Canetin verdiyi mesaj, İranda azalan inflyasiya, nayranın üzməsi... – GÜNDƏLİK İQTİSADİ İCMAL
Bizi izləyin

Ekopublika.az

Canetin verdiyi mesaj, İranda azalan inflyasiya, nayranın üzməsi... – GÜNDƏLİK İQTİSADİ İCMAL

Bu gün dünya birjaları FED sədri Canet Yellenin Bakı vaxtı ilə saat 18:00-da ABŞ Konqresində reallaşacaq çıxışında verəcəyi mesajları gözləməklə dalğalandı.

İranda son 25 ildə ilk dəfə inflyasiya birrəqəmli səviyyəyə endi. İranın iqtisadiyyat naziri Əli Tayebniyan bildirdi ki, 2005-2013-cü illərdə ölkədə qiymət artımının səviyyəsi 40%-dən çox olub. Lakin son 3 il ərzində inflyasiyanın tempi tədricən azalıb. May ayında bu göstərici 10,2% olub.

İrandan daha bir xəbər var. İran Milli Qaz İxrac Şirkətinin (NIGEC) rəhbəri Alireza Kamali İranın mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı ilə bağlı 8 şirkətlə görüşdüyünü bəyan edib.

Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması ilə bağlı ehtimalların artması funt sterlinqi dollara nisbətən bu gün də bahalaşdırdı. GBP/USD məzənnəsi 0,28% möhkəmlənərək 1,1347 səviyyəsində müəyyənləşdi. Bu, may ayının 3-dən etibarən maksimumdur.

Avropa Sabitlik Mexanizmi isə Yunanıstana 7,5 milyard avroluq ödəməni reallaşdırdı. Xatırladaq ki, Avro Qrupu maliyyə nazirləri keçən ay Brüsseldə keçirilən toplantıda müəyyən şərtləri yerinə yetiriləcəyi halda Yunanıstana 10.3 milyard avroluq yeni xilas paketi göndərilməsini təsdiqləmişdi.

Türkiyə Mərkəzi Bankı faiz dəhlizini daraltdı. Türkiyə Mərkəzi Bankı (TMB) faiz dəhlizinin yuxarı həddini bu gündən etibarən 0,5 bənd endirərək 9%-ə saldı. TMB özünün borclanma dərəcəsini 7,25%-də, uçot dərəcəsi kimi qəbul edilən 1-həftəlik repo dərəcəsini isə 7,5% səviyyəsində saxladı.

Nigeriya Mərkəzi Bankı isə üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul etdi. Bu qərardan sonra milli valyuta olan nayra 24% ucuzlaşdı. Nayranın daha da ucuzlaşacağı gözlənilir.

Azərbaycana gəlincə, Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirdi. Hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarıldı və bu, 28 kommersiya bankına satıldı.

Ölkədə dollar yenə bahalaşdı. Mərkəzi Bankın (AMB) iyunun 22-ə olan rəsmi məzənnəsinə əsasən USD/AZN rəsmi məzənnəsi 1,5270 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5240 manata bərabər idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm