Serb Duşkası, erməni cananı
Bizi izləyin

Köşə

Serb Duşkası, erməni cananı

Qərb ictimai rəyi bizim lehimizə deyil. Heç rus ictimai rəyi də bizim lehimizə deyil, bəzən Şərq ölklərində belə mətbu ictimai rəy əleyhimizə işləyir. Bunun filan qədər obyektiv, subyektiv səbəblərini sadalamaq olar: erməni lobbisinin fəaliyyəti, bölgədə maraqlı olan iri güclərin ikili standartları və s. Amma bəzən nəzərdən qaçırdığımız, ilk baxışdan əhəmiyyətsiz kimi görünən məqamlar da ictimai rəyi lehimizə dəyişməyə maneə olur.

Münaqişə bölgələri ilə bağlı hadisələri işıqlandırmaq üçün fikserlər deyilən şəxslərin xidmətlərindən istifadə olunur.

Fikser - jurnalistlərə tanış olmayan bölgədə onların təhlükəsizliyini, yaşayış şəraitini və hərəkətini təmin edir, yerli dildən tərcüməçilik edir, müsahibələr üçün lazımi insanlarla görüşlər təşkil edir, xarici jurnalistləri informasiya ilə təchiz edir. Yəni 90-cı illərin əvvəllərində bizdə stringerliyi vətənpərvərlik kimi təqdim edib, o şöhrətin üzərində özlərinə biznes qurmuşların fəaliyyətindən tam fərqli, entuziazm, təmənnasızlıq, fədakarlıq tələb edən bir işdir.

Fikser özü həm peşəkar jurnalist, həm də regionda çoxlu əlaqələri olan, yaxşı təşkilatçılıq bacarığı və xarici dilləri bilən şəxslər ola bilər. Onların biliyi, əlaqələri jurnalisti lazımi mütəxəssislərə (bəzən tanınmış siyasətçilərə, iş adamlarına və ya digər media nümayəndələrinə) çatdırmaq və tapşırığın yerinə yetirilməsini təmin etmək üçün kifayət olmalıdır. Bu xidmətlərin müqabilində pul da alırlar.

Bəzən fikserlər müharibənin, münaqişənin gedişinə ciddi şəkildə təsir edə bilirlər. Məsələn, Bosniyanın Serb Krainasında Duşka adlı fəal yerli fikser belə rol oynayıb. Onun səlis ingiliscəsi, müxtəlif çevrələrlə əlaqələri, saz avtomobili olub, odur ki, xarici jurnalistləri lazımi yerlərə asan çatdıra bilir, onları informasiya ilə təmin edirmiş. Üstəlik, anasının çox dadlı yeməklər bişirməsi də xarici jurnalistlər üçün cəlbedici imiş. Amma münaqişə gedən hər hansı ölkədə Duşka kimi fikserin olması qərbli jurnalistlər üçün əsl tələdir. Duşkanın Qərb informasiya mühitinə təsiri o qədər böyük imiş ki, sonralar belə etiraflar da edilmişdi: ABŞ-ın Balkanlarla bağlı xarici siyasətini dövlət kativbi Madlen Olbrayt deyil, Duşka öz dezinformasiyaları ilə müəyyən edirdi.

Belə hallar Balıkanlarda Kosovoda da müşahidə olunmuşdu. Əslində Kosovo ordusunun agentləri olan yerli kosovar(alban) fikserlər Qərb ictimai fikrini istədikləri kimi dəyişməyə nail ola bilmişdilər.

II Qarabağ şavaşından üzü bəri Rusiya və Qərb, bəzən də ərəb və farsdilli mediada Azərbaycanın işğaldan azad olunmuş ərazilərini tərk edən və ya rus hərbi birləşməsinin müvəqqəti nəzarət etdiyi ərazilərdə məskunlaşan ermənilər haqda çoxsaylı reportajlar dərc olunub. Əksər reportajlarda adlara fikir verin - 3 ildir əzabkeş cildinə girib dünya rəyini əleyhimizə dəyişmək üçün danışdırlan şəxslərin əksəriyyəti eyni adamlardır. Lilit, Anna və daha bir neçə ad. Lilit Şahverdiyan ingilis dili müəllimidir. Həm də frilanser jurnalistdir, BBC, Eurasianet, Svoboda və b. Qərb KİV-lərində 10-larla yazısı çıxıb. Amma həm də qərbli jurnalistləri lazımi şəxslər-dünya ictimai rəyi üçün problemlər - aclıq, deportasiya, genosid “təhlükəsi” haqda danışmaq üzrə ixtisaslaşmış xüsusi təyinatlı sakinlərlə görüşdürür, gərəkəndə özü də “Artsaxdan qovulmuş” yerli sakin kimi belə açıqlamalar verir.

Serblərin bir Duşkası var idisə, ermənilərin Qərb rəyini çaşdıran duşkaları* onlarladır, təəssüf ki.

Bizdə bu xidməti həyata keçirən varmı? Olmamış deyil. Amma mənə maraqlıdır Şuşa qalasında araq davası edənlərin, Kəlbəcərin isti suyu fonunda müxtəlif pozalarda selfi çəkdirənlərin neçəsi bir Lilitin gördüyü işə adekvatdır. Adekvatdırsa, nəticə necədir?

*Duşka slavyan dillərində “canan” mənasında da işlənir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm