Köşə
Bülbüllə mənim kədərim
Kəramət Böyükçöl
Bakı Dövlət Universitetinə tez-tez gedib-gəlirəm. Bu gün də getmişdim. Xeyli o baş-bu başa gəzib, dolaşdım. Universitetlə bağlı xatirələrim mənə həmişə əziz və doğma gəlib. Nə qədər danışıram, ancaq yorulmuram ki, yorulmuram.
Filologiya fakültəsi əvvəlcə sevmədiyim yer idi. Tarixə düşmək istəyirdim. Balım da çatırdı. Ancaq ixtisas seçimi zamanı yerləri dəyişik yazmışdım deyə, filologiyaya qəbul oldum. Düzdü, çox pis olmuşdum, amma imtina etmək fikrim yox idi. Düşündüm ki, birinci kursdan sonra tarixə keçərəm.
Yeni tədris ilinin birinci günündə dərsə gecikmişdim. Qorxumdan ölürdüm. Elə bilirdim məni universitetdən qovacaqlar. Yadıma düşəndə, gülməyim gəlir. Onda şeirlər də yazırdım, yəqin ona görə bu qədər saf olmuşam. Düzü, istəmirdim fakültədə məni şair kimi tanısınlar. Təsəvvür edin, sevdiyin qız gedib atasına deyir ki, məni istəyən oğlan şairdi. Biabırçılıqdı, vallah. Adam utanardı. Bilsəydilər, şairəm, xəcalətimdən ölüb, yerə girərdim. Yaxşı ki, sonralar nəsrə keçdim.
Fakültənin dekanı ilə aramız yaxşı idi. Universitetə gəldiyim ilk gündən ondan filologiyadan tarix fakültəsinə keçməyimlə bağlı bir xahiş eləmişdim. Yaxasından əl çəkmirdim. Harada görürdüm, yaxınlaşıb deyirdim ki, bəs o məsələ nə oldu?
Bir gün dekan məni çağırıb dedi:
- Dünən sənə demişdim ki, şəxsiyyət vəsiqəni sabah mütləq gətir. Gətirmisən?
- Müəllim, vallah, yadımdan çıxıb, evimiz yaxındadı, taksiylə yarım saatlıq yoldu, icazə verin, gedim, tez gətirim.
- Tez ol, vaxtımız azdı, get evdən götür, gəl. Sənin məsələni həll eləyim, canım qurtarsın.
Uzun müddət idi ki, bu işin həll olunmasını gözləyirdim. Ona görə də həm sevinə-sevinə, həm də tələsə-tələsə gəldim evə. Dekana verdiyim sözdən beş dəqqiqə tez çatdığım üçün fikirləşdim ki, bir stəkan çay içib, sonra çıxım. Çay içdim və mindim taksiyə. Universitetə çatanda nə olsa, yaxşıdı? Əl atdım cibimə ki, şəxsiyyət vəsiqəsini evdən götürməmiş çıxmışam. Yandım töküldüm. Sən demə, evə çay içməyə getmişəmmiş.
Təzədən taksiyə mindim evə qayıtmaq istəyirdim ki, dekan zəng elədi:
- Gec gəldin, iş qaldı, gələn il baxarıq məsələyə.
- Müəllim, müəllim... İki dəqiqəyə çatıram.
- Yox!.. Qaldı. Sağ ol!
Məşhur bir əhvalat var. Bir tacir varmış. Bülbülünü qızıl qəfəsdə saxlayırmış. Bülbül azadlıqda uçmaq, güldən-gülə qonmaq arzusu ilə alışıb-yanırmış. Bir gün tacir işə gedəndə qəfəsin qapısını bağlamağı unudur. Bülbül axşama kimi uçub gedib-getməməyə qərar verə bilmir. Axşam isə tacir gəlir və bir daha qəfəsin qapısını bağlamağı unutmur.
Təxminən, mən də həmin bülbül kimi taksiylə evə gedəndə çox götür-qoy elədim, filologiyadan tarix fakültəsinə keçim, yoxsa keçməyim. Çox tərəddüd eləyirdim. Çünki uşaqlara üzüm öyrəşmişdi. Fakültənin divarları ilə də əməlli-başlı bacı-qardaş olmuşdum. Ayrılmaq olmurdu.
Bu gün qrup yoldaşlarımızın heç biri universitetdə yoxdu. Hərdən gedib mühazirə otaqlarına baxıram. Partalar həminkidi. Müəllimlərimizin bəziləri dünyasını dəyişib. Dekanımız da dəyişib. Bufetdəki masalar, stullar, çayçı arvadlar... Zaman dəhşətdi.
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı






























