Köşə
“İctimai insanın çöküşü”
Aqşin Yenisey
Başlığa çıxadığım ad bu günlərdə oxumağa başladığım, eyni zamanda oxumayanlara da tövsiyyə etdiyim amerikalı sosioloq Riçard Sennettin kitabının adıdır. Bu yazı da kitabın ilk fəslini oxuya-oxuya tələm-tələsik ağlımdan keçirdiklərimdir. O qədər qəflət dünyasında yaşayırıq ki, hətta fikirləşəndə də tələsməliyik, sonra dünyaya çata bilməyəcəyik və Platonovun Can xalqı kimi sərgərdan səhra qövmünə çevrilməyimizdən zövq almağa başlayacağıq.
SSRİ dağılandan sonra Azərbaycanda siyasi problemlərlə yanaşı, mənəvi problemlər də tüğyan etməyə başladı, onlardan ən ictimai, kütləvi olanı ictimai həyat ilə şəxsi həyat arasında sərhədlərin ortadan qalxması idi. Sovet imperiyasının respublikalara, kiçik milli dövlətlərə parçalanması ilə yanaşı, sovet cəmiyyəti də müxtəlif sosial təbəqələrə, ictimai kastalara, dini təriqətlərə bölündü və bir-biriləri ilə uzun illərdir dondurulmuş qarşıdurmaların haqq-hesabını çürütməyə başladılar. Şəxsi, milli, etnik emosiyaları yox etmək üçün ümumi ictimai maraqlar ətrafında zorla birləşdirilmiş insanlar pərən-pərən düşdülər və özlərini yenidən toparlamaq, şəkilləndirmək üçün geriyə, ən yaxında olan keçmişlərinə milli, etnik kimliklərinə, şəxsi həyatlarına qayıtdılar. Çünki sovet imperiyasını heç bir yeni ideya dağıtmamışdı, o, sadəcə, öz keçmişinə, öz ideologiyasına məğlub olmuşdu; tünd sirkə öz qabını sındırdığı kimi.
Babil dağıldıqdan sonra iudaizmə (təktanrıçılığa), Roma dağıldıqdan sonra xristianlığa sığınan insanlar SSRİ dağıldıqdan sonra, yeni heç nə tapmayıb, keçmişə döndülər və yeni olacaq çağlarının yolunu gözləməyə başladılar. Türklər demiş, işte, biz keçmişinə qayıdıb öz gələcəyinin yolunu gözləyən o cəmiyyətlərdən biriyik.
Qapalı mühitlərdə ictimai həyat icma həyatıdır, burada şəxsi olan hər şey icma mənafeyinə qurban verilir. İcmanın mənafeyinə xidmət etməkdən boyun qaçıran hər bir fərdi cəza gözləyir; sui-qəsd, sürgün, həbs və ən yaxşı halda Spinozasayağı tənhalıq. Bu gün sovet imperiyası dağılıb, amma sovet icma ənənələri hələ də yaşayır, sovetdənqalma ictimai yumruqlar hər yerdə fərdi əzməklə məşğuldur. Ona görə sosial şəbəkələr vasitəsilə şəxsi, fərdi mövqeyini, mənafeyini ortaya qoyan hər bir kəsi icma lənətləyir. Tənhalığa nifrət tərbiyəsi və təlimi almış bu icma çox yaxşı bilir ki, tənhalaşmış, özünü icmadan hesab etməyən hər bir kəs onun düşmənidir, o elə düşmən olduğu üçün ortada qalıb, tənhalaşdırılıb. Tənhalığın yalnız bu məcburi növünün yaradıcılığa çevrilmək şansı var. İcma ona görə yaradıcılığa, yeniliyə də nifrət etmək zorundadır. Televizorlarda, sosial şəbəkələrdə gözə dəyən fərdlər daş-qalaq olunur; geyimlərindən, saç düzümlərindən tutmuş, onlara süd verib, böyüdən valideynlərinə qədər şəxsi olan nələri varsa, hamısı aşağılanır. Bəs ictimailəşmə necə öz gücünü itirir, şəxsiləşmə necə baş verir? İcmadan qopma, tənhalaşma nə zaman çıxış yoluna çevrilir?
Gəlin lap uzaqlardan başlayaq, onsuz da, avara adamlarıq, iş yox, güc yox. Babil niyə dağıldı? Mənbələr yazır ki, Babil öz əxlaqsızlığının qurbanı oldu, qardaşlar bacıları ilə, analar oğulları ilə yatmağa başladı. Bunun nəticəsi idi ki, çoxtanrılı Mesopotamiyada insanlar əxlaqi qadağalar üzərində qurulmuş təktanrıçı dinlərə sığınmağa başladılar. Bizim bu gün bir-birimizin paçasını güdməyimizin baiskarları beş min il öncə ölüb gedən əhlikef Babil əhalisidir. Əxlaqi pozğunluq, özbaşınalıq Babildə o həddə çatmışdı ki, Babil aristokratiyası, "Tövrat"da deyildiyi kimi, “rəbbləri ilə yarışmaq üçün” allahın yanına qalxmaqdan ötrü qüllə tikməyə girişdilər. Sonrasını hamınız bilirsiniz. Bəs Roma niyə dağıldı? Yenə siyasi-əxlaqi çürümə. Kaliqulanı xatırlayın, bacısı ilə yatırdı, öz dostlarını öldürür və onları ələ salırdı ki, tanrı varsa, qoy sizi mənim bu qanlı əyləncəmdən xilas etsin. Bu cür əxlaqi-siyasi çürümə Qərb xalqlarının Romaya güvənini sarsıtdı və Roma xalqları yeni bir əxlaqi sığınacaq axtarmağa başladılar; Yaxın və orta Şərqdə, qulaqlarının dibində isə xristianlıq gizli mənəvi bir sığınacaq kimi böyüməkdə idi. Avropa xalqlarını sonradan qaranlıq adlandırdıqları çağın zülmətinə qərq edən də Roma saraylarının çılpaq bədənləri nümayiş etdirən gur işıqları oldu. Bu gün modern Qərbin dünyaya təsirinin azalmasını da modernizmin xristian burjua əxlaqını zədələməsi ilə əlaqələndirənlər var. Postmodernizm keçmiş burjua əxlaqına qayıdışdır.
SSRİ dağılandan sonra bizim cəmiyyətdə bu iki halın hər ikisininin kütləviliyindən, ictimailiyindən fərdiliyə qaçış başlamışdır. İnsanlar həm sovet aristokratiyasının heç bir şəxsi mənafeyi qəbul etməyən inzibati-siyasi poğunluğundan, həm də başa çatmaq əvəzinə islam burjuasının müdaxiləsi ilə vaxtaşırı şiddətlənən dinin “qaranlıq çağı”ndan qaçmağa çalışır. Amma sığınmağa hələ ki, yeni bir məbəd olmadığı üçün icmalaşmaq üçün sovetizmdən qaçanlar islama pənah gətirirlər, ictimai gücdən məhrum olmamaq üçün islamdan qaçanlar sovetizmi yaşatmağa çalışırlar. Hər iki halda qaçış geriyə doğrudur, çünki irəlidə ümidverici heç bir işıq görünmür. Bizim cəmiyyətdə artıq ictimai əhəmiyyətini itirmiş ictimai insan obrazını ölməyə qoymayanlar da onu geriyə çəkən bu insanlardır. Həyatı şəxsiləşdirməyə, fərdi ictimai mühitin, icmanın önünə çıxarmağa cəhd edənlər isə irəli getməyə yolu, geri qayıtmağa niyyəti olmayanlardır ki, onlar din və sovetizm yolayrıcında dayanıb gözləyirlər. Onlar ictimai olanın, icma olanın zərərli vərdişlərdən başqa bir şey olmadığını bilirlər, ona görə cəmiyyəti fərdlərə, şəxslərə parçalamaq istəyirlər. Kütləvi qiymətləndirməni rədd edirlər. Bu isə bizim keçmişə sığınmış, gücünü keçmiş icma ənənələrindən alan ictimai insanımızı narahat edir. İctimai insan bizdə keçmişin qalığıdır. O, gələcəyin yaradıcısı yox, keçmişin keşikçisidir. İctimai insan bizdə dinin və sovetizmin tör-töküntüsü ilə qidalanır. Onun gələcəyə aid heç bir ümidi, xəyalı yoxdur. O yaratmır, amma dağıtmağa da qoymur. Gələcək onu vahimələndirir. O, ictimai fiqur olsa da, qalada yaşamağı sevir, sovetdənqalma kabinetini, imtiyazlarını, nüfuzunu ancaq özünün müdafiəsinə xərcləyir. Çünki o bilir ki, bunlardan başqa ona aid olan fərdi heç bir dəyəri yoxdur. Onun şəxsi düşmənləri belə onun özünə deyil, kabinetinə, imtiyazlarına göz tikiblər. Onu öz qalasından qovsan, heç kim onunla maraqlanmayacaq, çünki qiymətli olan o deyil, gizləndiyi qalasıdır. Bizim ictimai insanın kostyumunu futbolka ilə əvəz etmək yetər ki, o, heç kimə çevrilsin. Ona görə o yatanda da qalstukla yatır. Onun vur-tut bir pencəklik canı var. Vaxtilə din, daha sonra sovetizm ondan şəxsi olan qiymətlisini alıb, əvəzində ona ictimai olan özünün ucuzunu satıb. O, bazarın tələb və təklifinə uyğunlaşdırılmış insandır, indiki yeni bazarda ona tələb yoxdur, özəl keyfiyyətlərinin olmaması isə onu antikvar olmaqdan da məhrim edib. O, kütlənin ideologiya çəkici altında preslənmiş halıdır, ona görə hər bir fərdiləşməni özündən qopma kimi başa düşür. O, milyonlara bölünməkdən qorxur. Babili dağıdan allah insanları xalqlara, dillərə parçaladı, ancaq çox keçmədən səhv etdiyini anladı və onları yenidən vahid din, vahid dil altında birləşdirmək üçün peyğəmbərlər göndərdi. Lakin çox gec idi. Bizim ictimai insan tanrının səhvini təkrarlamaq istəmir. Ancaq onun xəbəri də yoxdur ki, bir vaxtlar ondan cəmləşdirilmiş milyonlar çoxdan onu tərk ediblər və o, öz kostyumunun içində müqəvva kimi quruyub. Ona görə indi onun pencəyindən başqa heç nəyi yoxdur. Ya da bəlkə də, bunu bildiyi üçün heç vaxt pencəyini əynindən çıxartmır. Bizim ictimai insan indi, sadəcə, pencəkdən ibarətdir.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?