AzTV-nin belə səsləndirdiyi tənqidlər…
Bizi izləyin

Köşə

AzTV-nin belə səsləndirdiyi tənqidlər…

Azər HƏSRƏT, [email protected]

Martın 26-da Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzinin yanması bir sıra məqamlara təkrar diqqət yetirmə zərurətini ortaya çıxardı. Birinci məsələ belə obyektlərin yerləşmə ərazisi, oraya fövqəladə hallarda müdaxilə imkanlarına aiddir. İkinci məsələ isə bu qədər böyük obyektlərin sığorta problemidir.

Dünəndən dövlət və qeyri-dövlət mediası – TV kanallarımız yanğın yerindən canlı bağlantılar verir, prosesi bütünlüklə nəzarətdə saxlayırdı. Az.TV və İTV başda olmaqla elə bir TV kanalımız olmadı ki, oradan operativ və canlı reportajlar verməsin. Şəxsən özüm də müşahidə etdim ki, hətta Az.TV gecə gec saatlara qədər hadisə yerində müxbir heyətini saxladı, öz tamaşaçılarına canlı bağlantılar vasitəsilə görüntülü və geniş reportajlar təqdim etdi.

İstər TV kanallarımızdakı, istərsə də sosial mediadakı görüntülərə əsaslanıb deyə bilərəm ki, hadisə baş verən andan hətta bu yazı yazılana qədər Azərbaycanın uyğun dövlət qurumları mümkün olan hər şeyi etdilər ki, ilk növbədə insanların həyatına təhlükə olmasın. Bacardılar da bunu. O boyda yanğında bir nəfərin belə həyatına təhlükə yaranmadı. Hər kəs sağ-salamatdır, yüngülvari tibbi xidmət üçün müraciət etmiş bir neçə nəfərin olduğu deyilir. Açığı, bir çox ölkələrdə baş vermiş bənzər yanğın hadisələrində onlarla insanın həlak olması fonunda bu yanğını belə ucuz atlatmağımız vətəndaş olaraq məni sevindirir.

Amma sevinməyənlər də var. Ənənəvi siyasi müxalifətçiləri deyirəm. Dünəndən görürəm ki, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi bulanıq suda balıq tutmaq istəyənlər özlərinə əl qatıblar. Ki, niyə o mərkəz sonadək yandı? Niyə Fövqəladə Hallar Nazirliyi yanğını vaxtında söndürə bilmədi? Bu adamlar bu sualları verərkən sanki iddia edirlər ki, FHN nümayəndələri ölkədəki bütün potensial yanğın ocaqlarının yanında keşik çəkməlidir. Dünyanın heç bir yerində belə keşik çəkmə praktikası yoxdur və olması da mümkün deyil. Çünki hər bir obyektin sahibi özü yanğın təhlükəsizliyinin qayğısına qalmalıdır. FHN isə hadisə baş verincə əraziyə gəlməli, ixtisaslaşmış yardım göstərməlidir. Məsələ bu qədər sadə, bu qədər aydındır.

Lakin bizim bəzi “siyasi dühalar”ımız dünəndən əllərinə fürsət keçirib sosial medianı başlarına götürüblər. Özü də elə təqdimatlar edirlər ki, sanki guya yalnız bunlar o mərkəzdəki insanları düşünür, onların problemlərinə yanırlar. Elədirmi? Elə deyil.

Adamlar sığorta məsələsini qabardır. Bunun üzərindən birbaşa ölkə hakimiyyətinə yüklənməyə çalışırlar. Həm də elə görüntü yaratmağa çalışırlar ki, guya kimsə bunu gizlətmək istəyir. Halbuki sığorta məsələsini, digər məsələləri də Az.TV başda olmaqla bütün kanallarımız gen-bol gündəmdə tuturlar.

Yanğın təhlükəsizliyi məsələləri üzərindən də manipulyasiya etməyə çalışır bu “siyasi dühalar”. Yenə də bu məsələlər TV kanallarımızda açıq müzakirə edilir, hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun özü belə məsələylə bağlı açıqlamalar verir, qüsurları dilə gətirir. Yəni adamların manipulyasiyası üçün yer qoyulmadığı halda onlar yenə də cəhdlər edirlər. “Bəlkə alındı” düşüncəsilə.

Hələ yanğının gec söndürülməsini əsas gətirib FHN-nin bunu qəsdən etdiyini deyənlər də var. İddia edilir ki, prosesə cəlb edilmiş helikopter məqsədli şəkildə suyu yanğından kənara əndərirmiş. Həm də guya bənzər hadisə yalnız bizdə baş verirmiş. Elədirmi? Elə deyil təbii. ABŞ-da, Avstraliyada böyük miqyaslı meşə yanğınlarında belə helikopterlərin suyu tutuzdura bilməməsi halları yetərincədir. Belə kiçik həcmli obyektləri isə tüstü içində tuşlamaq elə də asan iş deyil. Ona görə də yanılma qaçılmazdır.

Sözümün canı odur ki, “Diqlas” yanğınında Fövqəladə Hallar Nazirliyinin heyəti mümkün olan hər şeyi etdi. Özü də vicdanla, yorulmadan və özlərini riskə ataraq. Polis və təcili tibbi yardım da əlavə qüvvə cəlb edərək üzərinə düşən vəzifəni yerinə yetirdi. Bütün bunların cəmi olaraq dövlət ən əsas vəzifənin – insanların sağlamlığının qorunmasının öhdəsindən yüksək səviyyədə gəldi. Mal-mülk yanar, xarab olarsa, eybi yox. Təki insanların canı sağ olsun.

Haşiyə: Bir dəfə bizim evdə sıradışı hadisə baş vermişdi. 7-ci qatda yaşayırıq. Uşaq evdə tək qalmışdı. Bu da yatağan birisidir. Qapını içəridən bağlayıb yatmışdı. Axşam evə gəldik, qapını döydükcə döydük, açmadı. Az qala bütün blok axışıb gəldi ki, nə olub? Axırda qərara gəldim ki, 112-yə zəng edim. Dərhal cavab verildi, briqadanın artıq göndərildiyi deyildi. Bunun ardınca polis və təcili tibbi yardımdan bizə zəng edildi. Bir neçə dəqiqənin içində fövqəladə halların heyəti qapımızda idi. Tam bir təchizatla. Onların ardınca təcili yardım və polis də özünü yetirdi. Artıq damdan balkona enib evə keçmək üçün qərar verilmişdi ki, uşaq özü qapını açdı. Oyanmışdı. Təəccüblə üzümüzə baxdı və nə olduğunu anlamadı. Yəni fövqəladə yardım sadəcə bir neçə dəqiqənin içində özünü yetirmişdi. Həm də tam təchizatlı şəkildə.

Sözümüzün canı odur ki, adi bir yanğın hadisəsindən belə siyasi divident əldə etmək istəyənlər tükəndiklərini bir daha göstərmiş oldular. Əgər onlar bu hadisəyə də siyasi rəng vermədən üzüntülərini dilə gətirsəydilər, başqa məsələ. Amma biz onların üzüntülərini görmədik. Əksinə, dünəndən siyasi bəyanatlar verməklə məşğuldurlar. Bu isə həmin şəxslərin əsas dərdlərinin heç də sadə insanların olmadığını göstərir. Onlar əsl dərdi haqları çatmayan siyasi iddialarıdır. Sadəcə adi bir yanğın hadisəsini də özlərinə bayraq edib ictimai rəyi çaşdırmağa çalışırlar…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm