Köşə
Namazı niyə öz dilimizdə qılmaq olmaz?
İlahi, hansı dildə yalvarım sənə?
Bir dua yetər, yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə? (Vaqif Səmədoğlu)
Elə müzakirələr var ki, Azərbaycanda heç zaman qapanmır, sadəcə müvəqqəti olaraq rəfə qaldırılır. Babamın babasının vaxtında da əlifba, dil islahatı, ümumtürk esperantosu, İslam protestantizmi kimi bəhslər dəbdə idi, 1990-cı illərdə də, bu günlər də. Hərdən ayağımızın altına kətili qoyub rəfə qaldırılan mövzuların götürüb tozunu çırpır, yenidən dövriyyəyə buraxırıq. Bəzən zərurət olmadan, elə-belə, muşqulat (məşğuliyyət, baş qatmaq) üçün. Videoşantaj söhbətlərinin hamını yorduğunu nəzərə alıb bir müddət əvvəl diqqətdə olan bu mövzulardan birinə qayıtmaq qərarına gəldim. Hərçənd qeydlərim ilk müzakirə vaxtı edilsə də, dostlarla polemikanın əks tərəfində olmaq istəmədiyimdən açıqlamağa tərəddüd etmişdim.
Beləliklə, əbədi mövzulardan birini - namazın hansı dildə qılınması mövzusunu müzakirə edirik.
Birinci yaranan sual. Doğrudanmı, başqa dinlərdə bütün xalqlar ayinləri öz dillərində icra edirlər?
Yəhudiikdə. Musanın zamanında qəbul edilmiş liturgiya dili indiyədək qorunur. Baxmayaraq ki, o dildən daha çox ruhani silkinin istifadə etdiyi peşə arqosunu xatırladırdı. Çünki miladdan qabaq 2-ci əsrdən ta 19-cu əsrin sonlarınadək canlı ünsiyyət dili kimi istifadə edilməyib, dil bərpa ediləndə bəlli olmuşdu ki, leksikonunda cəmi 2500-ə qədər söz var. Bu, təxminən 2-3 yaşlı uşağın nitqinə ekvivalentdir. Musəviliyi qəbul etmiş efiop icması (falaşlar) da, tatar-noğaylar da (karaylar), çoxdan almanlaşmış aşkenazilər də ibadəti öz dillərində etmirdi, məbəddə onları yalnız bir dildə birləşirdi. Və o dil (və ya sosiolekt-religiolekt) sayəsində vahid xalq oldular.
Buddizmdə. İlk yarandığı zaman istifadə edilmiş liturgiya dili-pali indi də istifadə olunur. O dil miladın ilk illərindən sıradan çıxıb, amma ayin dili kimi qalır. Amma buddizmin yeni cərəyanları yarananda bəzi yerli dillər də sakral mətnlərin yazılması və ayin icrası üçün istifadə ediliib. Buddizmi Çin vasitəsilə qəbul edən ölkələr (Koreya, Vyetnam, Yaponiya) indi də pali ilə yanaşı venmindən (qədim çin dili) istifadə edir. Koreya və yapon dillərində az qala bütün dini və elmi terminlər venmindən götürmədir və bu, kimdəsə kompleks yaratmır.
Xristianlıqda iş daha qəlizdir. Həm ibri (Əhdi- Ətiqin dili), həm arami (Ədhi- Ətiqin bəzi mətnlərinin və Əhdi- Cədidin orijinal dili), həm klassik latın və klassik yunan (Əhdi- Cədidin ilk tərcümələrinin dili) dilləri liturgiya dili kimi qorunur. Katoliklər daha çox latın, ortodokslar daha çox klassik yunan, ənənəvi Şərq kilsələri isə kəldani-siryani, geez, qibti və s. dillərdən istifadə edirlər. Avtokefal kilsələr yerli dillərdən də istifadə edir (gürcü, rumin, alban və s.) . Belə çoxdillilik Əhdi- Cədiddə “Həvarilərin əməlləri” bölümündə bəhs olunan hədislə bağlıdır. Hədisdə iddia olunur ki, Məsih ölümünün 50-ci günü dirilib, ruhu məzarı ziyarətə gəlmiş ardıcıllarının üzərinə nüzul edərək onlara müxtəlif dillərdə danışmaq qabiliyyəti əta edibmiş. İndiki xristian ədəbiyyatı bunu “qlossaliya” adlandırır. Elmdə buna bənzər psixoloji hal - adamların bilmədiyi dillərdə danışmasına “ksenoqlossiya” deyilir. Belə “çoxdillilik vəhyinin” məqsədi aramidilli mühitdən dışlanan yeni təlimi digər dillərdə danışan Roma təbəələri arasında yaymaq idi. Qəribə deyil ki, xristianlığı qəbul edən xalqlar üçün Finikiya (Şərq kilsələri), latın (kaltolik), yunan (ortodoks kilsələr) əlifbaları zəminində yaranmış çoxsaylı yazı sistemlərinin demək olar ki, heç birinin yaradıcısı öz mənsubları deyil, gəlmə missionerlər idi. Eməni və gürcülər üçün kilsə və əlifba qurucusu siryanilər (assuriyalılar), slavyanlar üçün bizanslı emissarlar, əvvəl Avropanın, sonra da müstəmləkə ərazilərinin xalqları üçün romalılar, ingilislər, almanlar və fransızlar olub. Vəhşi xalqların əlifba əldə etməsi ilk vaxtlar üçün müsbət hal idi. Amma bu zaman da yanlışlardan qaçılmayıb. Balkanların, Elba sahillərinin, daha sonra isə Urala qədər torpaqların bütün balt, slavyan, kelt, illiriyalı, hətta türk (avar və bulqar), daha sonra isə fin-uqor xalqları üçün bizanslılar morav slavyanlarının dilində yaratdığı əlifba və mətnlərdən istifadə edirdilər. Avropalı missionerlər bütün Okeanaziya və Cənub-Şərqi Asiya xalqları ilə ünsiyyət üçün malay, Afrikanın yüzlərlə dil, 10-larla dil ailəsinə bölünmüş xalqları ilə ünsiyyət üçün suahili dilindən yararlanırdılar.
Qriqorian hay da, boşa (Hindistan əsillil) da, qıpçaq da, tat-parsivan da, udin də qrabarı ayin dili kimi istifadəyə məcbur idi. Hərçənd 19-cu əsrdə onu ədəbi dilə çevirmək istəyəndə bəlli olmuşdu ki, çox kasad söz ehtiyatı var, erməni deyilən icma isə folklor nümunələrini belə türk-Azərbaycan dilində yaradır.
Gürcü kilsəsi avtokefallıq əldə edəndən iber-kartli xalqlarından birinin- kartvellərin dili ayin dili kimi qəbul edilib. Daha sonra bu dil ümumi ədəbi dil kimi istifadə olundu. Amma məsələn, 2000-ci illərin əvəvlərində protestant missionerlərin Bibliyanı meqrel və svan dillərinə tərcümə etməsi Gürcü Kilsəsi tərəfindən dərhal qınanmış, “gürcü millətini parçalama” cəhdi kimi lənətlənmişdi.
Müqəddəs mətnləri oxumaq üçün Qərb ölkələrinin bir çoxunda orta məktəbdə məcburi latın və ya yunan dill dərsləri (bəzən hər ikisi) var. Üstəlik, ruhani təhsili alanlar əlavə arami, ibri dillərini, din tarixi ilə məşğul olanlar isə hətta qibti və kəldani dillərini, apokrafik mətnlərin yazıldığı çoxsaylı dil və dialektləri də öyrənməyə məcbur olur.
Bir sözlə, xristian qlossaliyası xalqlara, icmalara seçici münasibət bəsləyib, bütöv xalqların, dillərin tarixdən silinməsinə təkan verib. Üstəlik, ilkin tərcümə mətnləri sakral sayıldığından ədəbi dillərin inkişafına da mane olub. Rus ədəbiyyatı tarixindən Lomonosovdan ta Puşkinə qədər ədiblərin rus dilini erkən orta əsrlərin kilsə-slavyan mətnlərinin təsirindən qurtarmaq üçün necə mübarizə apardığını bilirsiz. Kilsə dilinin mühafizəkarlığı bəzən ifrat dərəcədə dözülməz, ironik olur. Kilsə-slvayan dini mətnlərində “azmış”, “yolundan sapmış” mənasında “zabludivshiy” yox, o kökdən olan və bu gün ifrat vulqarizm sayılan “bl...” sözündən istifadə olunur və s.
Kəsəsi, “digər dinlərin nümayəndələri öz dillərində ayin icra edir” fikri səhv və həqiqətdən çox-çox uzaqdır.
İkinci sual. Niyə azərbaycanlılar dini mətnləri ana dilində oxumur, ayinləri ana dilində əda etmirlər?
Hələ Qaraxani (ümumtürk dövrü) və Bayandırlı (ümumoğuz dövrü) saraylarında tərcümə edilmiş Quran oxunduğu haqda məlumatlar var. 20-ci əsrin əvvəllərindən üzü bəri isə Quranın bir neçə məal-tərcüməsi çap olunub. Məscidlərdə xütbə və dini məclislərin idarə olunması hər zaman ana dilində aparılıb. Azərbaycan dilinin xüsusən 16-cı əsrdən sonra geniş arealda yayılma səbəblərindən biri də ayin dili kimi istifadəsi olub.
Sırf namaza gəlincə, ibadət fərdi olduğundan kiminsə Tanrı ilə hansı dildə danışması başqasını qayğılandırmır. Söhbət camaat namazlarının qılınması zamanı vahid dildən istifadədən gedirsə, bu, ümmətin vahidliyini qorumaq üçün gərəklidir. Nəhayət, liturgiya dili kimi yalnız Azərbaycan dilindən istifadə təklif olunursa, onda məsələn, hapıt, ya saxur dilində danışan vətəndaşı, ya rusdilli azərbaycanlını hansı qanunla buna məcbur edəcəyik?
Belə sərt türkləşdirmə tələbləri 50-ci illərə qədər Türkiyədə tətbiq edildi, nəticəsi nə oldu? Bəzi iddialara görə, “şapka qanunu” və türkcə namaz məcburiyyətinə etiraz əlaməti olaraq Türkiyəni tərk edənlər yüz minlərlə olmuşdu. Nəzərə alın ki, o zaman Türkiyə əhalisinin sayı 13 milyon civarında idi. “Allahu əkbər”i bir təhər “Ey Ulu Tanrı” ilə əvəz edirdilər, amma “La ilahə illə-llah” əvəzinə “Yoktur tapacak, Çeleptir ancak” nidası xüsusən Şərqi Anadolu əhalisi arasında qəribə qulaq assosiasiyası yaradırdı. Fars dilindən alınma və o bölgələrdə mənası yaxşı anlaşılan “cələb” sözü ilə həmahəng olduğu üçün.
Və Türkiyədə ilk azad seçkidəcə o qərarı qəbul edən partiya iqtidardan salındı. O qərarı ləğv edən menderesçi xətt isə indiyədək keçirilmiş bütün azad seçkilərdə qalib olub və bəzən kamalizmin həqiqətən də misilsiz pozitiv olan addımlarını da təhdid edir. İfrat sekulyarizm, sərt tələblər olmasaydı, menderesçi xətt 70 ilə yaxın müddətdə bu qədər ciddi sosial baza da əldə edə bilməzdi.
... O şeirin sonunda mərhum şair Tanrıya rusca yalvarırdı- “Pomoqi , Qospodi, pomoqi”. Çünki deyirdi ki, bildiyi digər dildən yer də, göy də xəbərsizdir...
Cəmaləddin Quliyev
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO