Köşə
Beş kişini qatlayıb dizinin altına qoyan qadın...
Kəramət Böyükçöl
Bu səhər işə gecikmişdim, ona görə də tələsir, o biri tərəfdən də fikir məni götürmüşdü ki, çatan kimi növbəti köşəmi hansı mövzuda yazsam, daha yaxşı olar? Həmişə belə edirəm. Yol boyu mövzu barədə düşünür, bir qənaətə gələndən sonra isə asanlıqla yazmağa başlayıram...
Eləcə düşünə-düşünə getdiyim yerdə məhləmizdə cavan bir oğlan yaxınlaşdı, ədəb-ərkənla salamlaşıb soruşdu:
– Qardaş, bu küçədə yaşayansan?
– Bəli, nə lazımdır?
– Bilmirsən, buralarda kirayə ev varmı?
Düzü, biz tərəflərdə kirayə ev çoxdur. Burada uzun illər yaşadığım üçün hamını bircə-bircə tanıyıram. Tanıyıram o mənada ki, kim evini tələbəyə vermək istəyir, kim ailəyə, kim gənc qızlara, kim ancaq oğlanlara və s. Eləsi var evinə uşaqlı adam götürmür ki, suyu çox işlədirlər. Eləsi də var cavan oğlan götürmür ki, evə qız-mız gətirməsin...
– Ailəlisənmi? – soruşdum.
– Bəli, təzə evlənmişəm, bir arvadımdır, bir də özüm. Hələ uşaqlarımız da yoxdur.
Birdən necə oldusa, oğlanın üzünə lap diqqətlə baxdım. Birinci elə bildim üç dənə qaşı var, sonra gördüm yox, ikisi qaşdır, biri bığ. Sakit adama oxşayırdı. Sakit olması nəyə görə vacib idi? Bizim qonşuda əri ölmüş yaşlı bir qadın evinin ayrı-ayrı otaqlarını kirayə verib başını dolandırır. Həmin arvad mənə demişdi ki, bala, sən adam tanıyansan, yaxşısının birini tap göndər, otağımın biri boşdur.
– Qardaş, ev var, amma “xazeykayla” bir yerdədir, yan tərəfdə cavan oğlanlar da qalır. Universitet tələbəsidirlər. Ailənlə orda qala bilərsənsə, yerini deyim.
Oğlan bu sözümə bərk əsəbiləşdi. İnanın, necə qorxdumsa, az qaldım qışqırıb anamı çağıram, özümü güclə saxladım. Mən yazıq nə dedim ki? Yaxşılıq etmək istəyirəm. Özü də işə tələsirəm, vaxt gedir...
– Mənim arvadım beş kişini qatlayıb dizinin altına qoyar. Elə şeydə problem yoxdur. Sən de görüm, evin işığı, suyu, qazı daimidirmi?
Vallah, düz deyirəm, oğlan beləcə də dedi. İstədim deyəm ki, beş kişini qatlayıb dizinin altına qoyan arvad işıq idarəsinin də, su idarəsinin də, qaz idarəsinin də, hələ desən, icra hakimiyyətinin də atasına od qoyar. Amma demədim. Məndə o hünər hardaydı? Həm də işə getdiyim yerdə özümü işə salmaq istəmədim. Ramiz Rövşən demişkən, dünyanın ən qorxaq iti də məni görəndə şirə dönür.
Barmağımı işarəsi ilə oğlana evin yerini göstərdim.
– Sağ tərəfdə yaşıl rəngdə darvaza var. Ev sahibinin adı İlhamə xaladır.
Sonra tələm-tələsik yola düzəldim. Avtobusa minib arxa oturacaqda əylədişdim, təhlükəsizliyimi tam təmin edəndən sonra öz-özümə fikirləşdim ki, Hülya Avşarın gözləri haqqı, Cəfər Cabbarlı sağ olsaydı, qadınlara azadlıq istədiyinə görə yəqin ki, it kimi peşiman olardı. İlahi, beş kişini qatlayıb dizinin altına qoyan qadınla bir yastığa necə baş qoymaq olar?
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama


















.jpg)

















