Valyuta bazarında “Qara şənbə” sindromu
Bizi izləyin

Ekopublika.az

Valyuta bazarında “Qara şənbə” sindromu

Dolların digər valyutalara nisbətdə möhkəmlənməsi valyutadəyişmə məntəqələrinin iş rejimini gərginləşdirib. Belə ki, son 20 gündə dollar alanların sayı artıb. Əslində, rəsmi rəqəmlər də bunu təkzib etmir. Mərkəzi Bankın məlumatına görə, bu ilin 9 ayında bankların əhaliyə satdığı ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 61,7 faiz artıb.

Publika.az-ın əməkdaşının Bakının mərkəzində valyutadəyişmə məntəqələrində apardığı sorğu zamanı məlum olub ki, dollarla bağlı müraciət edənlərin sayı artıb. Birdəfəlik həcm baxımından ən az dollar satışı isə 2000 dollar təşkil edir.

Valyutadəyişmə məntəqəsinin əməkdaşı bildirib ki, yüksək məbləğlərdə valyuta satışı zamanı şəxsiyyət vəsiqəsi tələb edilir.

Onu da öyrəndik ki, son aylar ən az valyuta alışı rus rublu üzrə olub: “Bu da Rusiyadan göndərişlərin azalması ilə bağlıdır. Yapon valyutası alan yoxdur. Avronun isə satışı hərdən yüksək, hərdən aşağı olur. Yəni, baxır valyuta bazarının vəziyyətinə”.

“Fəvvarələr meydanı” ətrafında yerləşən digər valyuta məntəqəsində isə alıcı qismində olduq. Məntəqənin əməkdaşı nə qədər dollar almaq istədiyimizlə maraqlandı və bildirdi ki, 1000 dollardan yuxarı dollar satışı aparmır. Səbəbini soruşduqda dolların satışına məhdudiyyət olduğunu bildirdi. Alışla da maraqlandıq. Bəlli oldu ki, dolları manat və ya avro ilə dəyişənlərin sayı azdır.

O da məlum oldu ki, adətən, şənbə-bazar günləri dollar satışı tamamilə azalır. Satıcının dili ilə desək, dollar qıt olur: “Həmin gün məzənnə yüksək olur”.

Qəribə də olsa, məntəqənin əməkdaşı bunu fevral devalvasiyasının şənbə gününə təsadüf etməsi ilə əsaslandırdı. Görünür, valyuta bazarında “Qara şənbə”nin psixoloji təsiri davam edir.

Qeyd edək ki, bu günə olan rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1,0510 manatdır.

Dövlət Statistika Komitəsinin (DSK) oktyabr ayına olan məlumatına görə, milli valyutanın 1 ABS dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,00 manata), 1 avro 1,18 manata (1,12), 100 Rusiya rublu 1,67 manata (1,70) bərabər olub.

Onu da bildirək ki, dolların gələcək taleyi ilə bağlı fikirlər birmənalı deyil. İnvestorlar, eləcə də bazarlar ABŞ Mərkəzi Bankının (FED) dekabr ayında reallaşacaq toplantısını gözləyir. “JP Morgan Chase” FED-dən gözlənildiyi kimi, dekabr toplantısında faiz artırımı olması halında dollarda "rallinin" (bahalaşmanın) daha 6 ay davam edəcəyi proqnozunu verib. Konkret olaraq “JP Morgan”ın valyuta əməliyyatları üzrə direktoru Con Normand dolların gələn ilin ortalarında zirvəyə çıxacağını proqnozlaşdırıb.

“Deutsche Bank” və “Barclays” da ABŞ-ın pul siyasətini sərtləşdirməsi ilə əlaqədar olaraq dolların qiymətinin yüksələcəyini gözləyir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm