Köşə
Əli İnsanov niyə yalan danışır?
Vüsalə Mahirqızı
2007-ci ildə Amerikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup həmkarımla Amerikada səfərdə idik. Nyu-Yorkda olanda Rəsul Quliyev səfər yoldaşımız, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna telefon açıb, bizimlə görüşmək istədiyini bildirdi. Rəsul Quliyev gəldi və xeyli geniş, bir az da emosional müzakirəmiz oldu.
İndi "böyük Amerika"nın himayəsinə sığınmağa can atan Əli İnsanov və dostları bir müddət əvvəl həbs olunmuşdular, Rəsul Quliyevin Bakı əvəzinə Kiyevə gəlib qayıtdığı dövrdən cəmi il yarım ötmüşdü.
Rəsul Quliyev müxalifətçiliyin fəlsəfəsi barədə bir az əvvəl həbsdən çıxan Rauf Arifoğluya məsləhətlər verirdi, İsa Qəmbəri ittiham edirdi. Bizi "möhkəm olmadığımız" üçün danlamaq istəyirdi ki.... hövsələm çatmadı. Ritorik sual verdim ki, Nyu-Yorkda yunan restoranında yox, Bakıda beynəlxalq hava limanında düşüb bir-iki dəqiqə dayanandan sonra bizi danlamaq olar? O mübahisə indi də cümlə-cümlə yadımdadı. Dedi:
- Görmədiniz, gəlməyimə imkan vermədilər?
- Bilmirdiniz ki, gəlməyinizə imkan verməyəcəkdilər? Qırmızı xalça salmalıydılar?
- Mənə demişdilər ki, xalq imkan verməyəcək ki, sənə nəsə eləsinlər. Sonra vəziyyət dəyişdi.
- Siz gerçəkdən inanırdınız ki, Bakıda minlərlə insan küçəyə çıxıb sizi qarşılayacaq? Minlərlə adam sizin gəlişinizi gözləyir?
- Bəli, inanırdım. Mənə demişdilər ki, xalq sənin yolunu gözləyir. Mən inanırdım ki, təyyarə Bakıya ensə, xalq məni qarşılayacaq.
Açıq etiraf eləyim, özümü saxlaya bilmədim, çox pis, ironik formada güldüm. O zaman Rauf bəy bu detalı yazmışdı, Rəsul Quliyevin cavabına mənim ləzzətlə güldüyümü də qeyd eləmişdi.
Adamı bu qədər aldada bildiklərinə, adamın bu qədər aldana bildiyinə gülmüşdüm.
***
Dünən Əli İnsanov həbsxana qapısının ağzında "məni demokratik Qərb, böyük Amerika həbsdən azad etdi" deyəndə Rəsul Quliyevlə o söhbət yadıma düşdü və yenə güldüm. İnsanovu kim aldadıb bilmirəm, bəlkə özü özünü aldadıb, onu da bilmirəm, amma pis aldandığı dəqiqdi. Ya da İnsanov hələ də həbsə girdiyi 2005-ci ildədir...Onu çox istəyənlərdən biri qulağına pıçıldasın ki, indi 2019-cu ildir, Azərbaycan cəmiyyəti başqadır artıq. Dövlət də, xalq da başqa hədəflərə köklənib. İndi adamın dediyini o dəqiqə götürüb köhnə dedikləri ilə bir yerdə montaj edib, sərirlər qarşına, boğazı quruyur.
***
Prezident İlham Əliyev hakimiyyəti dövründə başladığı liberallaşma xəttini 2019-cu ilin əvvəlindən artırıb. Həm yerli, həm də xarici ekspertlər prezidentin əksər addımlarını inqilabi adlandırırlar. Prezident bu xətti hər zaman, hələ hakimiyyətinin ilk vaxtlarından aparıb. Lakin son 3 ayda hətta radikal adlandırıla biləcək formada islahatlar sürətləndirilib. Dövlət başçısının siyasi açılım xəttinin hələlik pik nöqtəsi son imzalanmış əfv sərəncamıdır. Bu sərəncamla hüquq müdafiəçilərinin siyahısında olan 53 nəfər əfv olundu, ailələrinə qovuşdu. Və açıq deyək, bunu tamamilə yeni, barış, qarşılıqlı anlaşma prioritetli bir xəttin elanı da hesab etmək mümkündür.
İndi Azərbaycan Dövləti, Prezidenti 3-5 tənqidçinin sözü ilə, hətta hər hücumla belə sarsılmayacaq qədər qüdrətlidir. Hakimiyyət siyasi opponentlərinə cavab verəcək qədər təcrübəlidir, Prezident bu açılım siyasətini çox əminlik və rahatlıqla aparır. Rahatlıqla xalqın arasına çıxır, problemi dinləyir, məmurdan şikayətə qulaq asır, məsələni həll edir. Prezident hədəfinə doğru irəliləyir, ictimai rəyə inanır, ictimai fikri dinləyir. İctimai fikri dinləmək bacarıqdı, həm də siyasi iradənin və özünə əminliyin ifadəsidir. Amma görünən odu ki, böhtanlara, təzyiq etmək cəhdlərinə əhəmiyyət vermir. Bunu xüsusi qeyd eləmək lazımdı ki, diqqətli müşahidəçi bütün bu islahatlarda Birinci vitse-prezident Mehriban Əliyevanın da rolunu aydın görə bilir.
Proseslər onu deməyə imkan verir ki, adı tez-tez hallanan daha bir neçə müxalifətçi və ictimai fəal da yaxın vaxtlarda cəzalarının çəkilməmiş hissəsindən azad ediləcək. Ümumiyyətlə, Azərbaycana qarşı tənqid və bəhanələri sıfırlamaq çox doğru xətdir.
Amma Prezident bu islahatları elə indiki sürəti ilə daha əvvəl başlamışdı. Dövlət başçısının 2005-ci ildə həyata keçirdiyi islahatlar, mütəmadi görüşləri, açılım planları uzaq keçmiş deyil. Elə o vaxt Əli İnsanovun və dostlarının da elədiklərini xatırlamağa yaşımız çatır. Prezident o zaman əli insanovların yara kimi cəmiyyətin bağrına saldıqları regionçuluğa qarşı idi. Prezident bir neçə odioz fiqurun onu xalqla ayırmasına, öz hikkələrini yeritmələrinə qarşı idi. Əli İnsanov isə əvvəlki hökmündə, hikkəsində, balaca regionçu təfəkküründə, tabeliyindəkilərlə qeyri-insani davranışında, korrupsiya əməlini davam etdirməkdə iddialı idi. Və bütün bunların baş tutmayacağını görəndə xəyanət yolunu seçdi. Əli İnsanovun davası bu idi. Bəlkə birdən-ikidən hökumətin hansısa sərt siyasətinə etiraz etmişdi? Bəlkə müxalifətlə, müstəqil institutlarla daha liberal siyasət aparmağı təklif eləmişdi? Hər gün parlament tribunasından müxalifətə, müstəqil mediaya təhqir yağdıran, həbsləri artırmağın tərəfdarı olan Əli İnsanov deyildi?
Hökumətin içində korrupsiya mexanizmini quranlardan biri məhz Əli İnsanovdur. İstintaq çəkilişində iki evinin altındakı mərmərdən tunel, kilolarla qızıl və sərvətinin, yaşadığı dəbdəbənin nəinki cəmiyyəti, tanınmış biznesmenləri belə heyrətə saldığını xatırlayıram.
Tabeliyindəkiləri əzmək, adamlara qarşı qeyri-insani davranış, müxalif və müstəqil fikirliləri parlament tribunasından təhqir eləmək, azad media anlayışına ironiya eləmək, qeyri-hökumət təsisatlarını agent adlandırmaq... Bu davranışları ilk nümayiş etdirənlərdən biri Əli İnsanovdur. Əli İnsanov özü kimi düşünməyənləri adamdan saymayan, yaşamaq haqqı tanımayan kateqoriyadan idi.
Və demokratik Qərb də, Amerika da bu hökuməti uzun illər məhz Əli İnsanov kimilərdən xilas olmağa, korrupsiya, məmur özbaşınalığı, azad mediaya qeyri-etik münasibət göstərənlərə qarşı mübarizə aparmağa çağırıb. Bizim bildiyimiz, demokratik dəyərləri olan Qərb bunu istəyib həmişə. Əli İnsanov kimi korrupsioner, dosyesi qabarıq birini müdafiə edən hansı Qərbdi, çox maraqlıdı?
Aldığım informasiyaya görə, bu illər ərzində heç bir Qərb və Amerika institutundan Əli İnsanovun azadlığı ilə bağlı bir müraciət belə daxil olmayıb. Bu illər ərzində bir Qərb institutu belə Əli İnsanovu həbsdən azad etməyə çağırmayıb. Belə olan halda bu avantüranın altında nə dayanır? Əli İnsanovu aldadıblar, ya Əli İnsanov yalan danışır, cəmiyyəti aldadır? İkincidir, həmişəki kimi rəyini heçə saydığı cəmiyyəti indi də aldadır.
Əli İnsanovun minnətdar olacağı bir ünvan var, o da humanist, elə həm də demokrat İlham Əliyev. Əli İnsanovun azadlığına səbəb onun və onun kimilərin 2005-ci ildə indiki sürətlə davam etməsinə imkan vermədikləri islahatların indi baş tutmasıdır. O islahatlar da ona görə baş tutub ki, Prezident son 15 ildə zərrə-zərrə Əli İnsanov kimi hər şeyin cəza mexanizmi ilə, sərt üslubla həll olunacağını deyənləri təmizləyib, iradə nümayiş etdirib, Əli İnsanov kimilərdən fərqli olaraq xalqa güvənib, xalqa arxalanıb. Əli İnsanov buna görə bu gün azadlıqdadı. Hökuməti də, cəmiyyəti də insanovkimilərdən xilas edən düşüncəyə və Adama, yəni Prezidentə minnətdar olsun!
P.S. Əli İnsanovun pafoslu çıxışına cəmiyyətin reaksiyasını dünən və bu gün sosial şəbəkələri izləməklə şahid olmaq mümkün idi. Sabiq nazirin sabiq əməllərini əks etdirən xeyli fakt yayıldı, vaxtilə söylədiyi xeyli sitat ortaya töküldü. Və cəmiyyət göstərdi ki, heç nə unudulmur!
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO