İdmançılarımız Xocalı şəhidlərini necə yad etdi? – VİDEO+FOTO
Bizi izləyin

İdman

İdmançılarımız Xocalı şəhidlərini necə yad etdi? – VİDEO+FOTO

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Bir sözlə damarında azərbaycanlı qanı axan hər kəs bacardığı qədər bu faciəni yad edir, təbliğ etməyə çalışır.

Publika.az xəbər verir ki, bu gün idmançılarımız da Xocalı soyqırımını anıblar. İdman adamlarının bu gün faciəni necə yad etdiklərini araşdırdıq. Xocalı soyqırımı ilə bağlı sosial şəbəkələrdə paylaşılanları da diqqətinizə çatdırırıq.

Dəfələrlə “K1” üzrə beynəlxalq turnirlərin qalibi olmuş Zabit Səmədov Azərbaycandan kənarda yaşamasına baxmayaraq, Xocalını unutmayıb. O, “instagram”da üzərində ingilis dilində “Xocalıya Ədalət” sözləri yazılmış idman köynəyi geyindiyi fotosunu paylaşıb. Şəkildən də göründüyü kimi məşq edərkən də həmin köynək əynində olub.

“Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgül Xocalı soyqırımı ilə bağlı sosial şəbəkələrdən birindəki səhifəsində status paylaşıb.

2 qat Paralimpiya çempionu İlham Zəkiyev nəzarətində olduğu “Facebook” profilindən bu günlə bağlı video paylaşıb və ingilis dilində belə şərh yazıb:

“Biz kədərlənirik və insanlığa qarşı olan cinayəti heç zaman unutmayacağıq”.

Pekin Paralimpiadasının qızıl medalçısı Ramin İbrahimov da “Facebook”da Xocalı ilə bağlı şəkil paylaşıb. Şəkilin üzərində “Xocalı, 26.02.1992. Unutma Unutdurma” sözləri yazılıb.

Kikboks üzrə 20 qat dünya çempionu Eduard Məmmədov da Xocalı soyqırımını yad edib. O, “İnstagram”dan və “Facebook”dan bu günə aid şəkil paylaşıb və şəhidlərimizə Allahdan rəhmət diləyib:

“Xocalı qırğınında ölən qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm, məkanları cənnət olsun...

Edilən bu soyqırımları, vəhşilikləri, unutmayaq, unutdurmayaq...”

"Xəzər Lənkəran" klubunun üzvləri bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Komanda üzvləri Lənkəranda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib.

Sərbəst güləş üzrə yığma komandamız da Xocalı soyqırımına biganə qalmayıb. Sərbəstçilərimiz “Xocalıya Ədalət” kampaniyasına qoşulub!!! Məşqçi heyəti ilə birlikdə güləşçilər üzərində ingilis dilində “Xocalıya ədalət” sözləri yazılmış köynək geyinərək kollektiv şəkil çəkdiriblər.

"Sumqayıt" futbol klubu da Sumqayıt şəhərində yerləşən Xocalı abidəsini ziyarət edib. Ziyarətdə klub rəhbərliyi, əsas komandanın məşqçi və futbolçu heyəti, veteran futbolçular və akademiyanın məşqçi heyəti iştirak edib.

Bakının “İnter” klubu bu günkü məşqdən öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar klubu ziyarət edib. Klub rəsmisi əsas komanda ilə bazada görüşüb. Görüşdə ilk olaraq Xocalıda ermənilər tərəfindən öldürülən azərbaycanlılarln ruhu bir dəqiqəlik sükutla yad olunub. Ardınca Tahir Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. O, bu faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu qeyd edib.

Aygün İlqrqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm