Mirzə Cəlil kimdən təsirlənmişdi? - FAKTLAR
Bizi izləyin

Köşə

Mirzə Cəlil kimdən təsirlənmişdi? - FAKTLAR

... İsa ibn Hişam və Əbu—Fəth -əl İsgəndəri növbəti kənddə fırıldaq işlətmişdilər. Mosul vilayətinin kəndlərin birində yerli, xurafatçı əhalini öz bəlağəti ilə aldatmış, onları ölü diriltmək elmindən xəbərdar olduğuna inandırmışdı. Bu inandırmanın sayəsində də kənd əhlindən bakirə qızlarla evlənmə imkanı və quldurların onlardan qarət etdiklərindən xeyli çox var-yatır əldə etmişdilər, sonra da əhalini səcdədə buraxıb xəlvətcə minəklərinin tərkinə yük olub aradan çıxmışdılar...

Bu, orta əsrlərdə yaşamış ən böyük yazıçılardan olan həmyerlimiz( soydaşımız olub-olması mübahisəli sayıldığından azərbaycanlı olduğunu yazmıram-C.H.) Bədi-üz-Zəman Həmədaninin “Mosuliyyə”məqaməsinin qısa məzmunudur. Nədənsə ədəbi ictimaiyyətimiz arasında çox da tanınmayan nasirin özü də, ədəbiyyata özünün gətirdiyi janr da(məqamə) indi Azərbaycanda yalnız beş –üç nəfər mütəxəssis səviyyəsində xatırlanır. Amma nahaq, hərdən yaddaşları oyatmağa ehtiyac var.

Yəqin məqamənin məzmunu sizin də diqqətinizi çəkdi. Yanılmırsınız. Bu süjet digər böyük ədibimiz Cəlil Məmmədquluzadənin ölümsüz “Ölülər”inin süjetini andırır.

Oxşarlıq yalnız süjetlərin yaxınlığında deyil. Məqamə rus dilli mənbələrdə “plutovskaya novella”(lotu-oğru novellası) kimi izah edilir. İlkin yarandığı zamanlar məqamə personajı(Həmədanidə İsa ibn Hişam, Əbu Məhəmməd Həriridə isə Əbu Zeyd əs-Səruci) tədricən süquta gedən İslam imperiyasının-xilafətin müxtəlif guşələrinə səfər edir, ağlasığmaz situasiyalardan məharətlə çıxırdı.

Xilafət dağıldıqdan sonra isə bu missiyanı digər janrın –nadirə(lətifə) janrının Cuha adlı personajı yerinə yetirdi. Məqamədən fərqli olaraq nadirə 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərinədək azərbaycandilli ədəbiyyatda hələ də mövcud idi. Janrın müəllifləri sırasında Şükuhi və Seyid Əzim Şirvaninin də adı var.Beləcə, o janrlar sadəcə ədəbi hadisə deyil, həm də cidi sosial, az qala geosiyasi fenomen idi. Süqut etməkdə olan və ya etmiş müsəlman superetnosunun ayrı-ayrı icmalarının tədricən yadlaşmasının doğurduğu faciə, müştərək sosial-siyasi-mədəni dəyərlərin dağılmasının ağrı-acısı yumositik, bəzən də satirik bir dillə qələmə alınır.

Əslində 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindəki azərbaycandilli yeni dramaturgiya üçün də bu yanaşma yad deyil. Öz faciəsini “Müsibəti-müsəlmənan”(Nəcəf bəy Vəzirzadə- “Müsibəti-Fəxrəddin”) kimi qavrayan Fəxrəddindən fərqli olaraq “Ölülər”in Kefli İsgəndərin dövrə yanaşması sarkastikdir.

Həmədaninin məqaməsi və Mirzə Cəlilin dramı arasında başqa paralellər də var. Məqamənin kələkbaz –lotu personajı xilafəti gəzib dolaşdığı sayaq, “Ölülər”in lotu pesonajı( “İsfəhan lotusu”) da Qacar imperiyasının keçmiş ərazilərində-hələ mədəni dəyərlərin, elə avamlığın da müştərək olduğu sosiomədəni arealda at oynadır. Dramın sonunda hadisələrin cərəyan etdiyi şəhərin əhalisinə müxtəlif yerlərdən ünvanlanmış məktublar da XURAFAT-ın ortaq dəyərə çevrildiyini təsdiqləyir.

“Ölüllər”i İran və Qafqaz coğrafiyasına bağlayan maraqlı elementlər də tapmaq olar. Məsələn, Avropa tipli dramaturgiyamıza qədərki teatr oyunlarında lotu və bambılı personajları da var. Bu personajlar “Ölülərdə” də var : Lotu(İsfəhan lotusu -Şeyx Nəsrullah ) və onun köməkçisi, Bambılı(Bambılı Əhməd -Şeyx Əhməd). Mirzə Cəlilin ilk qələm təcrübələrindən olan “Kişmiş oyunu” da xalq teatr oyunları-qaravəlli janrında yazılmışdı.Yəni, Şərq klassik ənənələrindən və xalq teatrı ümsürlərindən istifadə Mirzə Cəlil üçün yeni deyildi.

Üstəlik, Həmədaninin məqamələri Mirzə Cəlilin gözəl bildiyi fars dilinə elə yazıldığı əsrdə tərcümə edilmişdi(Bəzi iddialara görə, Həmədanin özü tərəfindən). Mirzə Cəlilin farsdilli ədəbiyatla aşinalığının kifayət qədər yüksək səviyyədə olduğunu “Ölülər” əsərinin ilk səhnəsində Sədinin “Gülüstan” poemasından oxunan misralar da təsdiq edir. Həm də misrlar təsadüfi olub, sadəcə”Gülüstan” və “Bustan”ın mollaxanalarda məcburi predmetə çevrilməsini ifşa etmək naminə seçilməmişdi. O misrlarda ölənlərin bir də geri qayıtmayacağından bəhs edilir və beləliklə, olduqca sərrast seçilmiş misraların “Ölülər”in mövhumatçı personajlarının düşüncəsinə təzadlı olması qabardılır. Zeynəlabdin Marağayinin farsca yazılmış “Səyahətnaməsi” də “Molla Nəsrəddin” də ən çox iqtibas edilən əsərlərdən idi.

Mirzə Cəlilin yaşadığı zamanlar Azərbaycanın, Şərqi Anadolunun və İranın iri yaşayış məntəqələrində uzun qış gecələri ya xüsusi ilə bu məqsədlər dəvət edilmiş aşıqlar dastan danışmaqla əhalini məşğul edərdi, ya da “şahnaməçi” adlandırılan xüsusi adamlar Şərq ədəbiyyatından poemalar və kiçik əsərlər oxumaqla . Belə qış gecələrini təsvirinə Mirzə Cəlildə də, hətta Orxan Pamukun “Qar” romanında da rast gəlmək olar. Demək, farscanı bilməsəydi belə, Mirzə Cəlil ən azı nadirə müəlliflərinin yaradıcılığı və qış gecələrindəki Şərq ədbiyyatı qiraətçiləri vasitəsilə bu süjetlərlə tanış ola bilərdi.

Bütün bunları xatırlatmaqda məsədim Mirzə Cəlilin “Ölülər” əsərinin guya fransız dillli yazıçı Moris Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesindən plagiat olması haqda Həmid Herisçi tərəfindən başladılmış mübahisələrə aydınlıq gətirməkdir. Göründüyü kimi, Mirzə Cəlilin “ Ölülər”i yazmaq üçün istinad edəcəyi başqa mənbələr- klasssik Şərq ədəbiyyatı və xalq teatrı da var idi. Süjet Həmədaninin süjetinə daha yaxındır, nəinki Meterlinkin. Amma Həmədani və Meterlinkin hədəfləri bambaşqadır. Meterlink İsa və həvarilərinin; 19-cu əsrdən sonra isə yeni totalitar xristian cərəyanların yalançı peyəğmbərlərinin ölü diriltmə qabiliyyəti olması haqda doqmatik inanca gülürsə, Həmədani və Mirzə Cəlil İslama yad olan bu inancın xurafat şəklində müsəlmanlar arasında yayılmasını ələ salırlar. Həmədani bu xurafatdan bir kələkbazın istifadə etməsindən bəhs edirsə, Mirzə Cəlil bu lotunun sadəcə lotu deyil, həm də psixi xəstə-pedofl, onun iddiasını qəbul edənləri isə fərdiyyətini itirib psixoza düşmüş KÜTLƏ kimi təsvir edir. Mövzuya uşaq hüquqları, qadın hüqusuzluğu , təhsilin insan hədəfli olmaması kimi öz zəmanəsinin ən aktual problemlərini də əlavə edir.

Əslində Həmid Herisçiyə minnətdar olmalıyıq. Bu müzakirələri başlatmaqla Mirzə Cəlilin bütün yaradıcılığı boyu Qoqolun təsirində olması haqda yayğın təsəvvürləri( o cümlədən vaxtilə Həmidin özü tətəfindən gücləndirilən təsəvvvürləri) alt-üst etdi. Demə, ciddi Qərb təsiri də varmış. Mən Mirzə Cəlilin Şərq və xalq ədəbiyyatına müraciətlərinə toxunmaqla yeni mübahisələr açmaq niyyəti güdmürəm. Əksinə həm öz müasirlərindən, həm də bizim müasirlərimizdən fərqli olaraq nə qədər əhatəli ədəbi mütaliə və intellektə sahib olduğuna diqqət yönəltmək istəyirəm.

Mövzunu uzatmadan yekunlaşıram: bir yazıçının həm Şərq, həm xalq, həm Qərb və həm də rus ədəbiyyatını gözəl bilib, öz yaradıcılığında hər dörd mənbədəki ən yaxşı ənənələri üzvi şəkildə birləşdirilə bilməsi ən azı böyük məharətdir. Bu baxımdan o öz ardıcılarından da, lehinə və əleyhinə olanlardan da çox-çox ucada dayanır.Hələ ki fəth edilməyən ucalıqda.

P.S. Məqamə janrı haqda ətraflı məlumat almaq üçün bu kitabla tanış olmanızı tövsiyə edirəm: Касумова Аида Шахлар гызы ”АРАБСКАЯ СРЕДНЕВЕКОВАЯ ПЛУТОВСКАЯ НОВЕЛЛА ” (БАКУ – 2006)

P.S. S. Bu məqalə 2013 cü il aprelin 21-də Publika.az-da dərc edilib. Yazılanların ədəbi tapıntı və ya elmi kəşf olduğunu sanmıram. Bu sahədə hər hansı bir iddiam olmayıb və indi də yoxdur. Lakin məqalə dərc olunan vaxtadək klassik ərəbdilli ədəbiyyatın Mirzə Cəlil yaradıcılığına , o cümlədən “Olülər” əsərinin ortaya çıxmasına təsiri haqda Azərbaycanda, təəssüf ki, araşdırma aparılmamışdı. Əminəm ki, sonradan bu istiqamətdə daha ciddi, əsaslandırılmış, sanballı iş ərsəyə gətirənlər olub və olmalıdır da. Amma adətən, belə halda ilk müəllif qeyd edilir. Sayğılarla...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm