Biz modernist olmaq istəyirik!
Bizi izləyin

Köşə

Biz modernist olmaq istəyirik!

Aqşin Yenisey

Aqşin Yenisey

On doqquzuncu əsrin ortalarından başlayaraq, Qərbdə məhdud dünyagörüşlü adamlar istənilən pornoqrafiyanı modernizmin ayağına yazıb, ağız büzürdülər. Bu hal bizdə XX əsrin sonu, XXI əsrin əvvəllərində postmodernizmə münasibətdə özünü göstərdi. Postmodernizmi yerli məlliflər və oxucular səhv anlamışdılar. Qərbin iki əsr əvvəl modernizm kimi anladığı və “dəyərlərə hücum” vampirliyi kimi tənqid etdiyi şeyi biz postmodernizm kimi anlamağa və aşağılamağa başladıq. Bu gün də yerli postmodernistlərin cəmiyyətdə bir şarlatan, cüvəllağı, vampir obrazı var. Məhdud dünyagörüşlü adamlarımız istənilən açıq-saçıqlığı, məişət tərbiyəsizliyini postmodernizmin ayağına yazıb şəxsləri qaralayır. Halbuki nə əsl moderinzm o vaxt Qərb cəmiyyətinin gördüyü idi, nə də əsl postmodernizm bizim cəmiyyətin söydüyüdür.

Modernizm buxar mühərrikinin icadı ilə başlayan texnoloji bir inqilabi düşüncənin epidemiya kimi həyatın digər sahələrinə yayılması idisə, postmodernizm Naqasaki, Xirosimadan sonra nüvə silahlanmasına qarşı geriyə dönüş kimi meydana çıxmış təbii, zəruri ideya idi. Postmodernizm nüvəsiz dünya həsrətindən doğub həyatın digər sahələrinə yayıldı. Bu, ilk dəfə elmdən qaçış idi, tarixə, keçmişə, dinə qayıdış idi. Nüvə silahlanmasına baxanda keçmiş daha təhlükəsiz bir dünya kimi görünürdü. Postmodernizm nüvəsiz keçmişin “dirildilməsi” cəhdi kimi ortaya çıxmışdı. Həssas zəkalar gələcəyə ümidini itirmişdi. Texnoloji inkişaf insanı təməl ideyalardan uzaqlaşdırıb istehlak ünsürünə çevirmişdi. İnsan öz yaratdığının qulu olmuşdu. Elm insanın ruhunu didərgin salmışdı. Postmodernizm ruhun axtarışı, ruha qayıdış idi. Və söhbət ruha qayıdışdan getdiyi, həm də ən populyar kult olduğu üçün həm modernizmin, həm postmodernizmin ən çox müzakirə olunduğu mühit sənət, ədəbiyyat mühiti oldu. Eyni müzakirələr bir zamanlar dinin heçə saydığı insan bədənini “diriltmək” uğrunda moderizm yolunda aparılmışdı. O vaxt da heç kim ilk dəfə kinetik enerjini mexaniki enerjiyə çevirən buxar mühərrikinin yaradıcısı Ceyms Vattı söymürdü, söyüşlərin hədəfində modernist düşüncəni sənətə daşıyan, ruhu aşağılayıb, bədəni tərənnüm edən şairlər, yazıçılar, rəssamlar idi. O yaradıcı şəxslər ki, sənət devizləri “məni təəccübləndir!”, “yeni olanı yarat!” deyirdi və bu da bütün köhnələrin üstündən xətt çəkmək demək idi. Sənətdə isə köhnə ilə keçmiş eyni mənanı verir. Sənətin görünən hədəf olmasının bir səbəbi də mühərrikdən fərqli olaraq şeirin evlərə daha rahat girə bilməsi idi. Amma bu gün bizim insanın modernizm cildində görünən post modernizmi söyməsinin heç bir mənası yoxdur, çünki bu gün artıq hər kəs ən vulqar pornoqrafiyanı cibindəki telefonla özü ilə hər yerə daşıyır. Bu günün insanının pornoqrafiya adlı problemi yox, yükü var. Bu günün sadə insanından dünyanın hər yerində pornoqrafiya mənbəyi kimi istifadə etmək olar. Əslində, bizdə postmodernizm deyə bir şey də yoxdur. Biz hələ ruhdan qaçırıq, bir şərqli kimi ruhanilikdən təngə gəlmişik. Bizi bədənimizin azadlığı və ehtiyacları düşündürür. Bu “görməmişlik” isə təkcə sənətdə deyil, həyatımızın hər sahəsində tüğyan edir. Biz, sadəcə, bədəninin ehtiyacları içində boğulan acgöz modernistlərik. İstəsək belə bizdən postmodernist çıxmaz. Bəs əsl postmodernizim nədir? Nə demək istəyir?

Son 50 ildir ki, modernizmin həm kefini, həm zülmünü yaşamış dünyada elm haqqında intellektual mühitlərdə pessimist fikirlər səslənməyə başlayıb. Kütləvi qırğın silahları, GMO qidaları, elmin xaotik inkişafının insanların psixoloji suallarına cavab verə bilmək əvəzinə, onları daha da anlaşılmaz bir gələcək bozluğu ilə həyəcanlandırması kütləvi nəşrlərdə ruhani firavanlıq axtarışlarını şiddətləndirib. Bu da öz növbəsində, dini keçmişə münasibəti xeyli yumşaldıb. Çünki artıq elm də özünün mənəvi, fəlsəfi missiyasını unudub. Bir vaxtlar özünün yaratdığı oturuşmuş dəyərlər sistemi içində mənəvi, ruhani dəyərləri bazara çıxarıb alverçilik edən din kimi maddi dəyərlərə sarılıb. Bu gün dünyanın ən savadlı insanları illik gəliri 100-150 min dollar olan "Slikon Vadisi"nə qaçır. "Slikon Vadisi" də artıq elmin Qüdsünə çevrilib. Firmalar 3 günə böyüyən toyuqlar yetişdirmək, satıb, tezbazar varlanmaq üçün laboratoriyalarda alim kölələr saxlayırlar. İllik gəlir reytiqlərində yarışan şirkətlər elmi ictimai məsuliyyətdən məhrum edib. İnkivizisiyadan sonra mönteskyölər, didrolar, volterlər Avropa insanının minillik allahçı düşüncəsinin yerinə insançı düşüncəni qoydular, bundan ötrü onlar da keçmişə üz tutdular, xristianlığı qədim yunan mədəniyyəti ilə əvəzlədilər. Modernizmin insan bədəninə verdiyi önəm də qədim yunan heykəltaraşlığından gəlirdi. Özündə insan bədəninin qüdrətini cəmləmiş bir intibahdan. Və dünyada “insanın allahlıq” etdiyi cəmi 3 əsrdən sonra Avropada dalbadal iki Dünya müharibəsi baş verdi. Bu müharibələrdən sonra XX əsr Avropa ədəbiyyatı təklənmiş, yadlaşmış, düşüncəsi qarışmış obrazlarla doldu. Absurd teatr elmi inkişafın yalqızlaşdırdığı, məqsədsizləşdirdiyi, taleyi nə allahın, nə də öz əlində olan insan haqqında yarandı. İnsan hər yerdə itkin düşmüş özünü, öz ruhunu axtarmağa başladı. Elmi inkişaf insanı absurda dirəmişdi. Teatrlar səhnədə əşyaların arasında vurnuxan tənha qəhrəmanlarla doldu. Monotamaşalar dəbə mindi, öz-özü ilə danışan dəlilər peyda oldu pyeslərdə. Səs-küydən qaçan, künc, sığınacaq axtaran psixopatlara çevrildi insanlar. Ən dəhşətlisi də onların artıq köməksiz qaldıqlarını anlamaları idi. Çünki artıq allah da “ölmüşdü” və adətən, belə qəhrəmanlar son pərdədə bu köməksizlik mühitinin təsiri altında intihar edirdilər. Tarix boyu başqalarını öldürən qəhrəmanlar indi özünü öldürən acizlərə çevrilmişdilər. Postmodernizm bax bu zaman yarandı: keçmişə qayıdış, yaşaya bilmək üçün gələcəyə deyil, keçmişə üz tutmaq. Çünki elm insan psixologiyasında allahı yıxdığı yerə insanı yerləşdirə, bərkidə bilməmişdi. Bu üç əsr ərzində insanın özünə inamı, insanın allaha inamı qədər güclü olmadı. Elm həyatı anlaşılmaz bir illüziyaya çevirdi. Bu gün dünya nüvə səksəkəsi içində yaşayır. Bu əndişəni insana elm bəxş edib. Elm dünyanın, həyatın gözəlliyinə olan etibarı sarsıdıb, insanı zövq yox, həzz alan bir canlıya çevirib, əvəzində isə bizə vur-tut cib telefonu satıb. Bu dediklərim dünyada elmə mövcud tənqidi baxışın bir qismini, bəlkə də, ən səthi qismini ifadə edir.

Elmi proseslərdə iştirak etməyən cəmiyyət olduğumuz üçün bizdə elmə hələ də görməmiş bir yanaşma var və bu təbiidir. Sözsüz ki, zamanında nəhəng məbədlər, kilsələr, məscidlər tikən, dünyanın möcüzələri deyilən abidələr ucaldan "Qaranlıq dövr"ün uğurları kimi, elmin də öz böyük uğurları var. Amma bu uğurlar hər dəfə özü ilə ümidsizlik dolu suallar da gətirir. Məsələn, son illər kitabı dünyada bestseller olan bir yəhudi aliminin (unutduğum adını axtarmağa həvəsim yoxdu, həm də bizi işin məğzi maraqlandırır) kitabı əsaslandırır ki, gen mühəndisliyinin inkişafı sayəsində 200 ildən sonra insanlar 150-200 il yaşayacaqlar, ancaq məna, məzmun problemləri olacaq. 200 yaşlı insanların cəmiyyətində, müəllif yazır, ilk dağılan ictimai dəyər ailə insititutu olacaq. Çünki 200 il ömrü olan insanlar arasında diri ikən nəsillərarası münasibətlər kəsiləcək. Dirilər ölü kimi xatırlanacaq. Həyat Saramaqonun "Təxirə salınmış ölüm" romanındakı kimi olacaq. İnsanlar ölə də bilməyəcəklər, tibbin inkişafı və kapitalizmin maraqları onları ölməyə qoymayacaq. Əşyalar kimi ikinci əl, üçüncü əl insanlar yaranacaq və s.

Belə şeylər bizim kimi ölkələrdə, ümumiyyətlə, müzakirə mövzusu deyil. Biz hələ ki, elmin Miçurin mərhələsindəyik. Elmin psixoloji, fəlsəfi problemləri bizə məlum deyil. Bizim üçün elm hələ də təhsil hadisəsidir. Ölkədən kənara atılan hər addımda adamın önünü yeni adamlardan əvvəl, yeni suallar kəsir. Dünya suallarla doludur və suallarla dolu dünyada yaşamaq daha çətindir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, biz dünyaya bu suallara cavab vermək üçün can atmırıq, biz dünyada da məişət rahatlığı axtarırıq. Dünya ilə psixoloji konfliktimiz də bu zaman yaranır; dünya postmodern dövrünü yaşayır, öz ruhunu axtarır, biz isə məişətimizi məşəqqətə çevirən öz ruhumuzdan qaçırıq. Biz postmodern dünyada modernist olmaq istəyirik. Adam ola, oturub belə şeylərdən danışasan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm