AB-nin radikalları üzən “sərt” hesabatı…
Bizi izləyin

Köşə

AB-nin radikalları üzən “sərt” hesabatı…

Azər HƏSRƏT, [email protected]

Avropa Birliyi (AB) dünyada insan haqları və demokratiyanın durumuyla bağlı ənənəvi – illik hesabatını açıqlayıb. Təbii ki, burada ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana da yer ayrılıb. Çox deyil, cəmi 2 səhifə. Tam mətnlə tanış olanda dərhal anlaşılır ki, AB bu hesabatın ölkəmizə aid hissəsində olduqca nəzakətli və ehtiyatlı davranır. Hətta o dərəcədə ki, bəzilərinin arzu etdiyi haray-həşirdən uzaq, bilgi xarakterli məqamlara yer verməklə yetinir. Ümumilikdə isə hesabatdan belə anlaşılır ki, AB Azərbaycana yardımlarını davam etdirəcək, işbirliyindən məmnundur və bunu dərinləşdirmək istəyir, hökumətlə konstruktiv və effektiv dialoq və kommunikasiya şəraitində münasibətlər qurub. Yəni Azərbaycan hökumətinin açıqlığı, dialoqa və ünsiyyətə tam şərait yaratması bu hesabatda açıq mətnlə qeyd edilir. Belə baxanda, hesabatın Azərbaycana aid 2 səhifəlik kəsimi (sənəd ümumilikdə iki ayrı hissədən ibarətdir və cəmi 432 səhifədir) daha çox pozitiv və konstruktiv dəyərləndirmədir. Bu isə, əlbəttə, ölkəmizi həmişə qara rəngdə görmək və göstərmək istəyən qüvvələr üçün ürəkaçan olmasın gərək…

AB-nin sözügedən hesabatının belə olması, anlaşıldığı qədər, radikal qaraqışqırıqçıları fakt qarşısında qoyub. Yəni AB-dən “niyə sərt və “faktlarla” zəngin hesabat yaymasınız” deyə sorğu edə bilərlər. Lakin etmirlər. Çünki hər şeyin də bir həddinin olduğunu anlayırlar, AB-nin üzərinə gedəcəkləri təqdirdə həmin qurumun ölkəmizlə bağlı N qədər pozitiv fakt təqdim edə biləcəyini anlayırlar…

Durum belə olduğu üçün radikal-pozucu cəbhənin başbilənləri iddia edir ki, bəs, “AB Azərbaycanla bağlı sərt hesabat qəbul edib”. Özü də bu hesabat guya “bizim” radikal-pozucuların tələbilə qəbul edilib. Elədirmi? Yaxud elə ola bilərmi?

Lap ilk cümləmizdə qeyd etdik ki, AB “ənənəvi – illik hesabat”ını açıqlayıb. Diqqətli oxucu o dəqiqə anlayar ki, bu hesabatın qəbul edilməsinin hansısa ölkənin hansısa bir dəstə radikalının iddiasıyla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki AB bu işi onsuz da edir, gələcəkdə də edəcək və münasibətdə olduğu ölkələrdə nəzərə çarpan problemləri nəzakətlə bildirib həlli üçün öz yardımını təklif edəcək. Necə ki, bu hesabatda da edir. Biz hesabatın Azərbaycana aid kəsimini oxuyunca, özəlliklə də onun mətninin böyük bir hissəsinin məhz qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün tövsiyələrə və yardımlara aid olması diqqətimizdən yayınmır, yayına da bilməz.

“Avropa Şurasının Azərbaycandakı işbirliyi proqramları (bir çox hallarda bunlar AŞ və AB-nin birgə proqramlarıdır) konstruktiv ünsiyyət kanalı olaraq qalır. 2018-ci ilin oktyabrında qəbul edilmiş “Fəaliyyət planı”na uyğun olaraq AŞ və Azərbaycan rəsmiləri işbirliyi proqramları, islahatlar vasitəsilə ədliyyə və məhkəmə xidmətinin effektivliyini, hesabatlılığını və şəffaflığını daha da inkişaf etdirmək, Avropa insan haqları standartlarının tətbiqini gücləndirmək, cəzaçəkmə sistemində islahatları irəlilətmək, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizəni möhkəmləndirmək barədə birlikdə hərəkət etməyə razılaşıblar.” (CoE cooperation programmes in Azerbaijan (often joint programmes CoE–EU) remain a constructive channel of communication. In line with the Action Plan, adopted in October 2018, the Council of Europe and Azerbaijani authorities agreed to jointly carry forward, through co-operation programmes, the reforms aiming to further increase effectiveness, accountability and transparency of the judiciary and the prosecution service, to enhance the application of European human rights standards, to advance the reform of the penitentiary, and continue to strengthen the fight against corruption and money laundering.)

Təqdim edilən tərcümə və orijinalı sözügedən hesabatın Azərbaycana aid kəsimindəndir. Pozitiv və konstruktiv deyilmi? Elədir. Qeyd etdiyimiz kimi, sadəcə ölkəmizin daha da inkişaf etməsinə çağırış ruhlu qeydlərdə təbii olaraq bəzi tənqidi məqamlar da yer alıb. Lakin, bir daha vurğulayırıq ki, bunlar “dəhşətli” tənqidlər deyil. Heç Azərbaycanı gözdən salmaq üçün də deyil. Sadəcə dünyadakı məlum hay-küyçü anti-Azərbaycan mərkəzlərin səsini kəsməyə hesablanmış növbətçi qeydlərdir.

Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə Brüsselə, məhz Avropa Birliyinin dəvətlisi olaraq etdiyi səfərə toxunmaq istərdik. Əslində, bu məsələyə yazının əvvəlində toxunmaq doğru olardı və gərək idi. Lakin bilərəkdən cənab Prezidentin bu səfərilə bağlı fikirlərimizi bir qədər sonraya saxladıq ki, ictimai rəyi çaşdırmaq istəyənlərin özü də çaşqınlığa uğrasın…

Prezidentin səfəri və hər zamankı kimi diqqət mərkəzində olması bu dəfə də yetərincə qabarıq şəkildə özünü göstərdi. İstər ikitərəfli söhbət və təmaslarda, istərsə də səfərin səbəbi olan “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilmiş yubiley toplantısında Azərbaycan dövlətinin özgüvənli duruşu diqqət mərkəzində oldu. Burda da dövlətimiz adına ləyaqətli davranış sərgiləndi, Azərbaycanın əleyhinə ola biləcək heç bir addıma imkan verilmədi. Sadəcə Avropa Birliyi adından bu toplantının sonunda bir yekun sənədi – qeydlər açıqlandı ki, onun da ruhu həm də Azərbaycanla münasibətlərin faydalı olması, işbirliyinin genişləndirilməsinə söykənir.

Əlbəttə, bizim üçün ümumidən daha çox özəl – ikitərəfli münasibətlər maraqlıdır. Yəni AB ilə Azərbaycan arasında münasibətlər hansı həddədir və bundan sonra necə olacaq?

Əgər nəzərə alsaq ki, Azərbaycanı beynəlxalq platformalarda ən yaxşı səviyyədə təmsil etmək baxımından Prezident İlham Əliyevin nəinki çətinliyi yoxdur, üstəlik bir sıra dövlət başçılarına örnək ola bilər, onda arxayınlaşa bilərik. Biz anlayırıq ki, AB Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Özü də bu münasibətlərin işğalçı Ermənistan və hər tərəfdən sıxıntı içində olan Gürcüstanla müqayisədə daha geniş olmasına göstərilən maraq göz önündədir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın digər dövlətlərdən fərqli olaraq Avropaya təklif edə biləcəkləri həddən artıq çoxdur. Bu isə o deməkdir ki, Avropanın bizə ehtiyacı, örnək üçün, işğalçı Ermənistana olan ehtiyacdan dəfələrlə çoxdur. Belə bir durumun olması həm də Azərbaycan Prezidentinin Avropalılarla bərabər səviyyədə danışa bilməsi, anlaşmasıyla şərtlənir.

Bir də mətbuatda ərazi bütövlüyü məsələsi ətrafında manipulyasiyalara rast gəldik. Avropa Birliyi və ayrı-ayrı üzv dövlətləri Azərbaycanı məhz mövcud sərhədlər çərçivəsində tanıyıb, qəbul edib və etməyə də davam edəcək. Bunun başqa yolu yoxdur, ola da bilməz. Sadəcə gözlənti vardı ki, AB rəsmiləri məlum Brüssel toplantılarından sonra Ukrayna, Gürcüstanla yanaşı Azərbaycanın ərazi bütövlüyünə vurğu edəcəklər. Etmədilər. Bu da, əslində bizim üçün maraqlı nüansdır. Təbii ki, belə yanaşmanın bizim ölkələrimizin ərazi bütövlüyünün şübhə altına alınması olduğunu düşünmürük. Amma sonda elan edilən qeydlərdə bu özəlliklə də bölücülük və işğalın ölkələrimizə vurduğu zərbəyə toxunmaq yerinə düşərdi. İndi ki, AB bu məsələdə bir balaca ehtiyatlı davranmağa üstünlük verir, biz də tərəfdaşlıq sazişi imzalamağa tələsməməkdə düzgün mövqe tutmuşuq demək. Azərbaycanı AB ilə tərəfdaşlıq sazişində digər ölkələrdən geri qalmaqda qınayanlar bir az düşünsünlər bizcə. Ukrayna və Gürcüstan az qala AB-yə inteqrasiya olunub. Lakin AB onların belə ərazi bütövlüyü məsələsində qətiyyətli davranmır. Elə isə biz niyə başqalarının səhvlərindən nəticə çıxarmaq varkən özümüz də səhv edək? Tələsmək lazım deyil. AB ilə Azərbaycan arasında ən uyğun sazişin nə vaxt bağlana biləcəyini Prezident İlham Əliyev hamımızdan yaxşı və dəqiq bilir. Ona görə də küyə düşüb irəli qaçmaqdansa bir qədər də təmkinli olub o anı – bizim üçün əlverişli olacaq günü gözləyək…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm