Rusiyanın ləzgi qəhrəmanı - Başından böyük səhvə yol vermə
Bizi izləyin

İdman

Rusiyanın ləzgi qəhrəmanı - Başından böyük səhvə yol vermə

Buvaysar kimdir? Yəqin ki, idman dünyasından xəbəri olanlar onu yaxşı xatırlayır. O, sərbəst güləş üzrə 3 qat Olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionudur. Onu əvəzolunmaz idmançı adlandırırlar. Çünki karyerası boyunca qazandığı uğurları heç kim təkrarlaya bilməyib.

Publika.az II taym layihəsi çərçivəsində bu dəfə qələbələri ilə rekord qırmış, 3 qat olimpiya çempionu, “planetin əfsanəsi” adını almış Buvaysar Saytiyev haqqında məlumat verəcək.

Dağıstan əsilli güləşçi karyerası boyunca Rusiya bayrağı altında mübarizə aparıb. Amma buna baxmayaraq, o, öz adət-ənənələrindən heç vaxt uzaqlaşmayıb. Torpağını sevən adamdır. Bəziləri kimi böyük malikanələrdə yox, öz dədə-baba yurdunda, doğulduğu rayonda yaşamağı üstün tutur.

Eyni zamanda 4 qat Rusiya çempionu və Rusiyanın əməkdar məşqçisidir. Onun şərəfinə Belçikada beynəlxalq turnirlər də keçirilir.

Həyatının ən böyük “travma”sı

Buvaysar Hamidoviç Saytiyev 1975-ci il martın 11-də Dağıstanın Çeçenistanla sərhəddə yerləşən rayonu Xasavyurtda anadan olub. Saytiyevlər ailəsi 125 minlik əhalisi olan rayonun ən kasıb ailələrindən olub. Bu rayon idmançıları ilə məşhurdur. Kasıb ailələrin övladlarının çıxış yolunu idmanla məşğul olmaqda görməsi ənənəyə çevrilmişdi. Saytiyevlər də məhz belələrindən olub. Bu ailədən iki qardaş - Buvaysar və Adam güləşdə öz sözlərini deyiblər. Ancaq kiçik qardaş Adam da Buvaysarın uğurlarını təkrarlaya bilməyib.

O, 1982-ci ildə - 6 yaşında olarkən sərbəst güləşlə məşğul olmağa başlayıb.

Buvaysar həyatının ən böyük “travma”sını 13 yaşında alıb. Belə ki, atası avtomobil qəzasında dünyasını dəyişib. Anası təkbaşına dul qadın olaraq çətin şəraitdə dörd oğlu və iki qızını böyüdüb.

14 yaşlı SSRİ idman ustası

Bundan sonra Buvaysar ailəsinə də köməyi dəyməsi üçün öz üzərində daha çox çalışdı. Elə bunun nəticəsində erkən yaşda - 1989-cu ildə SSRİ idman ustası adına layiq görüldü. Hələ o zaman B.Saytiyevin 14 yaşı vardı.

1991-ci ildə gənclər üzrə SSRİ çempionatının sonuncu qalibi olan Buvaysar 1992-ci ildə doğma Xasavyurtu tərk etdi.

Orta məktəbi bitirdikdən sonra Rusiyaya yollanan qəhrəmanımız burada güləşin sirlərini daha dərindən öyrənməyə başladı. Tez zamanda gənc idmançının şöhrəti bütün ölkəyə yayılmağa başladı. 1995-ci ildə o, ilk dünya çempionluğunu əldə etdi. O zaman Buvaysarın 19 yaşı vardı. Bu da hər idmançıya qismət olmayan bir uğur idi. O, özü uğurlar qazanması ilə yanaşı, kiçik qardaşı Adam Saytiyevi də bu idmanda irəli çəkir, güləşin sirlərini dərindən öyrədir.

Fikrindən dönməyən “ləzgi” balası

Buvaysar idmana başlayanda yalnız uğuru hədəf seçmişdi. Onun fikrincə uğur-uğur gətirər. Elə məqsədinə də çatır, bir uğurla yetinməyərək, yeni qələbələri ilə Rusiyanı sevindirdi. 1996-cı ildə 74 kq-da Avropa çempionatından qızıl medal gətirdi. Bundan sonra elə həmin ildə idmanın ən ali zirvəsi olan olimpiya çempionu oldu. O, Atlanta yay Olimpiya Oyunlarından qazandığı qızılla rus xalqına böyük sevinc bəxş etdi. Bu sevinci yaşadan “ləzgi balası” Buvaysar idi. 1996-cı ildə Atlantadakı Olimpiya oyunlarında onun uğur qazanması heç kimin gözləmədiyi bir anda gerçəkləşdi.

1997-ci ildəki Avropa çempionatından da qızıl medal gətirən B.Saytiyev bu turnirdə çəkisini 2 kq qaldırmışdı. O, 76 kq-da ilk dəfə döşək üzərinə çıxsa da, bu, heç də onun uğuruna mane olmadı. Qızıllara doymayan idmançı ümumilikdə 6 dəfə dünya (1996 - 74 kq; 1997 - 76 kq; 1998 - 85 kq; 2000 - 76 kq; 2001 - 76 kq; 2006 - 74 kq) və 6 dəfə Avropa çempionluğunu (1995 - 74 kq; 1997 - 76 kq; 1998 - 76 kq; 2001 - 76 kq; 2003 - 74 kq; 2005 - 74 kq) yaşayıb.

Karyerası ərzində bütün medalları qızıl olan Buvaysarın aktivində sadəcə 2 gümüş medal var. Bunu da 2002 və 2007-ci illərdə qatıldığı Rusiya çempionatından əldə edib.

Başından böyük səhvə yol vermə - “Siçan pişik oyunu”

Az öncə onun 3 dəfə olimpiya medalını qazanması barədə məlumat verdik. Ancaq ən maraqlısı 3-cü - Pekin Yay Olimpiadasında qazandığı qızıl olub. Çünki artıq idmandan uzaqlaşmağa qərar verən idmançı səhnəni Rusiya çempionatında qazandığı qızılla tərk etmək istəyirdi. Ancaq bir anda qərarını dəyişən Buvaysar sözün əsl mənasında prinsipiallıq göstərərək olimpiadaya yollandı və özünü bir daha sübut etdi.

Lakin o dövrdə ulduzu parlayan və 66 kq çəki dərəcəsində Afinada keçirilən olimpiadanın gümüş mükafatçısı olmuş dağıstanlı Maxaç Murtuzaliyev 2007-ci il Moskvadakı Rusiya çempionatında inanılmaz bir uğura imza atdı.

Belə ki, o dövrdə çəkisi 74 kq-a qədər artan Maxaç bu çəkinin kralı Buvaysarla qarşılaşmalı oldu. Hər kəs “planetin əfsanəsi”nin növbəti qələbəyə imza atacağına şübhə etmirdi. Ancaq bütün proqnozlar alt-üst oldu. Gənc güləşçi əfsanə Buvaysar Saytiyevi məğlub edərək ölkə çempionatının qızıl medalına yiyələndi.

Saytiyevdən 10 yaş kiçik olan gənc güləşçinin özündən razılığı mətbuata verdiyi açıqlamadan da bəlli idi. “Artıq Saytiyevlər dövrü bitdi” deməklə Maxaç başından böyük səhvə yol verir. Bu fikir qarşısında mətbuata heç bir açıqlama verməyən Buvaysar yenidən ciddi məşqlərə başlayaraq qisasa hazırlaşır.

Nəhayət, vədə yetişir. Onlar arasında keçirilən seçim qarşılaşmasında Buvaysar Maxaçın 2008-ci ildəki Pekin Yay Olimpiadasına gedən yolunun qarşısını peşəkarcasına kəsir. Düzdür, buna qədər dəfələrlə onu məğlub etməyi bacaran Buvaysar bu dəfə son nöqtəni qoyur. Çünki bu yarışın Maxaçın karyerası üçün böyük önəmi var idi.

Əfsanə Saytiyev Maxaçla güləş meydanında az qala “siçan pişik” oyunu oynayır. Onların görüşü ilə bağlı bu cür fikirlər mətbuatda çox səslənib.

Onun 3-cü dəfə Olimpiya çempionu olaraq Rusiyaya qayıtması ölkədə bayram kimi qəbul edilmişdi. Dövlət adamlarından tutmuş sıravi vətəndaşlara qədər hər kəs onu hava limanında səbirsizliklə gözləyirdi. Həm də ləzgi musiqisi ilə... Təyyarədən enər-enməz çalınan “ləzginka”ya öz rəqsi ilə cavab verir.

Zirvədə bitən karyera

O, sonuncu dəfə qızıl medal qazanaraq (2008-ci il Pekin Yay olimpiadası) yenilməz güləşçi kimi idmanla vidalaşır. Düzdür, 4-cü dəfə olimpiadanın qızıl medalını qazanmağı da qarşısına hədəf qoymuşdu. Buna görə də 2011-ci ildəki London Yay Olimpiya Oyunlarına qatılmağı düşünürdü. Lakin o, qərarından daşınır, qatılmayacağını açıqlayır:

“Londonda növbəti dəfə yüksək səviyyədə mübarizə apara biləcəyimdən əmin deyiləm, buna görə də yaxşısı vidalaşmaqdır”.

Rusların müsəlman güləşçiyə xüsusi diqqəti

Onun göz qamaşdıran qələbələri Rusiya hökumətinin də diqqətində olub. Dağıstan əsilli güləşçinin Rusiya xalqına bəxş etdiyi qələbələr ordenlər və fəxri nişanlarla mükafatlandırılıb.

O, “Dostluq” ordeni (1997), “Şərəf” ordeni (2006), "Bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə" fəxri nişan, “Şöhrət” ordeni, "Krasnoyarsk fəxri vətəndaşı" (2010) və 3-cü dəfə olimpiadanın qızıl medalını qazandığına, idmana verdiyi töhfələrə görə 2009-cu il avqustun 2-də “Vətənə xidmətə görə" ordeninin 4-cü dərəcəsi ilə təltif olunub.

Bundan əlavə, Çeçenistanın “Əhməd Kadırov” ordeni (2009-cu il), "Al-Fəxri" II dərəcəli ordeni (Rusiya Müftilər Şurası, 2008-ci il) ilə də mükafatlandırılıb. Bir məlumat da verək ki, Buvaysar qardaşı, olimpiya çempionu Adam Saytiyevlə birlikdə güləş məktəbi açıb. Buradakı əsas məqsəd kasıb ailələrə yardım etməkdir. Çünki bu məktəbə gələn, güləşə həvəs göstərənlərin çoxu kasıb ailələrin övladlarıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm