Məşhur futbolçumuz: “Maaşımı soruşan olanda “Şükür Allaha” deyib yola verirəm” – TAYM-AUT
Bizi izləyin

İdman

Məşhur futbolçumuz: “Maaşımı soruşan olanda “Şükür Allaha” deyib yola verirəm” – TAYM-AUT

Publika.az “Taym-aut” adlı yeni layihəyə start verir. Layihənin məqsədi məşhur idmançılarımızın idmandan kənar yaşam tərzi, dünyagörüşü, şəxsi həyatları ilə bağlıdır. Layihəyə məşhur futbolçu Ruslan Abışovla start verdik. Ruslan müsahibə zamanı bəzi suallarda çox fikirləşsə də, səmimilikdən kənara çıxmadı...

“Ən böyük problemim fikrimi tez-tez dəyişməyimdir”

- Müsahibəyə belə başlayaq. Ruslan Abışov 1 gün, amma futbolsuz...

- (bir az fikirləşir) Demək olar ki, idman mənim həyatımda həmişə var. Futbol məşqim olmasa da, özüm fərdi qaydada idman edirəm. Yəni günümün bir hissəsində, əsasən də səhərlər idman mütləq olur. Günorta vaxtı daha çox evdə oluram. Çünki o vaxtlar dostlar da, qardaşım da işdə olur. Münasib vaxt olanda da maraqlı kino olsa, kinoya gedirəm, ya da hansısa restoranda oturub yemək yeyirik. Sırf dincəlmək məqsədi ilə ki, beynimiz futboldan bir az uzaqlaşsın.

- Menecer olaraq qardaşınızı seçmisiz. Ən güvəndiyiniz insan odur, yoxsa?

- Qardaşım məni hər kəsdən daha yaxşı tanıyır. Xasiyyətimə bələddir. Bundan əlavə, 7 yaşımdan futbola o, məni aparıb, gətirib. Bu günə kimi də sağ olsun ki, hər problemimlə maraqlanır. Bir sözlə, həm futbolda, həm də futboldan kənarda bütün işlərimdə kömək edir.

- Neçə yaş fərqiniz var?

- 4 yaş. Əvvəl bu yaş fərqi, təbii ki, gözə çarpırdı. Artıq hiss olunmur.

- Bəs qardaşınız Sərxan bəy sizinlə futbol oynamağa cəhd edibmi?

- Əvvəllər çox oynayardıq. Məşq olmayanda axşam özümüz toplaşıb oynayırdıq. Sərxan da daha çox istəyirdi ki, mənimlə bir komandada oynasın (gülür). Təbii ki, rəqib də olurduq, amma daha çox bir komandada oynayırdıq. Bir komandada olanda hər zaman qələbə qazanırdıq. Çünki bir-birimizi meydanda yaxşı başa düşürük. Sərxanın da qol duyumu güclüdür.

- 18 yaşdan sonra necə deyərlər, insan müstəqil olur, özünü təqdim edə, qərar verə bilir. İstərdik özün-özünü xarakterizə edəsən. Ruslan Abışov necə insandır?

- Dəhşətli dərəcədə hər şeyə tez inanan adamam. Ürəyim çox yumşaqdır. Çoxları da buna görə məni qınayır. Düşünürəm ki, ən böyük problemim fikrimi tez-tez dəyişməyimdir. Ailəm də bu barədə bir az məni yaxşı mənada tənqid edir ki, bu zəmanədə belə olmaq olmaz.

- Dediniz fikrimi tez-tez dəyişirəm. Elə bir vacib qərarınız olubmu ki, sonradan dəyişəsiz?

- Məsələn, özüm şəxsi qərar verirəm, bir müddətdən sonra ailəmlə məsləhətləşirəm, onlar başqa bir söz deyir, mən başqa. O barədə bir az get-gələ düşürəm.

- Sonda necə olur - müsbət, ya mənfi?

- Sonda mənim üçün nə xeyirlidirsə, ən doğrusu nədirsə, ailəmin məsləhəti ilə onu seçirəm. Yox əgər onlar məni dəstəkləyirsə, deyirlərsə, sən düz fikirləşirsən, mənim fikrim olur.

- İnsanlarla da bağlı dəyişkən fikirlərə düşürsüz? İnsanlar haqda yanıldığınız anlar çox olur?

- Belə cavab verim. İnsan nə vaxt dostundan tanışından inciyir?! Onun etdiyi xırda səhvlər heç, böyük səhvlər gördükdə, aldatmasını görəndə yanıldığını bilirsən. Anlayırıq ki, düz insanla dostluq etməmişik.

- Adam sərrafısız?

- Düzünü desəm, hamını yaxşı adam kimi görməyə çalışıram. Amma insanın ən azından üz mimikasından oxşadıram ki, bu yaxşı adamdır, ya yox. Yenə deyirəm, ilk baxışdan hamıya yaxşı insan kimi baxıram, zaman keçdikcə daha dəqiq bilirəm ki, o, necə biridir.

“Müəllimələrim də anamdan məni soruşurlar”

- Bir az uşaqlığınızdan danışaq. Hər kəsin uşaqlıq dostları vardır. Kiminləsə əlaqəniz varmı?

- Uşaqlıq dostlarım əsasən məktəbdə bir yerdə oxuduğum uşaqlar olub. Onlarla da işləri ilə bağlı tez-tez görüşə bilmirik. Bir də ki, futbolçu dostlarım var. Onlarla da əlaqəm, münasibətim təbii ki var.

- Hansı məktəbdə təhsil almısız?

- 6-cı mikrorayondakı 246 nömrəli məktəbdə.

- Axırıncı dəfə nə vaxt getmisiz həmin məktəbə?

- Sərxanın uşaqları orda oxuyur, onların sayəsində hərdənbir gedirəm. Amma keçmiş məzun kimi universitetə girəndən sonra getməmişəm. Anam da o məktəbdə müəllimədir. Müəllimələrim də anamdan məni soruşurlar, deyirlər Ruslan gəlsin məktəbə dəysin.

- Məktəbdə necə oxumusuz?

- 8-ci sinifə qədər yaxşı oxumuşam. Peşəkar futbola başlayandan sonra məktəb ikinci plana keçdi.

- Ananıza sizinlə bağlı suallar verən olurmu?

- 3-4 il əvvəl daha çox olurdu. İndi mən özüm də soruşmuram, anam da evdə bu barədə heç nə demir. Yeni-yeni millidə oynamağa başladığım zamanlar hər kəs maraqlanırdı.

- O zaman belə deyək, ananız da artıq oğlunun məşhurluğuna alışıb...

- (gülür) Elədir. O da öyrəşib.

“Çox insan olan yerdə, küçədə piyada gəzə bilmirəm”

- Küçədə maşınsız olanda rahat gəzə bilirsiz?

- Deyərdim ki, maşınsız heç gəzmirəm.

- Axırıncı dəfə metroya nə vaxt minmisiz?

- 7-8 il əvvəl. O da səhv etmirəmsə, güclü qar yağırdı. Maşın sürmək təhlükəli idi. Avtobus filan da yox idi. Məcburiyyətdən metroya mindim. Amma onda elə də tanınmırdım. Etiraf edim ki, elə şeyə kompleksim var - çox insan olan yerdə, küçədə piyada gəzə bilmirəm.

- Heç ağlınızdan keçməyib ki, illər sonra metroya düşüm, reaksiyaları görüm, yenilikləri görüm?!

- Uşaq vaxtı məşqlərə metro ilə gedib-gəlirdim. Əlbəttə, metro daha rahat nəqliyyat vasitəsidir. Amma bizdə hər şeyə fikir verirlər. O dəqiqə fikir formalaşacaq ki, metroya hansı səbəbdən minir? 7-8 ildir metroya minmirəm. Təbii ki, istiyərdim metrodakı dəyişiklikləri görüm.

- Kənar fikirlər sizə tez təsir edir?

- Əlbəttə olur. O da mənim mənfi cəhətlərimdən biridir.

- Bəs qardaşınızla oxşar cəhətiniz varmı?

- Belə deyərdim, ən çox Sərxanın məsləhətlərinə qulaq asıram. Çünki pis oynadığım zaman iradını bildirir. Onun dediyindən nəticə çıxarıram. Düzdür, bəzən psixoloji vəziyyətimi nəzərə alaraq, pis oynayanda ürək-dirək verib.

- Qardaşınızla aranızda ciddi münaqişə olub?

- Olub. Amma elə də böyük münaqişə deməzdim. Bir müddət olub ki, küsmüşük. Amma 1-2 gün sonra evdəkilər küsülü olduğumuzdan xəbər tuturdu. Daha çox Sərxan məndən küsürdü. Amma bunlar artıq geridə qalıb. Artıq böyümüşük.

“Soruşan olanda “Şükür Allaha” deyib yola verirəm”

- Sosial şəbəkələrdə varsız?

- Yox, sadəcə “İnstagram”dan istifadə edirəm. Onu da çox vaxt Sərxan işlədir, şəkillərimi paylaşır. Amma “Facebook”da yoxam. Həvəsim də yoxdur. 4-5 il əvvəl profilim var idi. İndi yoxdur. Ancaq deyim ki, adıma açılan saxta profillər var. Hətta yazışmaları da mənə göstərirlər ki, bax, bu yazışmada mənə forma söz vermisən, filan. Ancaq mən də onlara başa salıram ki, mən deyiləm, saxta profildir. “Facebook”da bir rəsmi səhifəm var. Onu da fanat var, o işlədir.

- Futboldan başqa hansı sahəyə marağınız var? – İqtisadiyyat, siyasət, mədəniyyət və s. kimi...

- (fikirləşir) ...

- Ailənizdən başqa ətrafınızda olan kiməsə maaşınızı açıqlamısız?

- Ailəm sözsüz ki, bilir. Amma başqa heç kimə demirəm. Çünki özüm də kimdənsə maaş soruşmağı xoşlamıram. Soruşan olanda “şükür Allaha” deyib yola verirəm (gülür).

“Yaxşı oynaya bilmirəm”

- “Brendlər”, “markalar”la aranız necədir?

- Yaxşı geyinməyi xoşlayıram. Reklam kimi olmasın, “Gucci”, “Dolce & Gabbana” sevdiyim markalardır. Daha çox idman üslubunda geyinirəm. Klassik üslubdan yalnız tədbirlərdə və toylarda istifadə edirəm.

- Toylarda oynamaqla aranız necədir?

- Yox oynamaqla heç aram yoxdur. Çünki yaxşı oynaya bilmirəm.

- İlk maşınınız nə vaxt olub? Və bu günə qədər neçə maşın dəyişmisiz?

- İlk maşınımı 2008-ci ildə özüm almışam. “BMW” markalı maşın idi. O zaman 21 yaşım var idi. Bu günə qədər də sadəcə iki maşınım olub. “BMW”-ni satdıqdan sonar “Mersedes” almışam.

“Deyərdim ki, onlar bizimkilərdən çox fərqlənir”

- Bir az da Rusiyada olduğunuz dönəmdən danışaq. Nə qədər qaldınız orada?

- Bir il yarım qaldım.

- Bu müddət ərzində sizin üçün ən yaddaqalan nə oldu? Həyat təcrübənizdə nə qazandınız?

- Orada çox şey öyrəndim. Həm yaşamaq baxımından, həm futbol baxımından. Futbolçuya verilən qiymət, futbola yanaşma... Deyərdim ki, onlar bizimkilərdən çox fərqlənir.

- Kazanda, yəqin ki, boş vaxt olanda şəhəri gəzmisiz. Haralarda olmusuz?

- Kazan yaxşı şəhərdir, yaşamaq üçün də rahat yerdir. Amma ilin 9 ayı orada soyuq olur. Günümüzü qapalı məkanlarda keçirirdik. Yay vaxtlarında təlim-məşq toplanışlarında olurduq. Bu zaman da ancaq məşq, görüşlər... Gəzməyə də vaxt qalmırdı. Amma deyim ki, oranın yayı çox gözəl olur.

- Kazandakılardan kimlərlə əlaqəniz var?

- Əlbəttə var. Gökdənizlə münasibətim var. Onun tərcüməçisi vardı, Yaşar bəy, onunla da əlaqə saxlayıram.

- Gökdəniz, yəqin ki, orada olduğunuz vaxt sizə dəstək olub?

- Bunu açıq deyəcəm. İlk əvvəllər aramızda problem var idi. Gökdənizlə bir dəfə mübahisəmiz oldu. Amma vaxt ötdükcə dostlaşdıq.

- “Rubin”də olarkən daha çox nə üçün darıxırdız?

- Nə qədər desələr də ki, başqa ölkədə yaşayaram, qalaram, insan öz evi üçün darıxır. Hansı ölkədə olursan-ol, hər şey sənin üçün yüksək səviyyədə də olsa, yenə də öz evini istəyirsən.

- Öz istəyinizlə başqa hansı şəhərləri gəzmisiz?

- Bizdə bilirsiz, məşqlərdən vaxt məhdudiyyəti olur. Amma belə ən çox getdiyim Dubay olub.

- Arzusunda olduğunuz və getmək istədiyiniz yer varmı?

- Daha çox Cənubi Amerikaya getmək istərdim. Braziliyanı, Avstraliyanı görmək arzumdur. Oradakı həyat, şərait də mənim üçün maraqlıdır. Yaponiyada da olmuşam.

- Hansı ölkədən təklif gəlsə, evdəkilər getməyinizi istəməz?

- Sözün düzü, o barədə ailəmizdə elə bir qadağa yoxdur. Əgər hər cəhətdən bizi qane edirsə, bizim üçün yaxşıdırsa, niyə də yox?

“Ronaldo ilə “selfie” çəkdirmərəm, çünki...”

- Dünya futbolunda sevdiyiniz futbolçu və ya klub var yəqin ki...

- Mən həmişə demişəm, biz ailəliklə “Real”(Madrid) azarkeşiyik. Keçmişdən indiyə kimi də “Real”lı futbolçular həmişə sevdiyimiz oyunçular olub.

- O zaman belə bir sual: Təsadüf nəticəsində Ronaldo ilə söhbət etmək imkanınız olsa, ona ilk verəcəyiniz sual nə olardı?

- (çox fikirləşir...) Düzdür, yuxuda görüşmüşəm, amma nə söhbət edərəm, nə soruşaram, bu barədə heç nə ağlıma gətirməmişəm (gülür).

- “Selfie” çəkdirməyi təklif edərsiz?

- Yox, mənim elə xasiyyətim yoxdur. Dünyaca məşhur idmançı da görsəm, onunla şəkil çəkdirmək həvəsinə düşmək kimi xasiyyətim yoxdur.

- Dünya futbolunun ulduzları özəl həyatları ilə də gündəmə gəlir. Gecə klubuna gedirlər, gecə həyatları ilə diqqət çəkirlər. Bəs sizin gecə həyatına münasibətiniz necədir?

- Kazanda komanda yoldaşlarımla 2 dəfə getmişəm... Oyundan sonra getmişdik. Amma bir o qədər də həvəskarı deyiləm. Ümumiyyətlə, mən evə bağlı insanam. Amma əvvəldə də dediyim kimi, boş vaxtlarımda futboldan bir az da olsa uzaqlaşırıq, çıxıb gəzirik.

- Şəxsi həyatınıza toxunmuruq...

- Problem deyil, soruşa bilərsiz, subayam onsuz da (gülür).

- Yaxşı, özünüz dediniz, bu barədə sual vermək istəmirdik. Evlənmək fikriniz yoxdur?

- Elə evdə də təzyiqlər çoxalır ki, artıq evlənmək vaxtıdır. Düzdür, gözaltı yoxdur, amma istəyirlər bu ilin sonlarına kimi evlənim. Yəni “kəndirləmək” istəyirlər (gülür).

- Yatırımınızı necə edirsiz? Gələcək haqda, yəqin ki, indidən düşünürsüz...

- Əlbəttə. Bizneslə məşğulam. Biznesim də daşınmaz əmlakla bağlıdır.

Aygün İlqarqızı, Pərviz Hikmət

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm