Köşə
Oğlu güllələndi, ailəsi məhv edildi, amma...
Aynur Camalqızı
30 ildən sonra ilk dəfədir ki, 28 Mayı sözün əsl mənasında Bayram kimi qeyd edirik.
İlk dəfədir ki, bayramı sadəcə, bayram kimi yox, həm də Qürur günü, Şərəf günü kimi keçiririk. Çox gözəl səbəbimiz var! Artıq bu günü Qələbə sevinci ilə, Şuşada dalğalanan üçrəngli Can Parçamızın sonsuz fərəhi ilə birgə qarşılayırıq…
Şuşada dalğalanan Üçrənglimiz… Mənzərəni gözünüzün önünə gətirib misilsizliyini, əvəzsizliyini hiss edirsinizmi?! Şuşa və Üçrəngli Bayraq…
Şükür bu günə!
Artıq 28 May həm də bütün Şərqdə Qələbə günüdür. Cümhuriyyətçilərin Qələbəsi...
Qurucu Atalarımız 103 il öncə müsəlman Şərqinin tarixində ilk demokratik respublikanın yaradılmasına imza atdılar. ADR-in yaradıldığını bütün dünyaya bəyan etdilər və Üçrəngli bayrağımızı bir daha enməmək üzərə göylərə ucaltdılar.
ADR-in elanı Azərbaycan xalqına tarixin möcüzəvi və lütfkar hədiyyəsi, ərməğanı idi. Bir dəfə yazmışam, dünyada 3000-dən artıq etnos var. Amma onların cəmi 200-dən bir az çoxuna öz müstəqil dövlətini qurmaq nəsib olub. O xoşbəxt 200-lərdən birinin bizim Vətənimizin olması lütf deyilmi?!
Allah bu dövləti quran, qoruyan, inkişaf etdirən böyük kişilərə, böyük insanlara qəni-qəni rəhmət eləsin! Onların qarşısında bir ömürlük borcumuz var. Nə qədər varıq, əziz xatirələrini sayğı ilə, sevgi ilə, min minnətlə, minbir şükranlıqla anacağıq. Onların və 44 günlük Qarabağ Qələbəsinin Qəhrəmanlarının sayəsində artıq fəxarətlə və qürur hissilə, cəsarətlə deyə bilirik ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”…
Taleyimizin təqvimində bu günü həmişə əziz tutun, qardaşlar, bacılar! Dua edin, şükr edin, bayramlaşın, bir-birinizi təbrik edin! Xüsusən də uşaqları. Qoy, balalarımız körpəlikdən bu Günün dəyərini anlamağı, qiymətləndirməyi və özlərindən sonrakı nəsillərə ötürməyi öyrənsinlər. Çünki məhz bu gün toplum olaraq, millət olaraq taleyimiz dəyişib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunmasaydı, sovet işğalından sonra bəlkə də Rusiyanın bir vilayəti ola bilərdik. Əriyə bilərdik o çoxluğun və o şovinizmin içərisində. AXC bizim pasportumuz, mövcudluğumuzun, varlığımızın, gələcəyimizin təsdiqi oldu.
O Azərbaycan olmasaydı, bu Azərbaycan da olmayacaqdı. O Dövlət bu Dövlətin təməlidir. Elə bir təməl ki, 70 illik repressiya maşını belə o təməli sarsıda, özgürlük duyğusunu, müstəqillik ruhunu öldürə, içimizdən kəsib ata bilmədi.
Müstəqil Azərbaycan dövləti... Şərqdə ilk dünyəvi və demokratik məmləkət... Cəmi 23 ay yaşayasan, amma bütün dünya üçün əbədi nümunə olan demokratiya ənənələri yaradasan. Demokratiyanın, xalq idarəetməsinin, parlamentarizmin ideal zəminini qurasan. Bütün dünyada ilk olaraq qadınlara seçkidə iştirak hüququ verəsən...
Əlbəttə, saymaqla, öyməklə bitib-tükənməyən bir Şərəf salnaməsidir 28 Mayla davam edən dövlətçilik tariximiz. O tarixi araşdırmaq, öyrənmək son dərəcə qürurverici, eyni zamanda da acıvericidir. Mən AXC tarixini hər dəfə araşdıranda, oxuyanda ürəyim sızlayır. Qurucu atalarımız niyə “yoxdan bir dövlət” qurduqlarını deyirdilər? Məgər bizim dövlət qurmaq potensialımız yetərli deyildimi?
Əlbəttə, yetərliydi. Amma... Maneələr, problemlər o qədər idi ki! Onları aşmaq, onlara sinə gərmək həm güc, fədakarlıq, həm də səbr və təmkin tələb edirdi. Çar Rusiyası Azərbaycanda milli təhsilin qarşısını almaq üçün nə mümkündürsə, etmişdi. Azərbaycanlı gənclər orduya çağırılmırdı. Dövlət qurumlarında azərbaycanlılar işə götürülmürdü. Təhsilli və təcrübəli azərbaycanlılar azlıqda idi. Və təsəvvür edin ki, belə bir şəraitdə hər şeyi sıfırdan yaratmaq, formalaşdırmaq lazım idi.
Nələr etmədi AXC rəhbərləri?! Ordu yaradıldı, ana dilində təhsil verən məktəblər açıldı, parlament formalaşdırıldı, bütün sahələrdə canlanma və yüksəliş... 100 nəfər gəncimiz seçildi və təhsil almaq üçün Avropanın ən öncül universitetlərinə göndərildi. Və bütün bunları yaxınımızdakı – bir addımlığımızdakı xain düşmənlə çarpışa-çarpışa, vuruşa-vuruşa etdik...
28 aprel işğalı – 70 illik sovet tariximizə qırmızı hərflərlə yazılsa da, taleyimizi qapqara qaraldan o məşum hadisə olmasaydı, Azərbaycan necə gözəl bir ölkə olacaqdı. Amma... Qoymadılar.
Prezidentimizin qızı Arzu Əliyevanın müəllifliyi ilə araya-ərsəyə gələn “Son iclas” filminə baxmısınız? O dövrün reallıqlarını necə varsa, görmək, anlamaq üçün o filmə baxmaq vacibdir. Çünki filmin ssenarisi Cümhuriyyət parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasının stenoqramı əsasında hazırlanıb. Sonsuz entuziazm və sevgiylə qurulan bir Cümhuriyyət və filmin son səhnəsi – dəhşətli məğlubiyyət...
Cümhuriyyət fədailəri Yalamada Qırmızı orduya qarşı son nəfəslərinədək döyüşdülər, ancaq düşmən güclüydü...
Zülmlü, zillətli və dözülməz dönəm... İşğaldan sonrakı dövrü başqa necə ifadə etmək olar?! Sürgünlər, repressiyalar, təqiblər, ölümlər, talelərin yarımçıq qalması...
O dövrün əzab və işgəncəsini hiss etmək üçün də “Son iclas” filminə baxmaq lazım. Həqiqətən. Hiss edəcəksiniz, bütün əzalarınızadək, qəlbinizin sonuncu telinədək duyacaqsınız o iztirabları, o qüssəni, o dəhşəti və vəhşəti, o insanların minbir əziyyətlə qurduqları yavru Vətənin, yavru Dövlətin necə kərpic-kərpic uçurulduğunu, dağıdıldığını...
Çox ağrılıdır. Əslində Cümhuriyyətlə birlikdə o insanların – milli dövlətimizin qurucularının həyatını da kərpic-kərpic söküb Sovetlər Birliyi, məhv edib. Mən onların və ailə üzvlərinin başına gələnləri, gətirilənləri oxuyanda dəhşətə gəlirəm...
Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edir. Ailəsi isə Azərbaycanda qalır. 2 oğlundan biri – Rəsul 19 yaşında güllələnir. Həyat yoldaşı Ümmülbanu xanım oğlu Rəsul öldürüldükdən sonra ailəsi və övladları ilə birlikdə Qazaxıstanın Çolak-Kurqan bölgəsində bir sovxozda məskunlaşır. Ümmülbanu xanımın əvvəlcə anası vəfat edir. Ağır sürgün həyatına özü də dözə bilmir, ürəyi partlayır. Orada dəfn olunur.
Kiçik oğlu Azər də Qazaxıstanda sürgündə dünyasını dəyişir.
Rəsulzadənin böyük qızı Lətifə 10 yaşlı qızı ilə 1943-cü ildə Qazaxıstanda soyuqdan donaraq ölür. Digər qızı Xalidə ailə üzvlərinin ölümündən sonra sürgündən qaçaraq Bakıya gəlir. Bir müddət sonra Şamaxıya gedərkən müəmmalı şəkildə yoxa çıxır...
Eyni aqibəti Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin və s. qurucu atalarımızın hər biri və ailə üzvləri də bu və digər şəkildə yaşayıblar. Hər birində təxminən eyni acı ssenari.
Avropaya təhsil almağa gedən 100 nəfər gəncimizin sarsıntıları daha dözülməzdir. Cümhuriyyətin süqutundan sonra faktiki sahibsiz və dəstəksiz qalan o bədbəxt cavanların həyatı da faciə ilə bitib...
Bunları niyə yazıram? Hər dəfə o insanların əzablarını, faciələrini düşünəndə “axı niyə” sualını verməyə bilmirəm. Axı niyə? Bu insanların nə günahları vardı? Rəsulzadənin ailə üzvləri, xüsusilə də qadınlar o zilləti, o işgəncələri niyə çəkiblər, niyə çəkməli idilər? Evində, yatağında 10 yaşlı qızcığazı ilə donmaq... Nə idi o ananın və o körpənin günahı? Nə idi gənc Rəsulun günahı? Hər dəfə fikirləşirəm və təbii ki, olumlu cavabım yoxdur...
Yalnız inandığım bir həqiqət var: bugünkü Azərbaycanın var olmasında, mövcudluğunda, uğurlarında mütləq və mütləq o yarımçıq və faciəvi talelərin rolu var. Hansısa formada var. Mütləq var! İnsan əzablarının əvəzi bir gün ödənilir. Mütləq ödənilir. Mənə elə gəlir ki, bugünkü müstəqil və suveren Azərbaycanın məhz o vaxtkı Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi elan edilməsi, o ənənələrin davam etdirilməsi həm də o ödəniş, o əlaqə, o bağlılıqdır.
Artıq o insanların ruhları şaddır...
Necə ki, 30 il öncəki Əzablarımızın əvəzi də 44 günlük müharibədə qazandığımız Qələbə oldu.
Bu sözü çox sevirəm: “Doğruların görünməyən orduları vardır”. Bizim gücümüz həm də onlardadır. Görünməyən Ordumuzda!
Ona görə göründüyümüzdən daha böyük, daha güclü, daha əzmliyik...
Yaşasın Azərbaycan! 103 yaşlı Vətən!
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO