"Böyük alim", "bənzərsiz şəxsiyyət" epitetlərinin yiyəsi
Bizi izləyin

Köşə

"Böyük alim", "bənzərsiz şəxsiyyət" epitetlərinin yiyəsi

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Son vaxtlar Tofiq Hacıyevi tez-tez xatırlayıram. Mənə dərs deməyib, ancaq onu özümə həmişə müəllim hesab eləmişəm. Deyim ki, heç mənə nəsə öyrətməyə də çalışmayıb, eləcə özüm uzaqdan Tofiq müəllimə baxmışam, götürmüşəm, enerjisini duymuşam. Dəhşətli dərəcədə milli adam idi. Onun milliliyi heç kimdə qıcıq doğurmurdu. Çünki millətini təmənnasız sevirdi. Əsl aydın idi. Dupduru şəxsiyyət idi, əsl ağsaqqal idi. Dilimizi o qədər sevirdi ki, o sevgi Tofiq müəllimin öz dilində də şirinlik yaratmışdı, bəzən uşaq kimi danışmağı da bacarırdı.

Mən Bakı Dövlət Universitetinə qəbul olunandan sonra ordakı müəllimləri, alim və professorları bir-bir yaddaşıma köçürməyə başladım. Sanki, hiss eləmişdim ki, nə vaxtsa bu insanlar haqqında xatirə danışacağam, onların necə bir müəllim, necə bir şəxsiyyət və necə bir ziyalı olmalarını hadisə şahidi kimi gələcək nəsillərə çatdıracağam. Doğrudan da belə oldu və bu gün Tofiq Hacıyev mənim yaddaşımın ən işıqlı yerində yaşayır, yenə də Bakı Dövlət Universiteti ilə Milli Elmlər Akademiyasının arasında yol gedib-gəlir.

Bilirsiniz ki, universitet qəzetlərində, yaxud rəsmi qurumların mətbuat orqanlarında adətən, dünyasını dəyişən alimlərimiz, ziyalılarımız haqqında şablon yazılar gedir. Başlığa da çıxarırlar ki, məsələn, unudulmaz alim, böyük ziyalı, əsl müəllim... Belə yazıları oxuyanda adamın əti tökülür. Fikirləşirsən ki, doğrudanmı bu dünyada unudulmaz insan var? Doğrudanmı sözün əsl mənasında böyük ziyalı olmaq mümkündür? Doğrudanmı əsl müəllim olmaq da olur? Ancaq bu sözlərin heç biri Tofiq Hacıyevin fonunda, onun şəxsiyyətinin, xarakterinin, elminin və biliyinin üzərində bayağı, şablon, mənasız görünmür və qıcıq da yaratmır. Məhz Tofiq müəllim kimi insanları tanıyandan sonra anlayırsan ki, bəli, həqiqətən də bu dünyada unudulmaz insanlar var. Həqiqətən də bu dünyada əsl müəllimlər var. Həqiqətən də bu dünyada böyük ziyalı, böyük aydın olmaq mümkündür. Hərdən də istəyirsən ki, Tofiq Hacıyevinin adının yanında "böyük alim", "akademik", "bənzərsiz şəxsiyyət" sözlərini təkrar-təkrar işlədəsən ki, bu epidetlər sahibsiz, yiyəsiz qalmasın.

Neçə illərdir jurnalist fəaliyyəti ilə məşğulam və bilənlər də bilir ki, müsahibə almaq çox çətin bir işdir. Təsəvvür edin, əvvəlcə maraqlı bir adam tapmalısan, sonra onun telefon nömrəsini əldə etməlisən, zəng vurmalısan, müsahibəyə razı salmalısan, bundan sonra onunla görüşməlisən, bir araq içməlisən, səhəri gün danışdıqlarını yazıya köçürməlisən, redaktə etməlisən, təzədən müsahibin özünə göndərməlisən, o da baxmalıdır, dediyi bütün fikirləri darayıb sənə qaytarmalıdır, sən də redaktora verməlisən və s. Bu boyda həngamədən sonra 5-10 manat qonorar alırsan, heç onu da bilmirsən ki, hara xərcləyirsən, nəyə gedir.

Bütün bu çətinliklərə baxmayaraq, jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə həqiqətən də maraqlı, bəzən də çox maraqlı faktlarla üzləşmişəm. Ümid eləyirəm ki, nə vaxtsa rahat bir həyatım olsa, yaradıcılıqla məşğul olmağa vaxtım və imkanım çatsa, müsahibə zamanı üzləşdiyim adamların xarakterini obrazlarıma küçürəcəm, onları bir yazıçı kimi bir az da ətə-qana gətirib təzədən cəmiyyətimizin, millətimizin ixtiyarına verəcəm. Təbii, bunlar bir arzu kimi mənim içimdə yaşayır, ancaq indiki halda mənə zövq verən, yadıma düşdükcə xoş hisslərlə xatırladığım bir neçə müsahibə xatirələrim var ki, onlardan biri də Tofiq Hacıyevlə bağlıdır.

Təxminən, 2008-2009-cu illər olardı. Cavan və çılğın vaxtlarımız idi, hələ belimiz əyilməmişdi. Qrup yoldaşım və ən yaxın dostum Sərvər mənim vasitəmlə saytlardan birinə işə düzəlmişdi. Onun aldığı hər müsahibəyə görə 20 manat verirdilər. Baş redaktor demişdi ki, amma müsahibəni Kəramət alsa, 100 verirəm. Mən də ayrı saytda işləyirdim. Ayın axırı idi, qonorarlar verilirdi.

Sərvər Tofiq Hacıyevdən bir müsahibə almışdı. Tofiq müəllim müsahibədə mənim haqqımda çox yüksək fikirlər demişdi. Dostum isə hər müsahibəsini mənə göndərirdi ki, redaktə eləyim. Mən baxmamış sayta vermirdi. Tofiq müəllimin müsahibəsini oxuyandan sonra dedim ki, qardaş, qoy bu yazı mənim imzamla getsin. Sənin adınla getsə, 20 manat alacaqsan, mənim imzamla getsə, 100 verəcəklər. Belə də oldu, 80 manat irəli düşdük və həmin gün gedib yaxşıca yeyib-içdik. Həm də bilirdik ki, Tofiq müəllim sayt-zad oxuyan deyil. Oxusa da, fikir verməyəcək ki, axı bu müsahibəni məndən Kəramət almayıb. Fikir versə də, bir söz deyən deyil, çünki xırdaçıl adam deyildi.

İndi nə Tofiq Hacıyev həyatdadır, nə də onun mənim haqqımda dediyi yüksək fikirlər. Çünki müsahibə mənim imzamla gedirdi deyə, özüm barədə fikirlərin hamısını çıxarmışdım. Ayıb bilmişdim ki, camaat deyəcək, Kəramət tərifdən ötrü ölür, gedib özünü təriflətdirib, indi də tirajlayır. Halbuki, Tofiq müəllim kimi bir alimin mənim haqqımda fikirlərindən ötrü ölməyə dəyərdi.

Yadıma düşən ən kədərli məqam isə odur ki, müsahibənin səhəri günü Tofiq Hacıyevlə Bakı Dövlət Universitetində qarşılaşdıq, mənə dedi ki, Kəramət, o günü bir oğlan məndən müsahibə almağa gəlmişdi, sənin haqqında da danışmışam, oxuyarsan. Mən isə o boyda alimin fikirlərini 100 manata qurban vermişdim.

Məni bağışlama, böyük insan!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm