Vida şousunu kim hazırlayacaq?
Bizi izləyin

İdman

Vida şousunu kim hazırlayacaq?

Bakı 2015 İlk Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru Ceyms Hedley təyin edilib.

Publika.az xəbər verir ki, Oyunların Əməliyyat Komitəsindən verilən məlumata görə, C.Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles' LOVE, Ka, İris and Zumanity daxil olmaqla, bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub və “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.

Bakı 2015 Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

C.Hedley bu xüsusda deyib: “Bakı 2015 üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdır”.

Libbi Haylend C.Hedleyin yaradıcı əməkdaşı olacaq və Bakı 2015 bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi “Rio-2007” və “Qvadalahara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

Bakı 2015 Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “Ceyms və Libbi artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

Skot Givensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkəti Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalahara-2011” Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio-de-Janeyroda “Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.

Açılış və bağlanış mərasimləri yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 minlik izləyici kütləsi və dünyanın müxtəlif yerlərindən olan televiziya izləyicilərinin gözü qarşısında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm