Köşə
İnsan bilmədiyinin düşməni yox, köləsidir
Aqşin Yenisey
Yaşı otuzdan yuxarı olan hər bir azərbaycanlını bir inqilabın övladı da olmasa, nəvəsi adlandırmaq olar. Yaşı otuzdan yuxarı olan hər bir azərbaycanlı mənəvi-psixi-siyasi ölçüdə bir sovet vətəndaşıdır.
Ona görə də yaşı otuzdan yuxarı olan azərbaycanlıda mavzoley ruhu hakim; ölüsünün dirisindən daha dəyərli olacağına inanır. Onun üçün gələcək zaman həyatı deyil, ölümü ifadə edir.
Ona görə yaşı otuzdan yuxarı olan azərbaycanlıda tərbiyə anlayışı itaətin məişət forması kimi üzə çıxır.
Ona görə yaşı otuzdan yuxarı olan azərbaycanlıda avtomobil sevgisi, məsələn, vətən sevgisindən ucadır, çünki o, sonradan iştirak etmədiyi sənayeləşmiş bir cəmiyyətin yetirməsidir. Sonradan inananlar, qazananlar isə daha radikal olurlar (məsələn, islamı sonradan qəbul etmiş farslar və türklər kimi).
Ona görə yaşı otuzu keçmiş hər bir azərbaycanlıda sənət imtiyazlar mühitinə girmək üçün bir viza kağızıdır.
Ona görə yaşı otuzu ötmüş hər bir azərbaycanlının yanaşmasında əmək əfəllərin, tənbəllərin fəaliyyət növüdür və meymunu insana deyil, insanı meymuna çevirir.
Ona görə yaşı otuzu ötmüş azərbaycanlıda xarakter fərdi yox, kütləvi keyfiyyətdir.
Ona görə yaşı otuzu keçmiş azərbaycanlıda şəxsiyyət uğura verilən ləqəbdir. Uğursuzsansa, məsələn, evlənib-boşanmısansa, deməli, şəxsiyyətində problem var.
Ona görə yaşı otuzu keçmiş hər bir azərbaycanlıda əxlaq birgəyaşayış norması deyil, başqalarına nəzarət metodudur.
Ona görə yaşı otuzu keşmiş azərbaycanlıda təhsil iaşə xidmətidir.
Ona görə yaşı otuzu keçmiş azərbaycanlı üçün pul “cənnət qəbzidir”, mistik gerçəklik faktıdır.
Ona görə yaşı otuzu keşmiş azərbaycanlıda qanuna sitayiş mədəniyyəti deyil, qorxaqlığı rəmzləşdirir.
Ona görə yaşı otuzu keşmiş azərbaycanlının paltarı özündən daha alicənabdır, pencəyi özündən daha ziyalıdır.
Ona görə yaşı otuzu keçmiş azərbaycanlıya görə yaşı otuzu keçməmiş azərbaycanlı həmişə haqsızdır.
Ona görə yaşı otuzu keçmiş hər bir azərbaycanlı taleyə reallıq, tarixə xülya kimi baxır.
Ona görə yaşı otuzu keşmiş azərbaycanlının gələcək zamanı bu gündür, onun bu günü valideyninin keçmişidir.
Onu kim belə böyüdüb? Əlbəttə ki, fəlsəfəsini, məqsədini bilmədiyi inqilab. Süni ehtiyaclar və ideyalar əmziyi ilə. İnqliab neandertalı homosapiensə çevirə bildiyi kimi, əksini də bacarır.
Yaşı otuza çatmamış azərbaycanlı isə yaşı otuzu ötmüş sələfindən fərqli olaraq inqilabın nəvəsi yox, üsyanın oğludur. Ona görə də o dəyişmək yox, dağıtmaq istəyir. “Meydan hərəkatı”nı inqilab adlandırmaq üçün əlimizdə nəzəri sübutlar yoxdur. İnqilab bir sui-qəsddir və əsaslandırılmış nəzəriyyənin icrasıdır. Azadlıq hisslərlə bağlı ehtiyacdır, onu əldə etməyin yeganə yolu üsyandır. Üsyansız əldə edilən azadlıq rifahdır. Rifah üsyanın yox, inqilabın hədəfidir, ona görə inqilab həmişə hakimiyyəti dəyişmək istəyir. Üsyan isə xalqın özünə qarşı da baş qaldıra bilər. İnqilabın arzusu dəyişiklikdir, azadlıq deyil. İnqilab hisslərin deyil, ağlın ehtiyacıdır, onu soyuq başlar düşünür, isti əllər həyata keçirir.
Son 250 ildə dünyada baş verənlərə sui-qəsdlər nəzəriyyəsinin gözü ilə baxdıqda məlum olur ki, yerin səthində üsyanlar inqilablardan daha çox olub, yəni azadlıq istəyənlərin sayı çörək istəyənlərin sayını həmişə üstələyib. Ona görə inqilab şairi yazırdı ki, çörək bol olarsa, vətənə “heşzad olmaz”. Bunun digər səbəblərindən biri inqilabi ideyanın yetişməsi üçün zamana ehtiyacın olmasıdır. Məsələn, rus-bolşevik inqilabının toxumunu meyvəsindən, hardasa, 200 il əvvəl Almaniyada kilsə hüquqşünası Adam Vayşhaupt xristianlığın içindən kommunizm ideologiyasının 5 əsas prinsipini çıxarmaqla insanların beyninə əkmişdir. Hətta Çörçill də İlluminatinin banisi Vayşhaupt ilə Karl Marks arasında xəyali bir əlaqə qurur və bolşevizmin də dünyanı yıxmaq üçün hazırlanmış böyük bir sui-qəsd olduğunu irəli sürürdü.
Yaxud "Axmaqlar üçün Sui-qəsd Nəzəriyyələri və Gizli Cəmiyyətlər" adlı bir kitabın müəllifləri Kristofer Hodapp və Alisa Von Kannon küçələrdə atılıb-düşən xalqları inqilabların müəllifi hesab edənlərə başqa bir kitabdan sitat gətirərək sui-qəsd nəzəriyyəsinin köklərini Fransız İnqilabına aparıb çıxarır və Fransız İnqilabını XI əsrdən başlayan Katolik kilsəsinin kripto qolunu təşkil edən döyüşçü keşişlərdən ibarət "Məbəd Cəngavərləri"nə bağlayırlar. Unudanlar üçün xatırladım ki, Avropada ilk dəfə fransız kralları kilsə vergilərinə şərik çıxdılar və dini dövlətdən ayırdılar. Kitabda belə bir yer var: "Fransız kralı tərəfindən pislənən və 1300-cü illərin əvvəllərində kilsə tərəfindən yandırılaraq öldürülən "Məbəd Cəngavərləri" yeraltına çəkilmiş və intiqam üçün beş əsr gözləmişdilər". Yəni inqilablar, əslində, dirilərin yox, "ölülərin" intiqamıdır. Yetər ki, o "ölüləri" oyatmaq istəyən məqsədlər və qüvvələr olsun. O ölkələrdə heç vaxt inqilablar olmur və olmayıb ki, orada oyadılacaq "ölülər" yoxdur. Ya da hələ hamı sağ olduğunu zənn edir...
250 ildə, demək olar ki, bütün sui-qəsd nəzəriyyələrinin mənşəyinin eyni olduğu söylənilir; yəhudilər və gizli cəmiyyətlər, xüsusən də Masonlar. Dünya bu fərziyyəyə inananlar və ələ salanlar olmaqla iki qövmə ayrılıb. Masonlar haqqında dünyada güc, sərvət, nüfuz sahibi olmaları mifinə inanmayanlar dünyada, gücu, sərvəti, nüfuzu, sadəcə, təsadüfi proseslərin yaratdığına inanırlar. Yəni tarix sui-qəsd nəzəriyyələrinin deyil, təsadüfi proseslərin məhsuludur. Yəni məsələn, Məhəmmədin simasında qadını çadraya bükən, Adnan Oktarın simasında qadını lüt-üryan edən şey eyni dini ambisiya deyil, biri ilahi, o biri şəxsi olan baş tutmuş təsadüfdür. Ancaq özünü bu mürəkkəb oyunların fövqündə görənlərin tarixdəki yerinə baxsanız onları həmişə küçədə əllərindəki çömçəni boş qazanlara döyəcləyən yerdə görəcəksiniz. bəhsini eydiyimiz yaşı otuzdan yuxarı olan azərbaycanlı adını belə eşitmədiyi Rokfellerin bolşevizm sui-qəsdinə məruz qalmış vətəndaşdır. Ona görə o, hər şeydən intiqam almaq, acıq çıxmaq istəyir. Onun hətta toyda dostundan beş manat artıq nəmər yazdırması, yasda qonşusundan fərqli olaraq ağlaya-ağlaya masaya halvayla yanaşı, banan düzməsi də içindəki qisas hissinə xidmət edir. Keçmiş hadisələr insan beynində yuxuya çevrildiyi kimi, keçmiş inqilablar da gələcəyin kabusuna çevrilirlər. Biz hələ də bolşevik inqilabının kabusunu yaşayırıq. Ona görə kabus deyirəm ki, bolşevizm uğrunda yaxa yırtan heç bir azərbaycanlı alman keşişi Adam Vayşhauptun kasıbların gücündən istifadə edərək kommunizm adı altında xristianlığa alternativ yeni bir din yaratdığını və sərvətlərin bir qrupun əlindən digər qrupun əlinə keçməsi üçün ateist mövqeni “savunduğunu” bilmirdi. Heç deyəsən indi də bilmir. Kasıbların gücündən istifadəni isə qənim kəsildiyi din öyrətmişdi ona. Çünki kommunizmin ulu babası din də öz dövrünün cahillərinə əbədi səadət vəd edirdi.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?