Final uğrunda siyasi savaş - İspaniya geri çəkilmək istəmir
Bizi izləyin

İdman

Final uğrunda siyasi savaş - İspaniya geri çəkilmək istəmir

Final uğrunda siyasi savaş - İspaniya geri çəkilmək istəmir

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final qarşılaşmasının harada təşkil olunacağı ilə bağlı İspaniya və Mərakeş arasında müzakirələr yenidən gündəmə gəlib. İspaniyanın baş naziri Pedro Sançesin açıqlamaları bu məsələ ətrafında mübahisələri daha da artırıb.

Publika.az xəbər verir ki, Sançes “La Septima” radiosuna müsahibəsində İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcəyi mundialla bağlı danışıb.

Baş nazir turnirin təşkili ideyasının ilkin olaraq İspaniya və Portuqaliyadan gəldiyini, daha sonra bu təşəbbüsə Mərakeşin də qoşulduğunu bildirib. O, İspaniyanın çempionat ərzində digər ev sahibi ölkələrlə müqayisədə daha çox qarşılaşmaya ev sahibliyi edəcəyini vurğulayıb.

Sançes İspaniya azarkeşlərinə müraciət edərək ölkəsinin mundialda əsas paya sahib olacağını ifadə edib. O, 2010-cu ildə Cənubi Afrikada, 2026-cı ildə isə ABŞ-da dünya çempionluğu qazanan İspaniya millisinin 2030-cu ildə də öz ölkəsində eyni uğuru təkrarlamasını arzuladığını deyib.

Bununla belə, mübahisələrin əsas mövzusu mundialın final matçının keçiriləcəyi stadiondur. İspaniya Kral Futbol Federasiyasında həlledici qarşılaşmanın Mərakeşdə təşkil oluna biləcəyi ilə bağlı narahatlıqların artdığı bildirilir.

“COPE” radiosunun “El Partidazo” proqramında səsləndirilən məlumatlara görə, ABŞ prezidenti Donald Trampın mümkün təsirinin finalın seçiminə təsir göstərə biləcəyi iddia olunur.

İspaniyanın Xalq Partiyasının lideri Alberto Nunes Feyxoo isə FIFA finalı İspaniyaya verməyəcəyi təqdirdə ölkənin mundiala ev sahibliyindən imtina etməsi təklifini seçki kampaniyası zamanı gündəmə gətirməyi nəzərdən keçirir.

Lakin İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Luzan bu ehtimala qarşı çıxıb. O, ölkəsinin turnirin təşkili ilə bağlı digər ev sahibi dövlətlər, FIFA və hökumətlə rəsmi razılaşmalar imzaladığını xatırladaraq, mundialdan imtina məsələsinin gündəmdə olmadığını bildirib.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin yüzilliyi münasibətilə Argentina, Uruqvay və Paraqvayda da bir sıra yubiley oyunlarının təşkili nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm