baş tutacağı hələ müəyyənləşməyib.

Mərakeş finalı Kasablankada yerləşən II Həsən stadionunda keçirməyə iddialıdır. Tutumu təxminən 115 min nəfər nəzərdə tutulan arenanın 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır. İspaniya isə final üçün “Santyaqo Bernabeu” və yenilənmiş “Kamp Nou” kimi stadionlarını önə çəkir.

FIFA ötən ilin sentyabrında finalın keçiriləcəyi məkanla bağlı qərarın münasib vaxtda veriləcəyini açıqlayıb. Qurumun nümayəndələri namizəd şəhərlərin turnirə hazırlıq səviyyəsini qiymətləndirmək üçün İspaniya, Portuqaliya və Mərakeşə səfərlərə də başlayıblar.

İspaniya finalı öz ərazisində görmək istəyir

İspaniya Futbol Federasiyasının prezidenti Rafael Luzan ölkəsinin finala ev sahibliyi etmək üçün bütün imkanlarını səfərbər etdiyini bildirib. Onun fikrincə, həlledici qarşılaşmanın İspaniyada keçirilməsi məntiqli seçimdir.

La Liqanın prezidenti Xavyer Tebas da bu məsələdə Mərakeşin mövqeyinə etiraz edib. O, Mərakeş Futbol Federasiyasının rəhbəri Fövzi Ləqcanın finalın Kasablankada keçiriləcəyinə dair açıqlamasını tənqid edərək FIFA-nın sonradan bu məlumatı təkzib etməsinə diqqət çəkib.

İspaniyada məsələ siyasi müstəviyə də keçib. Müxalifətdəki Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo FIFA finalın Mərakeşə verilməsinə qərar çıxararsa, İspaniyanın dünya çempionatının təşkilindən imtina etməli olduğunu bildirib.

Feyxoo açıq şəkildə bəyan edib ki, final İspaniyada keçirilməyəcəksə, ölkənin turnirin təşkilində iştirak etməsi məqsədəuyğun deyil. Baş nazir Pedro Sançes isə daha əvvəl finalın İspaniyada keçirilməsi üçün çalışdıqlarını açıqlamışdı.

Mərakeş geri çəkilmək niyyətində deyil

Mərakeş də finala ev sahibliyi etmək iddiasından geri çəkilmir. Ölkənin futbol federasiyasının prezidenti Fövzi Ləqca daha əvvəl Bensliman bölgəsində inşa edilən II Həsən stadionunun final qarşılaşmasını qəbul edəcəyinə ümid etdiyini bildirmişdi.

Mərakeş tərəfi hesab edir ki, birgə təşkilatçılıq edən ölkələrdən heç biri tarixi üstünlüyünü və təşkilatçılıq təcrübəsini digərlərinə qarşı üstünlük vasitəsinə çevirməməlidir. Rabat finala ev sahibliyi məsələsində bərabər imkanların təmin olunmasını tələb edir.

Mərakeş mətbuatının yazdığına görə, Ləqca 2030-cu il dünya çempionatına hazırlıqlara daha çox vaxt ayırmaq üçün Afrika Futbol Konfederasiyasındakı bəzi vəzifələrindən imtina etməyi də nəzərdən keçirir. Onun CAF-ın Maliyyə Komitəsinin rəhbərliyindən ayrılmaq niyyətində olduğu bildirilir.

Beləliklə, finalın keçiriləcəyi stadionla bağlı qərar verilməsə də, tərəflərin mövqeləri getdikcə sərtləşir. FIFA-nın yekun seçimi həm idman, həm də siyasi baxımdan böyük maraq doğuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm