Avropanı fəth edən, Cerrardı heyran qoyan və Xaviyə ilham verən futbol dahisi
Bizi izləyin

İdman

Avropanı fəth edən, Cerrardı heyran qoyan və Xaviyə ilham verən futbol dahisi

Avropanı fəth edən, Cerrardı heyran qoyan və Xaviyə ilham verən futbol dahisi

Finlandiya futbolunun ən böyük simalarından biri olan Jari Litmanen 1995-ci ildə “Ayaks”la Çempionlar Liqasının qalibi olmaqla adını Avropa futbolunun tarixinə yazdırıb. Karyerası ərzində “Barselona”, “Liverpul” və “Fulhem” kimi klublarda çıxış edən əfsanəvi futbolçu təkcə meydandakı oyunu ilə deyil, özündən sonra gələn ulduzlara təsiri ilə də yadda qalıb.

Publika.az xəbər verir ki, “Goal” nəşri finlandiyalı futbolçunun karyerası, qazandığı uğurlar və dünya futbolunun tanınmış simalarına təsiri barədə geniş yazı dərc edib.

Litmanenin istedadı hələ yeniyetmə yaşlarından diqqət çəkib. 16 yaşında Finlandiyanın “Reipas” klubunda debüt edən futbolçu 19 yaşında ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Onun çıxışı hətta “Barselona”nın o vaxtkı baş məşqçisi Yohan Kroyfun da diqqətini cəlb edib. Kroyfun dəvəti ilə Litmanen bir müddət kataloniyalıların əsas komandası ilə məşq etmək imkanı qazanıb.

Lakin onun Avropa səviyyəsində parlaması “Ayaks”da baş tutub. 1992-ci ildə Niderland klubuna qoşulan Litmanen əvvəlcə əsas heyətə düşməkdə çətinlik çəksə də, sonradan baş məşqçi Lui van Qaalın sistemində əvəzolunmaz fiqura çevrilib. Dennis Berqkampın “İnter”ə transferindən sonra 10 nömrəli mövqedə əsas seçim olan finlandiyalı futbolçu Ronald de Bur, Klarens Zedorf, Edqar Davids və Mark Overmars kimi ulduzlarla birlikdə çıxış edib.

Litmanen 1993-1994-cü il mövsümündə Niderland çempionatında 26 qol vuraraq bombardir olub. Növbəti mövsümdə isə “Ayaks”ın Avropadakı uğurlarının əsas memarlarından birinə çevrilib. Amsterdam təmsilçisi 1994-1995-ci illər mövsümündə Çempionlar Liqasının finalında “Milan”ı Patrik Klyuyvertin qolu ilə məğlub edərək kuboku qazanıb.

Finlandiyalı futbolçu növbəti mövsümdə də yüksək səviyyəli oyununu davam etdirib. O, 1995-1996-cı illər Çempionlar Liqasında 9 qolla turnirin bombardiri olub. “Ayaks” yenidən finala yüksəlsə də, bu dəfə penaltilər seriyasında “Yuventus”a uduzub.

1999-cu ildə “Barselona”ya keçən Litmanen burada gözlənilən uğuru qazana bilməyib. Davamlı zədələr onun oyun imkanlarını məhdudlaşdırıb və əsas heyətdə möhkəmlənməsinə mane olub. 2001-ci ildə isə “Liverpul”a transfer olunub. İngiltərə klubunda da zədələr səbəbindən müntəzəm oynaya bilməsə də, komanda yoldaşlarının böyük hörmətini qazanıb.

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard Litmaneni ilk dəfə məşqdə görəndə onun oyun düşüncəsinə heyran qaldığını bildirib. Cerrard finlandiyalı futbolçunu şahmat üzrə böyük ustaya bənzədərək, onun meydanda bir neçə gediş sonranı əvvəlcədən hesablaya bildiyini vurğulayıb.

Ceymi Karrager də Litmanenin futbol bacarığını yüksək qiymətləndirib. Almaniyalı sabiq yarımmüdafiəçi Ditmar Hamann isə onu texniki keyfiyyətlərinə və oyun görüşünə görə birlikdə oynadığı ən yaxşı futbolçulardan biri hesab edib.

Litmanenin təsiri bununla da məhdudlaşmayıb. “Barselona”da gənc Xavi onun peşəkarlığından, məşqlərə münasibətindən və taktiki biliklərindən bəhrələndiyini söyləyib. Zlatan İbrahimoviç də “Ayaks”da birlikdə oynadıqları dövrdə finlandiyalı futbolçunun ona yol göstərdiyini və inkişafına kömək etdiyini etiraf edib.

Karyerası ərzində zədələrlə mübarizə aparan Litmanen Finlandiya, Niderland, İspaniya və İngiltərədə müxtəlif klublarda çıxış edib. 2011-ci ildə 40 yaşında futboldan uzaqlaşsa da, 2026-cı ilin iyulunda, 55 yaşında Estoniyanın “Kalev Tallinn” klubunun üçüncü komandasında meydana qayıdıb. O, 4:2 hesabı ilə başa çatan matçda meydana sonradan daxil olaraq oğlu Karo ilə eyni komandada oynayıb.

Beləliklə, bir vaxtlar Avropanın ən güclü hücumameyilli yarımmüdafiəçilərindən sayılan Litmanen yaşından asılı olmayaraq futbola bağlılığını qoruyub saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm