Köşə
Viaqra necə hazırlanır?
Kəramət Böyükçöl
Yaxınlarda bir yazının başlığı diqqətimi çəkdi: viaqra necə hazırlanır? Məhz oxunma sayına baxmaq üçün yazını açdım. İki cümləlik bir xəbər imiş. Məlum oldu ki, bir Afrika ölkəsində maralların buynuzunu kəsirlər, hansısa xarici şirkətlərə satırlar, onlar da viaqra hazırlayır. Sözüm onda deyil. Yazı o qədər oxunmuşdu ki, mənim riyazi savadım o rəqəmləri axıra kimi hesablamağa çatmadı. Özü də dəqiq bilirdim ki, saxta rəqəm deyil. Görəsən, niyə belədir? İnsanlar nə istəyir, onlar belə mövzulara niyə maraq göstərir? Bunun məntiqli bir izahı varmı?
Yaxşı xatırlayıram, Azərbaycanda saytlar təzə-təzə yaranmağa başlayırdı. Ən ciddi yazının belə başlığına seks sözünü çıxarırdılar ki, camaat oxusun. Hətta Səməd Vurğundan, İsmayıl Şıxlıdan, Elçibəydən də söz gedəndə çalışırlar ki, başlığa erotik bir cümlə çıxarsınlar. Bunu ardıcıl şəkildə o qədər elədilər ki, müşahidə etmişəm, daha kütləni aldatmaq olmur. Düzdür, yenə də oxunur, amma əvvəlki kimi deyil. Bilirlər ki, başlıq redaktorların hoqqasıdır. Bunu nə üçün dedim? Mənə çatmayan bir şey də odur ki, sekslə məşğul olmaq gözəldir, başa düşürəm, həzz alırsan... Bəs bu mövzuda yazıları oxuyanda nə olur? Bunun da bir həzzi varmı? İkincisi, biz də işimizi-gücümüzü ataq, seksdən, viaqradan yazaq ki, yazılarımız yüz minlərlə oxunsun?
Bəs yazıçı nə etməlidir? Doğrudanmı, kütlə hansı havanı çalır, biz də o havaya oynamalıyıq? Bəlkə də belə lazımdır. Çünki kütləni öz səviyyənə qaldırmaq çox çətin məsələdir. Hətta mümkün deyil. Bu əsrlərlə gedən bir prosesdir. Ömür isə çox qısadır. Yazıçı da insandır, onun da hissləri, duyğuları var. İstəyir kitabları satılsın, pul qazansın, rahat yaşasın, geninə-boluna pul xərcləsin. Yazıları yüz minlərlə oxunsun. Bunun nəyi pisdir ki? İndiki halda isə bizim verdiyimizi cəmiyyət istəmir, onların istədiyini yazmağı isə biz özümüzə sığışdırmırıq. Yəni bir-birimizi dolandırmırıq. Yazırıq, oxumurlar. Heç veclərinə də deyil. Heç tükləri də tərpənmir. Bəs necə olsun? Axı biz yazıdan, oxunma sayından pul, maaş alırıq, başımızı dolandırırıq. Uşaqlar acmı qalsın? Təsəvvür eləyin, ata seksdən, viaqradan köşələr yazır, maaş alır, evə çörək aparır, arvad-uşaq da yeyir, kökəlir.
Bircə şeydən razı olmaq lazımdır ki, bizim cəmiyyətdə qaranlıq heç nə yoxdur. Məsələlər gün kimi aydındır. Yəni camaatın nə istədiyi mübahisə mövzusu deyil. Camaat meyxana istəyir, camaat şou istəyir, camaat seks, viaqra istəyir... Ağır, düşündürücü şeylər istəmirlər. Çünki düşünmək, beyini məşğul etmək ən böyük əziyyətdir. Kitabdan yazırsan, oxumurlar. Elmdən yazırsan, oxumurlar. Ədəbiyyatdan yazırsan, oxumurlar. Ona görə də xahiş edirəm, məndən inciməyin, bundan sonra ancaq viaqradan, seksdən yazacam. Yazılarımın başlığını da belə qoyacam: viaqra necə hazırlanır?
Bu yazımda isə adamları aldatmaq istəyirəm, qoy tez yazını açsınlar, görsünlər ki, burada viaqradan heç nə yoxdur, pərt olsunlar, sınsınlar, geri qayıtsınlar. Həmişə kütlə bizi ələ salır, bir dəfə də mən eləyim, ürəyim soyusun.
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video









.jpg)



.jpg)









.jpg)






.jpg)


