Köşə
“Yaxşı ən yaxşının düşmənidir”
Aqşin Yenisey
İl 1990. Azərbaycan xalqı Bakıda dəniz səviyyəsindən 28 metr dərinlikdə xristian (rus) imperializmi ilə döyüşür; yumruqlardan savayı silah, şeirlərdən başqa məlhəm yox. 28 metr dərinlikdən, dünyanın zirzəmisindən “Azadlıq!”, “Azadlıq!” bağırtıları eşidilir. Bu səs-küy Azərbaycan xalqının tarixində və taleyində misli görünməmiş bir passionarlıqdır. Pardon! Yox, bu xalq bir dəfə də düz 1174 il əvvəl islam (ərəb) imperializminə qarşı bu cür dağıdıcı gücə çevirilmişdi, yadıma gəlir. (Necə edək ki, bu axrıncı cümlə Fazil Mustafa abinin qulağına çatmasın) O vaxt da kişili-arvadlı, qocalı-uşaqlı, aclı-toxlu bütün xalq başqa bir saçlı-saqqallı kişinin başına yığışmışdı. Eyni yumruqlar düz 1174 il sonra bu dəfə Bəzz ucalıqlarında deyil, Bakı dərinliklərdə və başqa bir əsarəti yenmək üçün xortlamışdı. (Bəlkə də, dünyanın işlərinə dünya səviyyəsindən 28 metr aşağıdan güc vurduğumuz üçün belə ağır gəlir yükümüz.)
Həmin günlərdə Azərbaycan televiziyasının ekranında qəfildən bir beyt şeir peyda oldu:
“Bayrakları bayrak yapan üstündeki kandır,
Toprak, eğer uğrunda ölen varsa vatandır”.
Və dərhal bir mübarizə, müharibə himninə çevrildi, yadıma gəlir. Azərbaycanda çox adam bu şerin əsl müəllifinin Mithat Cemal Kuntay adlı bir türk şairi olduğunu bilmir və heç bilməyə də cəhd göstərmirdi. Çünki şerin altında hamı Türkiyənin öz imzasını görürdü.
Yumruqlar və şeirlər öz işini gördü, Azərbaycan xalqı zirzəmidən küləfirəngiyə, 28 metr dərinlikdən dünya səviyyəsinə çıxdı. Bu dəfə türkcə başqa bir şey eşitdik: “Gözləri boncuk mavi, bir gördüm aşık oldum” və s. və i.a. O vaxt kimsə yavaşdan dedi ki, bu, əsl Türkiyə deyil! Daha sonra üstündə Harun Yəhya imzası olan və tanrını, az qala, modern epoxanın kəşfi kimi izah etməyə girişmiş bir yığın kitab gəldi; yenə kimsə yumruğunu çənəsinə söykəyib fikirli-fikirli dedi: “Deyəsən, bu da əsl Türkiyə deyil”.
Sonra Bakı küçələrində kiçik qasırğa modelləri kimi fırlanan, görünüşü ilə modern edam kürsülərini xatırladan dönər aparatları gəldi. Yenə eyni söz: “Bu əsl Türkiyə deyil”.
Sonra müştərilərinə içkini qadağan edən lokantalar gəldi; yox, bu da əsl Türkiyə deyildi bizim gözümüzdə. Çünki biz keçən əsrin əvvəlində Türkiyənin Qafqaza Ənvər Paşanın islam ordusu, Hüseyn Cavidin pantürkist, Turançı romantikası ilə gəldiyini və islamın bolşevizmə, romantikanın realizmə, müvəqqəti də olsa, yenildiyini görmüşdük.
Bu zaman hamı bir suala cavab axtarmağa başladı, bəs əsl Türkiyə hanı? Mən bu suala düz iyirmi yeddi ildən sonra cavab tapdım: Əsl Türkiyə heç vaxt ixrac olunmur! Əsl Türkiyə heç vaxt özünü bazara çıxartmır! Əsl Türkiyəni satmaq mümkün olmadığı kimi, almaq da mümkün deyil. Ona görə kimsə bu işdə maraqlı deyil. Əsl Türkiyəni təsvir etmək üçün seçilmiş sözlərə ehtiyac var, yəni onu daha çox şeir, sənət dili ilə çatdırmaq olar oxucuya; amma indi, şair demiş, vəsf vaxtı deyil, Afət! Mən bundan sonra mövzsusu Türkiyə olan yazılarda daha çox Azərbaycanda olmayan, görünməyən Türkiyədən yazmağa çalışacağam. İlk yazını daha təhlükəsiz mövzular olan elm, sənət dünyası haqqında da qaralaya bilərdim; məsələn, yazsaydım ki, türklər iyirmi birinci yüzildə cinayətkar aləmdən 300 seriyalı dizi çəkirlər, amma heç bir seriyada heç bir obraz - nə arvadı oğurlanan qəzəbli ər, nə də arvadı oğurlayan əsəbi cinayətkar bircə dəfə də siqaret çəkmir, sənət dünyasında heç kim sözümdən inciməzdi. Yaxud yazsaydım ki, Türkiyədə elm o qədər dar bir çevrənin yemi ki, bir təriqət və ya bir çete halına gəlmiş. Əlinə kitab alan dərhal "intellektual diktatora" çevrilir və başlayır ətrafındakılara öz təbəələri kimi baxmağa, yenə heç bir qardaş intellektual mısmırığını sallamazdı. Çünki bütün ağıllı adamlar bilir ki, siqaret qorxusu olan şey sənət olmadığının fərqindədir və elmdə çevrə daraldıqca beyin öz hədəflərinə çatmaq üçün daha da sərrastlaşır və onu da bilir ki, elm özünə qapandıqca ictimai şüura təsir imkanlarını itirir və bugünki mənzərə ortaya çıxır.
Ona görə də mən nisbətən təhlükəli mövzulara yaxın olan bir həndəvər seçdim; bu yazıda oxuculara Türkiyə və Azərbaycandakı iş mühitindən, daha doğrusu, hər iki ölkədəki rəqabət mühiti haqqında danışacağam.
Biz tərəflərdə sovetlərin sosial bərabərlik rəndəsi vaxtilə bütün sahələrdə öz gücünə baş qaldıranları yonqara çevirdiyi üçün Azərbaycanda rəqabət mühitini birmənalı olaraq ortabablar formalaşdırır; o qırmızı rəndənin ruhu hələ də canımızdan çıxmayıb. Türkiyədə isə bu mühit peşəkarların əlindədir. Bu sözlərimi gerçəkliklə bağlamaq üçün hədəflərin dağınıqlığı və hədəflərin rəngarəngliyi ifadələrini köməyə çağırıram. Baxırsan ki, həm Türkiyədə, həm Azərbaycanda bir sahənin – mən ədəbiyyatı təmsil etdiyim üçün günahı özümdə görürəm və problemi ədəbiyyat üzərindən izah etməyə çalışacağam – qarşısına qoyduğu hədəflər, aşağı-yuxarı eynidir. Amma bu hədəflər bizdə dağınıqlıq təsiri bağışlayır, Türkiyədə rəngarənglik. Məsələn, Azərbaycanda şair (sən ürəyində istənilən sənətin sahibi kimi oxu) bir az avanqard şair kimi uğurlu olmalıdır, bir az astagəl deputat, bir az diribaş valideyn, bir az "delavoy" dost, bir az iqtidaryönlü, bir az müxalifətyönlü, bir az ənənələrə sadiq tamada, bir az qalstuklu elmlər namizədi və s. çeşidli imkanlara sahib personaj kimi uğur qazanmalıdır. O, təkcə şair kimi uğurlu hesab oluna bilməz. Çünki ondan soruşacaq və tələb edəcəklər; uğurlu şairsənsə, niyə deputat seçilməmisən? Uğurlu şairsənsə, niyə arvadla yola getmirsən? Uğurlu şairsənsə, hanı sənin altının CİP-i, hanı oğlunun cinsiyyət orqanının toyuna gələn vəzifəli, imkanlı şəxslər? Bütün bu tələblərə cavab vermək üçün şair (sən ürəyində istənilən sənət sahibi kimi oxu) əlli yerə dağılmağa məhkumdur və bu az-az, "əlli-əlli", sənətinə dəxli olmayan uğurların cəmi onun rəqabətə davamlılığını şərtləndirir, beləliklə, o, öz sənətinin ortababına çevrilir. O, ancaq cılxa şair kimi uğurlu olsa, ortabablar onu, onsuz da, digər əməllərdə yararsız elan edib çıxdaş edəcəklər. Heç kim də bir söz deməsə, bütpərəst tənqidçilər onu içki-zad içməkdə suçlayıb şalvardan çıxaracaqlar. (Halbuki Türkiyədə tənqidçilər şairlərin içki içməsini, az qala, fəxrlə yazırlar, əgər o, sadəcə, şairdirsə.) Şəxsiyyət dağınıqlığı iş, sənət dağınıqlığını da yaradır. Türkiyə də isə şair elə şair kimi uğurludur, həkim elə həkim, professor da elə professor kimi uğurludur. Onun rəqabətə davamlılığını öz işinə necə sadiq və peşəkarcasına yanaşması şərtləndirir. Onun öz uğuruna inanması üçün həm də yaxşı restoran müdiri olmasına ehtiyacı yoxdur. Türkiyədə şair, məsələn, həm də "delavoy" politoloqdursa, bu, o deməkdir ki, o, burada həm şair, həm politoloq kimi heç kimdir! Əgər tanrılara qurban lazım olsa, birinci onu qabağa itələyəcəklər. Cəmiyyət özü şəxsiyyətlərinin pərakəndəliyinə icazə vermir, çünki şəxsiyyəti dağınıq adamın bütöv bir iş görə biməyəcəyi aksiomasına inanır hər kəs. Buradakı qardaşlarımız da Qərb dünyasındakı peşəkarlığın heyranıdırlar, ortabablığın aclığa məhkum olunduğu dünyanın.
Bu gün peşəkarlaşan dünyada ortabablıq özünü yalnız qəhrəmanlıqla xilas edə bilər, ona görə bizim şair (sən ürəyində istənilən sənət sahibi kimi oxu) 64 cəbhədə döyüşür, özünü fəda edir. Ta Koroğlunun tüfəngə təslim olmasından bu yana qəhrəmanlıq epoxası öz yerini peşəkarlığa verib. Fiziki gücün canfəşanlığı ağıl soyuqluğu qarşısında geri çəkilib. Qəhrəmanlıqda məqsəd çox zaman qələbə çalmaq yox, sadəcə, xilas olmaqdır, bax, ətrafındakı insanların sifətinə dediyimi anlayacaqsan. Çalış, sən öldür ki, səni öldürməsinlər. Qəhrəmanlıq ortabablığın fəlsəfəsidir və fitri istedaddan qaynaqlandığı üçün mənşəcə mövhumidir, onun cəlbediciliyi də bu xassəsidir. Ortabablıq üçün istedad kifayətdir. Biz inkişafın istedad mərhələsində ilişib qalmışıq, yəni xammal mərhələsində. Peşəkarlıq istedadın emal olunmuş, cilalanmış halıdır. Rəqabət mühiti isə elə bundan ötrü lazımdır.
Bayaqdan demək istəyirdim ki, Türkiyə bu mühiti yarada bilib; şairlərinin, aydınlarının, həkimlərinin və s. arasında və bu mühitin keyfiyyətlərini nə o, bizə ixrac edir, nə də biz özümüz idxal edirik. Hətta bu mühitdən kənarda nə baş verirsə, türkiyəlilər özləri də özləri haqqında elə belə deyirlər: “Bu, əsl Türkiyə deyil!”
-
Sosial15:25Bu rayon hərbi komisarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR



















.jpg)

















