Bu da sənə Avropa “standartı”…
Bizi izləyin

Köşə

Bu da sənə Avropa “standartı”…

Azər Həsrət

Azər Həsrət

Bugünlərdə xəbər yayıldı ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycan Milli Məclisinin keçmiş üzvü, o dönəmdə Azərbaycan hakimiyyətinin fəal təbliğatçısı olmuş, parlamentə növbəti dəfə seçilmədikdən dərhal sonra müxalifətə keçmiş Gültəkin Hacıbəyli haqqında xoş olmayan qərar verib. Bəlli olub ki, Gültəkin Hacıbəyli Azərbaycan hakimiyyətinin maraqlarını təmsil etdiyinə görə, cəzalandırılır. Söhbət hardasa 10 il əvvəl baş vermiş hadisələrdən gedir. Dediyimiz kimi, o dönəmdə indiki radikal müxalifətçi Gültəkin Hacıbəyli Milli Məclis üzvü idi və AŞPA-da təmsil olunurdu.

Cəzaya gəlincə, Gültəkin xanım bundan sonra AŞPA-nın binasına (Avropa Sarayı) daxil ola bilməz. Ki, AŞPA qaydalarına zidd davranıbmış…

Bir az araşdırma aparandan sonra bəlli oldu ki, bu yasaq təkcə Gültəkin Hacıbəyliyə tətbiq edilmir. Onunla bərabər fərqli ölkələrdən olan daha 13 deputat eyni cəzaya məhkum edilib. Onların arasında Almaniya Xristian Demokratlar Birliyindən Bundestagın üzvü Karin Ştrents (Karin Strenz) və yenə də Almaniyadan Xristian Sosialist Birliyindən Bundestagın keçmiş üzvü Eduard Lintner də var.

Nədir bunların günahı? Çox gülünc bir ittiham və iddia! Adamlar Azərbaycan üçün lobbiçilikdə ittiham edilirlər! Harada? Avropa Şurasında – Avropada!

Bu məsələ bir daha göstərir ki, bu Avropanın – Qərbin ədaləti budur! Azərbaycan və onun kimi öz ayaqları üstündə durmağa çalışan və bunu bacaran dövlətləri nəyin bahasına olursa olsun küncə sıxmaqdır bunların məqsədi!

Əgər Azərbaycan Avropanın, Amerikanın çaldığına oynasaydı indi heç bir qüvvə üstümüzə belə açıq gəlməzdi. Əksinə, ən pis əməllərimizi belə bəhbəhlə dünyada təbliğ edəcəkdilər.

İndi isə, sadəcə Azərbaycanın haqlı davasına ədalətli dəstək verdiklərinə, elə Avropa qanunlarıyla da yasaq olmayan lobbiçilik etdiklərinə görə, bu şəxslər cəzalandırılır. İkili standart, güc mövqeyindən çıxış başqa necə olur? Bunlar açıq şəkildə Azərbaycanla diktə dilində danışmaqda qərarlı olduqlarını göstərmək istəyirlər.

Bu Avropa Şurası bu əməlilə Azərbaycanın lobbiçiliyə cəlb etmək istədiyi şəxslərə ver-yandım eləyir. Yəni, baxın ha, bir də gördünüz sizi də cəzalandırdıq. Çəkinin Azərbaycanla işbirliyindən, onun faydasına lobbiçilikdən.

Sual oluna bilər ki, Azərbaycan bu şəxsləri lobbiçiliyə nə üçün cəlb edibmiş? Yaxud elə indi də nə üçün cəlb edir?

Çox sadə və hər kəsin bildiyi bir məsələ üçün: Azərbaycan özünün dövlət maraqlarını Avropa Şurasında qorumaq, tərəfdarlar toplamaq üçün bu fəaliyyətə vəsait ayırır. Yəni qanun dışında heç bir əməldən söhbət gedə bilməz. Dediyimiz kimi, lobbiçilik qanunsuz fəaliyyət deyil.

Bəs hansı məsələləri həll etməyə çalışıb Azərbaycan bu şəxslərin də köməyi ilə? Hər şeydən öncə işğal altındakı torpaqlar və qaçqın-köçkün məsələsini gündəmdə tutub!

Buna haqqı yoxmu Azərbaycanın?

Var əlbəttə!

Amma göründüyü kimi, Avropa başbilənləri bunu həzm edə bilmir və bizimlə işləməyə meyl edənlərə göz dağı verir!

Bəlkə də buna normal yanaşmaq olardı. Görməzdən də gəlib keçə bilərdik. Amma ortada bizdən qat-qat artıq lobbiçilik fəaliyyətilə məşğul olan Ermənistan olmasaydı!

Ermənistan on illərdir ki, Avropada, Amerikada lobbiçilik edir. Özü də bunu açıq şəkildə həyata keçirir. Hətta o həddə ki, Avropalı deputatları özlərinə kürəkən belə edirlər! Amma buna göz yumur Avropa Şurası!

Biz deyəndə ki, Avropa qurumları – Qərb təşkilatları Azərbaycana münasibətdə qərəzli yanaşır, bəzi ağzıgöyçəklər iddia edir ki, hər şeydə qüsur tuturuq. Buyurun, azacıq da olsa Azərbaycanın ədalətli səsi olmağa çalışan Avropa deputatları cəzalandırılır! Nə qoyaq bunun adını?

Bu yanaşma bir daha göstərir ki, Azərbaycan bir dövlət olaraq öz müstəqil siyasətini yürütməkdə düzgün yol seçib! Bəli, üstümüzə Avropası da, Amerikası da gələ bilər. Lakin bu, bizi yolumuzdan çəkindirməməlidir! Azərbaycanın dövlət maraqları bizim üçün hər kəsdən və hər şeydən, lap elə o Avropaya inteqrasiyadan hər zaman yüksəkdə durub, duracaq da. Qoy gəlsinlər üstümüzə. Gələcəkləri varsa, görəcəkləri də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm