"Neftçi"dən 8 qərar
Bizi izləyin

İdman

"Neftçi"dən 8 qərar

"Neftçi"nin Müşahidə Şurasının iclasında qəbul olunan qərarlar açıqlanıb.

Publika.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXXIII turunun "İnter”lə oyunu öncəsi klubun təlim-məşq bazasında bir araya gələn şura üzvləri 8 məsələni müzakirə edib.

Komandanın ölkə kubokunun finalına və avrokuboklara hazırlığı da gündəmdə olub. Müzakirələrdən sonra müvafiq qərarlar verən şura "Neftçi”nin Avstriyada 3 yoxlama oyunu keçirməsini təsdiqləyib.

Həmçinin, klubun loqotipi saxlanılıb. Müzakirə olunan digər məsələlərlə bağlı qərarlar da verilib.

1. "Neftçi" PFK-nın yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəli Müşahidə Şurası tərəfindən təsdiq olunub.

2. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırki loqotipin saxlanmasının leyhinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq hazırki loqotipin saxlanmasına qərar verilib.

3. İclasda şura üzvlərinə yeni yaradılacaq "Neftçi" PFK-nın muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin "Bakcell Arena"da təsis edilməsinə qərar verilib.

4. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi" PFK-nın məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.

5. İclasda Azərbaycan Kubokunun final oyunu-"Qarabağ" FK - "Neftçi" PFK matçına hazırlıq məsələləri müzakirə edilib.

6. İclasda "Neftçi” PFK-nın əsas komandası yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.

7. İclasda klubun inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

8. İclasda klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm