Köşə
Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi
Vəli Hüseyn
Orta yaşlı bir kişini ev şəraitində yerə uzadırlar, başının üstündə də bir neçə ailə üzvü, bir də mollaya bənzər başqa bir kişi dayanır. Əllərindən, ayaqlarından bərk-bərk yapışırlar ki, hərəkət edə bilməsin. Mollaya bənzər kişi də öncə bir kibrit alışdırıb yerdə uzanan adamın ağız nahiyəsinə yaxınlaşdırır və hiddətlə, “ey cin, tərk elə bu bədəni, insanları niyə narahat edirsən?” deyir.
“Cin” atəşi görən kimi qışqırmağa başlayır. Molla da kibriti uzaqlaşdırıb cini hədələyir ki, suallarıma doğru cavab verməsən, səni yandıracam!
Yazıq cin, elə əlacsız, nəfəsi kəsilə-kəsilə razılaşır ki!
Suallar təxminən bu səpkidə olur:
* Sən hardan gəlmisən, hansı cinlər qrupuna daxilsən, adın nədir?
* Bu adama kim cadu edib?
* Cadu edən yaxın qohumlardandır, yoxsa yad adamdır?
Nəsə, başına döndüyüm cin, xırıldaya-xırıldaya bir neçə ad çəkir.
Bu dəfə cinçıxardan kişi adamın yaxasından yapışır ki, hardan bilim yalan danışmadığını?
Elə bunu deyib Quran kitabını açır, dualar oxumağa başlayır. İlk oxuduğu da Allahın “Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsi olur.
Cin elə istəyir deyə ki, ay qardaş, madam ki Allah özü deyir cinləri nə üçün yaratdığını, daha sən niyə mənim yaxamdan yapışmısan, imkan ver, gedib ibadətimi edim də!
Ancaq deyə bilmir, çünki adam artıq başqa ayələrə keçir və cin də hay-küy salıb yalvarır ki, qurban olum, oxuma, doğru cavablar verəcəm.
Kişi cinin iradəsinin qırıldığını görüb, son dəfə də hədə-qorxu gəlir; bax ha, düzünü deməsən, səni məhv edərəm.
Nəhayət, cinvurmuş kişinin ürəyi gedir, ətrafdakılar da cindən aldığı məlumatlarla günahkarı cəzalandıracaqlarını deyirlər.
Amma cinçıxardan molla, həm də qanunları da yaxşı bilir, qeyd edir ki, ay millət, özbaşına iş görməyin, qanun var, qayda var, hər şeyi hüquq müstəvisində həll etmək lazımdır.
Bu hadisədən sonra axşam yuxuda görürəm ki, Bakı şəhərini cinlər ələ keçirir, hökumət də səfərbərlik elanından sonra insanlara gecə vaxtı küçəyə çıxmağı qadağan edir. Mən yazıqsa bu qadağadan gec xəbər tuturam deyə, gizlənməyə fürsət tapmamış, qəfil yeddi-səkkiz cin tərəfindən hücuma məruz qalıram. Hamısı birdən bədənimə girməyə çalışanda xilas olmaq üçün bildiyim-bilmədiyim bütün duaları oxuyuram.
Cinlərdən hansısa bərkdən üstümə qışqıranda qəfil yuxudan ayılıram. Bir də görürəm, sən demə, anam bayaqdan məni səsləyir; ay bala, dur, işə gecikirsən!
Uzun müddət bu yuxunun təsirindən ayıla bilməmiş, hələ də qorxusu canımda olan bir adam kimi, bu yaxınlarda meyxanaçı Elşən Xəzərin bir üzüyün suya salınarkən işıq saçmasını heyrətlə nümayiş etdirdiyini gördüm.
“Allahın möcüzəsi” adlandırdığı üzüyə baxıb, dedim yəqin buna da gülməyim gəlsə, şəkk eləsəm, axşam məni üzük salınan stəkana salıb boğacaqlar.
İndi qorxumdan lal-dinməz dayanıb gözləyirəm ki, bu işıq saçan üzük nə vaxtsa ziyarətgaha çevirilsə, gedib ziyarət edim. Bir də qoyundan-quzudan qurbanım var, gedəndə özümlə aparam gərək, yoxsa Elşən Xəzərin qarğışına tuş gələrəm, Allah lənət edər...
Daha kimdi durub ilin-günün bu vaxtı bir meyxanaçıya başa salan ki, ay qardaş, az qala iyirmi ikinci əsrdə yaşayırıq, əl boyda mobil telefonun içinə milyardlarla insan, kainat yerləşdiriblər, üzük işığı nədi, camaat kosmosda otel açmaq mərhələsindədir.
Göy üzündən o boyda Günəş sallanıb, Allah özünü tanıtmaq üçün elə sənin iki qəpiklik işıqlı üzüyünə möhtac qalmışdı?!
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?