Qoymayın da gedəm, atanız deyiləmmi?
Bizi izləyin

Köşə

Qoymayın da gedəm, atanız deyiləmmi?

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Avqust ayı idi, məzuniyyətə çıxmışdım, sevinə-sevinə pal-paltarımı yığıb yollandım Gəncəyə, oradan da Xoşbulaq yaylağına. Atamla anam keçən ayın əvvəlindən orda idilər. Çatanda gördüm, otun üstünə palaz sərib, üz-üzə dirsəkləniblər, şirin-şirin söhbət edirlər. Öz-özümə dedim ki, Allah axırını xeyir eləsin, nə yaman mehribançılıqdır.

Ümumiyyətlə, mənim düşüncəmə görə, şairin arvadla bir yerdə istirahət etməyi təxminən, düşmənlə səngərdə üz-üzə durmaq kimi bir şeydir. Şair elə arvadın əlindən istirahətə gedər də! Amma nə etmək olar ki, həyatın yazılmayan qanunları var. Bunu ona görə dedim ki, atamla anamın xasiyyətini çox yaxşı bilirəm, onların hər davası yeni sevginin başlanğıcıdır. Çünki hər dəfə dalaşıb barışandan sonra o qədər mehriban olurlar ki, elə bil boşanıb təzədən evləniblər.

Yadıma gəlir, mən balaca olanda evdə atamla anamın mübahisələri çox olurdu. Dava da nə üstə düşsə, yaxşıdır? Heç nə, ya xırda məişət söhbətləri, ya da anamın əsassız qısqanclıqları. Amma uzağı bircə gün küsülü qalandan sonra hər şey unudulub gedirdi. Təzədən barışırdılar, dost olurdular, sevgili olurdular...

Belə davaların ortasında adətən, anam pal-paltarlarını sarı çamadanına yığıb acıq eləyib getmək istəyirdi. Deyirdi ki, gedirəm dədəmin evinə, yoxsa burda vərəmləyib ölərəm. Özü də anam elə tez hazırlaşırdı, adam qalırdı mat-məəttəl. İki dəqiqənin içərisində sarı çamadanını vurub qoltuğuna, gəlib otururdu qapının ağzında. Hələ onun geri çönüb kövrələ-kövrələ guya son sözünü deməyi də vardı, yadıma düşəndə gülmək tutur məni.

Mən bir şeyin səbəbini çox sonralar başa düşdüm. Anam sən demə, ona görə tez hazırlaşırmış ki, bizə çox arxayınmış, o qədər inanırmış ki, hətta çamadanını boş götürüb evdən çıxmaq istədiyi vaxtlar da olurdu. Niyə? Onsuz da bilir ki, bacım bir qolundan yapışacaq, mən o biri qolundan, balaca qardaşım da çamadanından. Anamı heç qapıdan çıxmağa qoymayacağıq.

Bir dəfə necə oldusa, belə davaların birində atam da acıq elədi, pencəyini də götürüb evdən çıxmağa hazırlaşdı. Elə bildi onu da qoymayacağıq getməyə. Gördü bizdən səs-səmir çıxmır. Bir az duruxandan sonra özünü sındırmadı, çıxıb getdi. Aradan heç yarım saat keçmədi, qayıdıb gəldi. Gələndə bizə - bacım, qardaşım və mənə bərk əsəbiləşdi. Nə desə yaşıdır?

- Ay köpək uşağı, qoymayın da gedəm. Atanız deyiləmmi?

Atamın bu sözünə o qədər güldük ki, evdə hamının eyni açıldı. Hətta anamı da gülmək tutdu və barışıq oldu, deyib-güldük. Yenidən əhvalımız düzəldi. Adətən, hər barışıqdan sonra atamla anam bazara gedib çoxlu şeylər alıb gətirirdi. Evdə o qədər yeni əhval-ruhiyyə hökm sürürdü ki, dediyim kimi, elə bil təzə evləniblər, az qala aşıq-zad çağırsınlar.

Balaca qardaşım belə mehribançılıqdan həmişə istifadə eləyib tezcənə atamdan pul alırdı. Bilirdi ki, vəziyyətin bu yerində atam heç nəyə etiraz etməyəcək. Bacım o saat atamın yadına salırdı ki, məktəbdə süpürgəpulu yığırlar, hamı verib, təkcə qalıb o. Atam onun da məsələsini həll edirdi. Mən isə xırda pullarla kifayətlənirdim, kompüterə gedib futbol oynamaq üçün beş-üç qəpik alıb çıxırdım aradan.

Bütün bunları ona görə xatırladım ki, atamla anamı Xoşbulaqda çəmənin üstünə palaz sərib üz-üzə oturan görəndə o saat fikirləşmişdim ki, Allah göstərməsin, görəsən, onların burada davası düşsə nə olardı? Nə mən yox, nə qardaşım, nə də bacım. Bəs anam acıq eləyib getsəydi, onu kim qaytaracaqdı geri? Ancaq uzaqdan atamla anamı belə mehriban görəndə bir şeydə yanıldığımı anladım. Mənə elə gəldi ki, anamı getməyə biz yox, atama sevgisi qoymurmuş. Əslində, atam da gedə bilərdi, atamı da getməyə anamın sevgisi qoymurmuş. Bir sözlə, uşaq-muşaq boş şeydir, adamı getməyə sevgi qoymur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm