“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs
Bizi izləyin

Köşə

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Vəli Hüseyn

Vəli Hüseyn

Gecə saat dördə işləmiş “28 Mall” ticarət mərkəzinin qarşısında, “gözləyin-keçin” işıqforuna yaxın bir oturacaqda əyləşmişdim. Avtomobillərin çox az sayda olması bütün nəzərlərimi işıqfordan gələn səsə yönəltdi. İlk dəfə idi ki, diqqətlə “gözləyin-keçin” göstərişinə qulaq verirdim.

İnsan həyatı çox qəribədir. Məsələn, 70 il ömür sürmüş bir adam, yəqin ki, həyatının böyük bir hissəsini gözləməklə keçirir. Sanki bu işıqfor da işini-gücünü bir kənara atıb, insan həyatının ən dramatik, faciəli məqamına vurğu edirdi.

İşıqfor elə hissiz, duyğusuz, kobud şəkildə “gözləyin” deyir ki, adam həyatı boyu gözləməli olduğu bütün xatirələri yadına salır. Bu müddət ərzində yaşıl işıq bir neçə dəfə yanır-sönür, sən də məcbur olub növbəti “keçin” əmrini gözləməli olursan. Bu işıqfordan çıxan səsi eşidəndə insanı vahimə basır, canını qorxu bürüyür.

Nə deyim, vallah, bu səs həmişə elə qəribə təsir bağışlayıb ki, adam yol hərəkəti qaydasını pozmaq bahasına, cərimələnməyi belə gözə alıb, tez qarşı tərəfə adlamaq istəyir, təki onsuz da gözləməkdən ibarət olan həyatımıza, yeni bir fasilə əlavə edilməsin.

Səssizlik gecəni elə bürümüşdü ki, işıqforun sədasından diqqətimi heç cür yayındıra bilmirdim. Bir də onda ayıldım ki, artıq yol hərəkətlərini tənzimləyən bu sistemin neçə dəfə “gözləyin”, neçə dəfə “keçin” dediyini saymağa başlamışam.

Aradakı fərq çox böyükdür: işıqfor düz 16 dəfə “gözləyin”, cəmisi üçcə dəfə “keçin” deyir. Bu, sanki bir insan ömrünün gözləməyə sərf etdiyi illərlə, yaşaya bildiyi illər arasındakı fərq qədərdir.

Onsuz da yuxuma kifayət qədər haram qatmışdım, daha istəsəm də gözümə yuxu getməyəcəkdi. Səhərəcən işıqforun insan faciəsini tutuquşu kimi təkrarlamağını dinləyib yoruldum. Tez evə çatıb yuxumu almaq istəyirdim, telefonu götürüb taksi şirkətlərindən birinə zəng etdim.

Tezliklə taksi göndərəcəklərini, biraz gözləməli olacağımı qeyd etdilər. On dəqiqə keçdi, taksi gəlmədi, iyirmi dəqiqə sonra da gəlmədi. Mənsə gözləməyə davam edirdim. Bir yandan da işıqfor tez-tez dilə gəlib səbrimi sınağa çəkirdi.

Yarım saat sonra təzədən yığdım taksi şirkətini, təyin olunmuş avtomobilin yanlış istiqamətə getdiyini qeyd edib üzrxahlıq etdilər. Başqa taksi göndərmək təklifləriylə razılaşıb, gözləməyə davam etdim, bəli, yenə gözləmək…

Nəhayət, taksi gəldi, oturmağa macal tapmamış, sürücü artıq dərəcədə, lap çox artıq dərəcədə xahiş etdi ki, qardaş, bayaqdan yollardayam, acından mədəm sıyrılır, gözlə, yaxınlıqda dönərxana var, yeyib gəlirəm... Gözlə haa!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm