Proxorov Rusiyadan ayrılır? – Milyarderin ÖZƏL HƏYATI
Bizi izləyin

Ekopublika.az

Proxorov Rusiyadan ayrılır? – Milyarderin ÖZƏL HƏYATI

Milyarder Mixail Proxorov Rusiyadakı aktivlərini satmağa hazırlaşır.

Publika.az “Vedomost”i qəzetinə istinadən xəbər verir ki, iş adamı bu istiqamətdə danışıqlar aparır. İddia olunur ki, onun bu belə bir qərara gəlməsinə son zamanlar biznesinə olan təzyiqlər səbəb olub.

Qeyd edək ki, M.Proxorov Rusiyanın ən varlılarının siyahısında 14-ci sırada yer alır. Onun sərvətinin həcmi 7,6 milyard dollardır. Ötən bir ildə iş adamının pulu 2,3 milyard dollar azalıb. M.Proxorov rəsmi karyerasına 1989-1992-ci illərdə İqtisadi Əməkdaşlıq Beynəlxalq Bankına rəhbərlik etməsi ilə başlayıb. 1993-1998-ci illərdə ONEKSİM Bankın idarə heyətinin sədri olub. 1998-2000-ci illərdə eyni adlı bankın prezidenti vəzifəsini icra edib. 2000-2001-ci illərdə AKB “Rosbank”-ın prezidenti, 2001-ci ilin iyulunda “Norilskiy nikel”-in baş direktoru, 2006-cı ildə “Plyus Zoloto”nun direktorlar şurasının sədri, 2007-ci ildə nanotexnalogiyaları üzrə dövlət şirkəti olan “Rosnanotex”-in müşahidə şurasının üzvü olur, 2007-ci ildə “Nornikel”- in səhmlərinin 25 faizinə sahiblənib.

2013-cü ildə “Polyus Gold” qızıl mədən şirkətindəki 38 faiz payını 3,6 milyard dollara milyarder Zəlimxan Musayevə satıb. Elə həmin ildə milyarder Süleyman Kərimovdan “Uralkalii”nin səhmlərinin 27,9 faizini 5,15 milyard dollara satın alıb. 2015-ci ildə milyarderə məxsus “Oneksim” qrupu “Uralkalii”dəki payını 7 faiz azaldıb. Bu səhmin satışından 33 milyard rubl əldə edib. Hazırda Proxorovun “Oneksim” qrupuna “Uralkalii”nin səhmlərinin 20, Rusal UC-ın səhmlərinin 17 faizi məxsusdur.

Proxorovun miliyyətcə yəhudi olduğu deyilir. Belə ki, “Forbes Israel” 2013-cü ildə dünyada 165 varlı yəhudinin siyahısına Proxorovu daxil edib. Maraqlısı isə odur ki, Proxorovun nə özü, nə də vəkilləri jurnalı təkzib etməyiblər.

Bundan əlavə, “Forbes Israel” Proxorovun yəhudi olmasını iddia edən ilk nəşr deyil. “Nyu-York Tayms”-ın milyarder haqqında 2010-cu ildə hazırladığı məqalədə onun ana tərəfdən nənəsi Anna Belikinanın yəhudi olduğu qeyd edilmişdi.

İş adamı ilə bağlı maraqlı nüans 51 yaşı olmasına baxmayaraq hələ də evlənməməsidir. Fransa paparasilərinin araşdırmalarına əsasən, Proxorov ilk dəfə qızlarla 21 yaşında hərbi xidmətdən qayıtdıqdan sonra münasibət qurub. Ona qədər o, sadəcə kənardan qızları süzürmüş. Orta məktəb illərində qızlar onu qeyri -adi boy ölçüsünə görə “zürafə” adlandırsalar da, institutda əksinə arxasınca qaçıb, aşiq olurlarmış. Proxorov isə onlarla sadəcə gün keçirirmiş. Hazırda planetin ən ideal həyat yoldaşı kimi namizədi olduğu zamanda vəziyyət bir qədər də qəlizləşib. Yəni Proxorovu ələ almaq, özünə aşiq etmək hər qadının bacardığı iş deyil.

Proxorov ziyafətlər kralıdır. Onsuz heç bir parti keçmir. Yeri gəlmişkən, “evdə qalmasına” baxmayaraq, yaşından narahat deyil. Əksinə, əlavə olunan hər ilin ona daha da güc verdiyini deyir: “30 yaşımda sevdiyim qadın olub. Onunla münasibətlərimiz 8 il davam edib. Lakin evlilik istiqamətində məni yoldan çıxara bilməyib. Çoxları deyir ki, mən evlənməyəcəm. Əgər sən xoşbəxtsənsə və həyatın hər dəqiqəsini hiss edirsənsə, evlənmək nəyə gərəkdir? İkili standartlara nifrət edirəm. Çoxları ailəni, uşaqları sevdiyini deyir. Həqiqətdə isə yalan danışırlar. Evlilik üçün elə qadın qarşıma çıxmalıdır ki, mənə dəstək olsun. Bu da çox bahalıdır. Aşiq olmaq elə bir hisdir ki, sənə ancaq qarşıdakının varlığı ilə xoşdur. Bu hiss mənə qəribə gəlir. Hesab edirəm ki, ağıllı, gözəl qız tapılması nadir brilyant kimidir... Mən axtarıram. Lakin tapa bilmirəm. Böyük biznesdən fərqli olaraq kiçik biznesdə heç nə bilmirəm. Evlilik isə ən çətin kiçik biznesdir”.

Proxorovun sərvəti 2005-ci ildən “Forbes”in siyahısındadır. Jurnalın hesablamalarına görə, 2005-ci ildə onun sərvətinin həcmi 4,7 milyard (9-cu sırada), 2006-cı ildə 7,6 milyard (10-cu sırada), 2007-ci ildə 15 milyard (5-ci sırada), 2008-ci ildə 22,6 milyard (5-ci sırada), 2009-cu ildə 9,5 milyard (1-ci sırada), 2010-cu ildə 13,2 milyard (2-ci sırada), 2011-ci ildə 18 milyard (3-cü sırada), 2012-ci ildə 13,2 milyard (7-ci sırada), 2013-cü ildə 13 milyard (10-cu sırada), 2014-cü ildə 10 milyard dollar, 2015-ci ildə 9,9 milyard dollar olub. Nəzərə çatdıraq ki, 2008-2009-cu il arasındakı böhranda biznesmen 13,1 milyard dollar itirib.

“İş və pul – insanın inkişafının sadəcə ilkin mərhələsidir. Bunun ardınca yüksək mədəniyyət, kitab, fəlsəfə, teatr gəlirsə həyat dəyərləşir” deyən milyarder rəqsi sevdiyindən ayda iki dəfə diskotekaya gedir. O, 20 ildir kikboksla məşğuldur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm