Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
Bizi izləyin

Köşə

Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?

Asif Nərimanlı

Moskvada bir qrup çeçenin azərbaycanlılara hücumu nəticəsində baş verən kriminal insident rəsmilərin müdaxiləsi ilə böyümədən sakitləşdi. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəyə dərhal reaksiya verdi və bəyan etdi ki, “Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz”.

Çeçenistan tərəfi də mətbuat və informasiya naziri Cambulat Umarovun şəxsində Əli Həsənovun bəyanatına dəstək verdi və baş verənlərdən təəssüfləndiklərini qeyd etdi.

Hər iki tərəf məişət zəminində baş verən hadisədən kimlərinsə iki xalqın dostluğuna xələl gətirmək üçün istifadə edə biləcəyi təhlükəsini gözəl anlayır. Buna görə də hadisədən dərhal sonra Moskvadakı Azərbaycan və çeçen icmalarının nümayəndələri bir araya gəldilər və problem həll olundu.

Lakin baş verənlərdə əsas məqam kimlərin azərbaycanlılarla çeçenlər arasında toqquşmaların yaşanmasında maraqlı olması sualını önə çıxarır. Təbii ki, hadisə məişət zəminində baş verib və sonda anlaşılmazlıq həllini tapıb. Lakin Prezidentin köməkçisi Əli Həsənovun bəyanatında qeyd etdiyi “Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar” fikirləri belə cəhdlərin olduğunu təsdiqləyir.

Azərbaycan-çeçen qarşıdurmasında kimlər maraqlıdır” sualını hadisədən sonra regionun informasiya məkanında yayılan xəbərlər kontekstində araşdırmaq lazımdır. Xüsusilə özünü çeçen xalqının lideri kimi təqdim edən Qoca Mansur ləqəbli şəxsin çağırışı diqqət çəkir.

“Səhv olduqlarını etiraf etməyənə və üzr istəməyənə qədər Avropa və Asiyadakı bütün azərbaycanlıları dərhal öldürməyi çeçenlərə əmr edirəm. Ramzan Qədirovun fikri məni maraqlandırmır. Əgər azərbaycanlılar qan tökülməsini istəmirsə, təcili çeçenlərdən üzr istəməlidirlər”, – deyə bu şəxs çağırış edir.

Bir qrup çeçenin azərbaycanlılara silahlı hücumu da bu çağırışdan sonra həyata keçirildi. Və maraqlıdır ki, Qoca Mansurun “azərbaycanlıları öldürün” çağırışı sosial şəbəkələrdə daha çox ermənilər tərəfindən tirajlanır. Erməni istifadəçi Alen Gulyan bu videonu “azərbaycanlılara ölüm!” şüarı ilə yayımlayıb, digər erməni istifadəçilər onun şüarına dəstək verərək, “azərbaycanlıların çeçenləri təhqir etdiyini, buna görə də cavabsız qalmamalı olduğunu” təbliğ edirlər. Rusiyanın erməniyönümlü saytlarının da azərbaycanlılarla çeçenlər arasında münasibətləri kəskinləşdirəcək xəbərləri diqqət çəkir.

Proseslərin analizi azərbaycanlı-çeçen insidentində ən çox ermənilərin maraqlı olduğunu təsdiqləyir:

– Hadisənin baş verməsinə zəmin yaradan Əlixan adlı çeçenin məlum olmayan səbəbdən azərbaycanlıları təhqir etməsi şübhələrə yol açır. Rusiyada erməni diasporunun Azərbaycan icmasına zərbə vurmaq üçün bütün vasitələrə əl atması fonunda kriminl insidentə yol açan təhqirin də onlar tərəfindən təşkil edilməsi istisna deyil.

– Hadisədən sonra regionun informasiya məkanında ermənilərin “çeçen sevgisinin” qabarması və azərbaycanlılarla çeçenlər arasında münasibətləri qızışdırmaq cəhdləri bu təxribatın arxasında Azərbaycanın düşmənlərinin dayandığı ehtimalını gücləndirir.

Ermənilərin azərbaycanlı-çeçen insidentində maraqlı olmasının bir sıra ciddi səbəbləri var:

1. Rusiyada azərbaycanlı icması tədricən güclənir və bu, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir. Bu mənzərə Ermənistanın Rusiyadakı maraqlarına ziddir.

2. Azərbaycanlıların Moskvada digər millətlərlə, o cümlədən çeçenlərlə dostluq münasibətləri də ermənilərin arzulamadığı mənzərədir.

3. Azərbaycanlılarla çeçenlər arasındakı kriminal insidentin böyüməsi və ermənilərin sosial şəbəkələrdə uydurduğu kimi “qanlı hesablaşmaların” başlanması erməni icmasının azərbaycanlı icmasının qarşısında mövqelərini gücləndirə bilər.

4. Nəzərə alsaq ki, Moskvada çeçen icması erməniləri sevmir və zaman-zaman onlarla qarşıdurma yaşanır, o zaman, başlaya biləcək “qanlı hesablaşmada” çeçenlərin də “qan itirməsi” erməni icmasının işinə yarayar.

Rusiyada erməni diasporu məhz buna görə çeçen-azərbaycanlı insidentini qızışdırır. Lakin Qafqaz regionundakı vəziyyət ermənilərin daha təhlükəli oyun oynadığını və əsas hədəflərinin daha uzağa getdiyini deməyə əsas verir.

ƏSAS HƏDƏF: Azərbaycan-Çeçenistan münasibətlərinin pisləşməsi və erməni biznesmenlərin Şimali Qafqazda itirdikləri mövqeləri yenidən ələ keçirməsi.

Azərbaycanın Çeçenistan başda olmaqla Rusiyanın Şimali Qafqazdakı subyektləri ilə ikitərəfli əlaqələri genişləndirməsi, regiondakı respublikalara investisiya yatırımları və iqtisadi manevrləri ermənilərin bu bölgədə mövqelərinə ciddi zərbə vurub. Bu, həm də Ermənistanın bütövlükdə Qafqazdakı mövqelərinin zəiflədilməsi ilə nəticələnib. Çeçen-azərbaycanlı insidentinin ermənilər tərəfindən qızışdırılması və Qoca Mansurun “azərbaycanlı şiələr çeçenləri təhqir edir” sözləri ilə başlanan çağırışının təbliğinin “sünni-şiə” qarşıdurması kontekstində aparılması Azərbaycan-Çeçenistan münasibətlərinin pozulmasına və Bakının Şimali Qafqazdakı mövqelərinin zəiflədilməsinə hesablanmış gedişdir. Burada münaqişəyə zəmin yaradan Əlixan adlı çeçenin azərbaycanlıları təhqir etməsinin arxasında Rusiyadakı erməni diasporunun dayandığı ehtimalı güclənir.

– Moskvada azərbaycanlı icması ilə çeçen icması “qanlı hesablaşmalara” başlayır, hər iki tərəf “qan itirir” və zəifləyir; bu qarşıdurmada erməni icmasının mövqeləri güclənir; baş verənlər Çeçenistanla Azərbaycanın münasibətlərini pisləşdirir və Şimali Qafqazda Bakının iqtisadi layihələrlə nüfuzunu gücləndirmə siyasəti zərbə alır; Rusiyadakı erməni biznesmenlər Şimali Qafqazda itirdikləri mövqeləri yenidən ələ alırlar və beləliklə, həm Ermənistanın Qafqazda mövqeyi güclənir, həm də ermənilər Azərbaycanı Şimaldan “mühasirəyə alırlar”.

Azərbaycanın vaxtilə Şimali Qafqazda güclü mövqelərə malik olan erməniləri bölgədə sıxışdırmasının məhz şimalda tədricən formalaşan “erməni mühasirəsi”ni yarmaq strategiyası olduğunu nəzərə alsaq, prosesin əhəmiyyəti aydınlaşır.

Azərbaycan və Çeçenistanın addımları isə kriminl insidentin qarşıdurma mərhələsinə keçməsinin qarşısını almaqla yanaşı, bu oyunları da pozdu və Prezidentin köməkçisinin dediyi kimi, “çirkin niyyətlər baş tutmadı”. Lakin erməni planlarının başa çatmadığını nəzərə alsaq, bundan sonra daha həssas olmalıyıq, həm dövlət, həm də Rusiyada (və digər ölkələrdə) yaşayan azərbaycanlılar olaraq…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm