Toskanın gözləri
Bizi izləyin

Yazarlar

Toskanın gözləri

Şənbə günüdür, axşam saat 7-yə çox az qalıb.

Bir az maraq, bir az tərəddüd, bir az dua ilə Opera və Balet teatrının qapısından içəri girirəm.

Bakı Dövlət Universiteti və Mirzə Fətəli Axundovun adını daşıyan milli kitabxana ilə yanaşı ən çox sevdiyim məkandır bura.

Üzeyir Hacıbəyovun arzuladığı Azərbaycanı simvollaşdıran bir mədəniyyət ocağıdır.

Hər dəfə parterdəki biletdə nəzərdə tutulan yerimə oturar-oturmaz başımı çevirib zala baxıram. Əksər zamanlarda tamaşaçıların çoxu əcnəbi olsa da, zalı dolu görüncə, sevinirəm, nikbinləşirəm.

Nə qədər ki bu ocaq var, bu səhnə var və bu səhnədə Azərbaycan insanı rol alır, o çağacan cəmiyyətdən əlimizi üzməyə dəyməz.

Dəfələrlə demişəm, yenə xatırladım, əgər fərdlərin bacırıqları, cəmiyyətlərin ənənələri, xalqların təhsil səviyyəsi mədəniyyət yaratmağa yetərli olmursa, operaya, baletə çevrilmirsə, o zaman ölkədə kimin nə qədər bilik və sərvət sahibi olmasının heç bir önəmi yoxdur.

Ötən şənbə Azərbaycan opera səhnəsində bir ilk yaşanmaqdaydı.

Dünya opera sənətinin şedevrlərindən olan “Toska” operası səhnəyə qoyulurdu.

Azərbaycan Prezidenti tərəfindən “Əməkdar artist” adına yenicə layiq görülmüş iki istedadlı sənətçi- İlahə Əfəndiyeva və Fərid Əliyev ilk dəfə bu quruluşa qatılacaqdılar.

Sürprizlər, sadəcə bu deyildi.

Tamaşanın rejissoru Rusiyanın xalq artisti, professor Aleksandr Petrov idi. Skarpia rolunu ta Minskdən Azərbaycan səhnəsinə çıxmaq üçün gəlmiş Vladimir Qromov ifa etməli idi.

İnternetdən azacıq maraqlanmış və sezmişdim ki, uca boyuna, bariton səsinə, “öz sevdiyi peşəsi ilə məşğul olduğu üçün özünü son dərəcə xoşbəxt” saymasına rəğmən Qromov üçün “Toska”da rol oynamaq elə də asan olmayacaq.

Operanın qapısından bir az maraq, bir az tərəddüd, bir az da dua ilə girməyimə, biletdə nəzərdə tutulan yerimə “təki hər şey yaxşı olsun” deyə sənətçilərə uğur arzulayaraq oturmama səbəb bu düşüncələrdi.

***

“Toska”nı bir səhnə əsəri olaraq mənim üçün xüsusi olaraq anlamlı edən bir neçə səbəb var.

Birincisi, tarixçədir. Əsər məşhur aktrisa Sara Bernara ithaf olunub. Şahzadə və kralların eşq adası olan, səssiz filmlərin gözəl siması Saranın həyatı faciə ilə bitmişdi. Bir ayağı kəsilmiş, təkərli kürsüdə gəzməli olmuşdu. Yüngül həyat tərzi keçirən bir qadının bətnindən doğulmuş, buna rəğmən öz fitri istedadı yüksək dairələrə daxil olmuş Sara həyatın bu ağır sürprizinə təkərli kürsüdə də sinə gərməyi bacarmış, protez ayaqdan istifadə edərək səhnəyə çıxmışdı.

Gizlətmirəm, həyatda pəs etməyən adamları sevirəm.

Viktorien Sardounun Bernar üçün yazılmış bu pyesi Çakomo Puççini tərəfindən üç pərdəli opera kimi işlənəndən bəri, ilk premyerasından keçən 115 il ərzində sözün əsl mənasında klassikaya çevrilməsinin bir səbəbi də bəlkə elə budur.

İdeallar uğruna fəda olmaq hissi, buna rəğmən yenilgiyə qarşı barışmazlıq aşılaması.

Təsadüfi deyil ki, “Toska” Mustafa Kamal Atatürkün çox sevdiyi bir operaydı. Hətta deyilənə görə, paşa Sofiyada yaşadığı günlərdə əsərin əsas obrazını oynayan sopranonu sevirmiş. Aradan illər keçəcək və Atatürk bir cumhuriyyət quracaqdı. Əsərin qəhrəmanlarından olan Kavaradossidən fərqli olaraq o, qalib respublikaçı idi, öz sevgilisinin gözləri önündə güllələnməyəcəkdi. Amma “Toska”nı, əslində onu oynayan sopranonu heç zaman unutmayacaq, peşəkarlığına inandığı orkestr və ifaçılardan ömrünün sonuna qədər dəfələrlə o əsərdən müxtəlif ariyaların səsləndirilməsini xahiş edəcəkdi.

Atatürkün sevdiyi o soprano qara gözlüydümü, əcəba? Bu barədə heç bir bilgim yox.

Ancaq liberettoda “Tosca ha l'occhio nero!”/ “Toskanın qara gözləri var” deyildiyinə görə Azərbaycan səhnəsində qoyulan tamaşa üçün rejissor çox uğurlu bir seçim etmiş, öz qara gözləri ilə Məcdəlli Məryəmin nəinki divardakı portretini, ümumən xristian dünyasındakı bütün kultunu darmadağın edə biləcək mistikaya sahib İlahə Əfəndiyevaya etimad göstərmişdi.

Yeri gəlmişkən tamaşanın dekorları əla idi. Saint Andrea Della Valle kilsəsində heç zaman rast gəlinməyəcək şərq elementli bir kətilin olması belə əməkdar rəssam Ənvər Almaszadənin səhnənin quruluşuna çəkdiyi zəhməti sual altına almırdı. Bu məqamda orkestrə və şəxsən drijor, xalq artisti Cavanşir Cəfərova xüsusi təşəkkür etmək lazım, mükəmməl idilər.

Ayrıca, ilk dəfə ifa etməsinə rəğmən Fərid Əliyevin sözügedən operanın ən maraqla izlənilən sınağının- "Recondita armonia" ariyasının öhdəsindən uğurlu gəldiyinin, Vladimir Qromovun isə səhnəyə bizim debütantlardan daha çox hakim olduğunu söyləməkdə yarar var. Nəzərə alanda ki, həmin ariya Pavorottinin də məşhur ifalarından biridir, o zaman Fəridin səhnəyə daha çox hakim olmağa cəhd göstərməsi, xüsusən sonrakı parçalarda tələsməməsi lazım idi.

***

“Vissi D`arte”...

“Mən sənət üçün yaşayıram, mən sevgi üçün yaşayıram”

Belə başlayır Toskanın ikinci pərdədəki ən məşhur ariyası...

İlahə Əfəndiyevanı şəxsən tanıdığıma, onun yüksək talantına, dünyagörüşünə, ən əsası fərdi əxlaqına xeyli dərəcədə bələd olduğuma görə bu sözlərin onu nə qədər dərindən ifadə etdiyini çox gözəl bilirəm.

Onu da bilirəm ki, “Toska”da sopranoların talantını açmaq, onların nəyə qadir olduğunu aşkarlamaq, səhnə perspektivi barədə fikir yürütmək üçün açar parçadır “Vissi D`arte”...

Sadəcə, ifaçının səs imkanları açısından deyil, səhnə mədəniyyəti və məharəti, onun özünü qəhrəmanla eyniləşdirməsi və duyğularını tamaşaçıya ötürməsi baxımından da son dərəcə fəqli bir perfomans tələb edir bu parça.

İlahə gerçəkdən inanılmaz bir uğura imza atdı bu parça ilə...

Maria Kallasın, “Toska”nın əfsanəvi sopranosunun ruhunu sevindirəcək bir şəkildə oxudu, düzü.

Təkcə bu parça ilə yox həm də.

“Toska” kimi kəskin dramatizmə, çətin quruluşa malik bir tamaşanın üzünü ondan daha yaxşı ağartmaq, həm də italyanca sanki italyancanı bilirmişcəsinə oxumaq əlbəttə asan deyil. Fəqət bu müşkül vəzifəsinin öhdəsindən gəlmək üçün içdən “mən sənət üçün yaşayıram, mən sevgi üçün yaşayıram” deyə bilmək lazım.

İlahə bunu dedi.

Səhnədə axıtdığı göz yaşları ilə!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm