Raul xaosun mərkəzində: “Real Madrid” əfsanəsini çətin sınaq gözləyir
Bizi izləyin

İdman

Raul xaosun mərkəzində: “Real Madrid” əfsanəsini çətin sınaq gözləyir

Raul xaosun mərkəzində: “Real Madrid” əfsanəsini çətin sınaq gözləyir

“Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonsales məşqçilik karyerasının peşəkar səviyyəsində ilk ciddi sınaqlarından biri ilə üzləşib. O, “Real Oviedo”nun baş məşqçisi kimi komandanı yalnız idman nəticələri baxımından deyil, klub daxilindəki gərgin münasibətlər və azarkeş narazılığı fonunda da idarə etməli olacaq.

Publika.az xəbər verir ki, İspaniyanın “Marca” nəşri Raulun qarşılaşacağı çətinliklər barədə geniş yazı dərc edib.

Nəşrin məlumatına görə, “Real Oviedo” hazırda turnir cədvəlində ümidsiz vəziyyətdə deyil. Komanda pley-off zonasından cəmi bir qələbə, birbaşa yüksəliş mövqeyindən isə iki qələbə geridədir. Buna görə də yeni baş məşqçinin əsas problemi yalnız nəticələri yaxşılaşdırmaq olmayacaq.

Əsas çətinliklərdən biri klub rəhbərliyi ilə azarkeşlər arasındakı münasibətlərin gərginliyidir. “Grupo Pachuca” klubun idarəçiliyinə qoşulduqdan sonra baş məşqçi postunda tez-tez dəyişikliklər edilib. Alvaro Servera, Luis Karrion, Xavi Kalexa, Velko Paunoviç, Gilyermo Almada və Xulian Kalero kimi mütəxəssislərin komandaya rəhbərlik etməsi gözlənilən sabitliyi təmin etməyib.

Xüsusilə təxminən 13 ay əvvəl Paunoviçin vəzifəsindən uzaqlaşdırılması azarkeşlərin ciddi narazılığına səbəb olub. Həmin vaxt komanda ikinci liqada aşağı sıralarda qərarlaşsa da, düşmə zonasından kənarda idi. Rəhbərliyin yenidən Luis Karriona üstünlük verməsi tribunalarla klub rəhbərliyi arasındakı münasibətləri daha da gərginləşdirib.

Raulun qarşısında başqa bir problem də azarkeşlərin ona münasibətidir. “Real Madrid” əfsanəsinin təyinatı tərəfdarlar arasında birmənalı qarşılanmaya bilər. Belə ki, “Real Oviedo” azarkeşlərinin bir qismi “Barselona”ya simpatiya bəsləyir və Raulun Madrid klubu ilə bağlı keçmişi onların münasibətinə təsir göstərə bilər.

İdman baxımından isə komandanın hücum xəttində problemlər diqqət çəkir. Xüsusilə qol imkanlarını reallaşdırmaqda çətinlik çəkən “Real Oviedo”nun məhsuldar hücumçuya ehtiyacı var. Karlos Fernandesin komandaya qayıdışı gözlənilsə də, Kris Ramosun uzunmüddətli zədəsi ciddi itki hesab olunur. Müdafiəçi Dani Kalvonun durumu da hələ dəqiqləşməyib.

Qış transfer pəncərəsi Raul üçün heyəti gücləndirmək baxımından mühüm fürsət ola bilər. Yeni baş məşqçi rəhbərliyi komandanın ehtiyacları ilə bağlı inandırmalı və öz oyun fəlsəfəsini tətbiq etmək üçün lazımi futbolçuların transferinə nail olmalıdır.

Maraqlıdır ki, Raulun təyinatı təxminən on il əvvəl “Real Oviedo”ya rəhbərlik etmiş yaxın dostu Fernando İyerronun da xatırlanmasına səbəb olub. İyerro həmin vaxt komandanı yüksək liqaya çıxara bilməsə də, müsbət təəssürat yaratmışdı.

Beləliklə, Raul üçün əsas məsələ təkcə “Real Oviedo”nu qələbələrə qaytarmaq deyil. O, eyni zamanda azarkeşlərin etimadını qazanmalı, klubdaxili gərginliyi azaltmalı və rəhbərliyi uzunmüddətli layihəsinin uğurlu olacağına inandırmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm