Layihə
“Ermənilər mənə görə…” - Ağdamlı məşhurlar danışır (VİDEO)
Su gəlif daşa dəydi,
Ax beyjə, beyjə, beyjə
Kifrihlər qaşa dəydi,
Ax beyjə, beyjə, beyjə…
Heş kim deyəmməz kın, qağa, hansısa xanəndə ağdamlıdan qəşşəy oxuyur. Ağzındaja dili yanar, heç axlının ujunnan da keşirməz. Duruf addarın sadalasam, sayıf qutara bilmiyəjəm, elə təhjə rəhmətlik Səxavətin adını çəhsəm bəs edər. Oxumurdu e, irəhməttik adamın ciyərinijə dağlıyırdı. Allah saa rəhmət eləsin a Səxavət… Gonlum ister dana, gedif o yerləri görüf gəlim. Seyid Yusuf ağanın cəddijə köməy olsun, torfaxlar alınsın, o yerlərə birinji özüm gedəjəm. Bajın saa qurvan, belə Arif Bavayev oxuyajax, Rəmiş çalajax, biz də feyziyaf olajağıx dana.
Beləliklə, Publika.az-ın “HARALISAN” layihəsində yolumuz bu dəfə Ağdamdandır, danışanlarsa ağdamlılar.
Ağdam torpağından görün kimlər çıxdı?
Xudu Məmmədov - ictimai-siyasi xadim, alim.
Qurban Pirimov - tarzən, xalq artisti.
Sürəyya Kərimova - Sosialist əməyi qəhrəmanı.
Məcid Şamxalov - dramaturq.
Səxavət Məmmədov - xanəndə, xalq artisti.
Qədir Rüstəmov - xanəndə, xalq artisti.
Şahmar Əkbərzadə - şair, jurnalist.
Ceyhun Mirzəyev - rejissor aktyor, əməkdar artist.
1993-cü il İyulun 23-də Ağdam erməni işğalına məruz qaldı. O yerlərin niskilini içində daşıyan məşhur ağdamlılarla birgə Qarabağın gözü olan bu diyarı yad edəcəyik.
“Əhd eləmişəm, Ağdam alınsın...”
Arif Babayev, xanəndə, xalq artisti:
- Mənim anlamımda torpaq anadan güclüdür. Uşaqlığım, cavanlığım o gözəl Ağdamda keçib. Çox dəcəl uşaq idim, “ipimin üstünə odun yığılası” deyildi. Dalaşqan idim. Yox, qız üstə dava eləməzdim, amma haqsızlığa dözmürdüm. Şuluqluğumu görəndə çox adam deyirdi ki, bundan heç nə çıxmayaq. Allah rəhmət eləsin, bizə dərs deyən Zülfüqar müəllim vardı, nadinclik edəndə uşaqların əllərini çubuqlayırdı. Onları danlayırdı ki, ə, bu Arifə baxmayın e, onun səsi var, gedib oxuyan olacaq, oxuyun, özünüzə peşə seçin. Cavan vaxtlarımda səsimi başıma atıb oxuyurdum. O sulardan içmişdim, səsim də indiki kimi deyildi, zəngüləm-zadım, cavanlıq ayrı şeydir axı… O yer, o yurd üçün burnumun ucu göynəyir. Əhd eləmişəm, Ağdam alınsın, evimizə qədər dizin-dizin sürünəcəm. Bir neçə il əvvələ qədər evimiz yerində dururdu, deyilənə görə ermənilər mənə görə evimi dağıtmayıblarmış. Amma sonradan dağıdıblar.
“Xəlvətə salıb əmimdən gizlin...”
Ramiz Quliyev, tarzən, professor, xalq artisti:
- Ağdam ürəyimdə bir yaradır. Sağalması üçün gedib onu görməliyəm. Uşaqlığım Ağdamda keçib. Qarlı-şaxtalı günlərdə məktəbə getməyim, qonşularımız, həyətlərdən ucalan musiqi səsləri, yadıma düşəndə kövrəlirəm. Ağdamla bağlı o qədər xatirələrim var ki, yaşa dolduqca daha çox xatırlayıram. 5-6 yaşım olardı, evimizin divarındakı xalçanın üstündə asılan tara həsrətlə baxardım. Həbib əmimin tarıydı, müharibəyə getdiyi üçün heç kim ona əl vurmurdu. Müharibədən qayıdandan sonra da əmim o tarı çalmadı. Çünki davadan şikəst olub qayıtmışdı. Amma xəlvətə salıb əmimdən gizlin ayağımın altına stul qoyub tarı götürürdüm, tozunu silirdim, dınqıldadırdım. Bir gün əmim mənə dedi ki, deyəsən bu tardan xoşun gəlir? Başımı tərpətdim, soruşdum ki, kimindir? Dedi ki, sənin. O vaxtdan indiyə qədər ürəyimi bu alətə bağışladım.
Ağdam tez-tez yuxuma girir. Həyətimizin girəcəyində nar ağacı vardı. Narları dərib, əlimlə tozunu silib parıldatmaqdan çox xoşum gəlirdi. Bakıya gələndə də o narlardan gətirirdim. Yazda-yayda həyətimiz gül-çiçək ətrinə bürünürdü. İndi Ağdamda gül-gülü çağırır, bülbül də gülü. Fikirləşirəm ki, görəsən, o ağac, o ev yerində durur?
“Səni bejə bu əyaxlarla öldürəjəm”
Vahid Qazi, yazar:
- Ağdamla bağlı o qədər xatirələrim var… Ağdamın kino mühiti qonşu rayonlarla, hətta dağ qəsəbə və kəndləriylə müqayisədə xeyli mühafizəkar idi. Desəm ki, bu mühitin yaranmasında kinoteatrın direktoru Fazil Qasımovun müstəsna rolu vardı, inanın, elə dediyim kimiydi. “Ruhlar şəhəri” kitabında buna ayrıca bir esse həsr etmişəm.
Deməli, hind filmləri Azərbaycana ayaq basıb, Bakıda nəfəs dərməmiş Fazil müəllimin sehrli çubuğuyla Ağdamda peyda olurdu - mətn tərcümə olunan kimi, səsləndirilməsinə aman verilmədən Ağdama çatdırılırdı.
“Dublyaj” işinə məşhur aktyor Tofiq Qarayev və teatrdan başqaları dəvət edilirdi. Onlar yuxarı, kinomexaniklərin yanına qalxıb əllərindəki mətni oxuyurdular. Hind filmi ola, “itoynadan” Tofiq ola. Heç hind filminə Ağdam ləhcəsində baxmısanmı? Elə bilirdin ki, filmdəkilər Hindistanda yox, məsələn, məscidin dalındakı məşhur Bombey məhəlləsində baş verir. Məsələn, “Qabbar Sinq, bu qolları sən kəsdin, amma mən səni bejə bu əyaxlarla öldürəjəm”.
Bəzən filmi Fazil müəllimin özü “dublyaj” edirdi. Belə hallarda zaldakı tamaşaçılarla kinomexaniklərin yanında oturub filmi səsləndirən Fazil müəllimin arasında qəribə təmas olurdu. Fazil müəllim həm əlindəki mətni oxuyurdu, həm də yuxarıdan zala nəzarət edirdi. Bir də görürdün kimsə qəsdən siqaret yandırdı. Pah, gəl kefə bax də! Dublyaj mətninə söyüş dolu cümlələr əlavə olunurdu. Elə bilirdin, Rac Bobbiyə sevgi etirafı əvəzinə söyüş söyür.
Hərdən uşaqların tutması tuturdu, dilxoşluğa başlayırdılar. Bir dəfə filmin danışıq olmayan yeriydi, ekranda yalnız uzun və qəşəng qadın ayaqları görünürdü, bir də bu qəşəng ayaqların çıxardığı taqqıltı səsləri gəlirdi. Zaldan qəfil bir nida qopdu: “Perevod! Perevod!”, yəni tərcümə elə. Fazil müəllim özünü çox gözlətmədi: “Ə, qurumsax, nəyi perevod eliyəjəm? Görmürsən, əyaxlardı dana, gedirlər”.
Günorta saatlarında məktəblilər üçün ayrılan seanslardan başqa mən kinoteatrda heç vaxt qadın tamaşaçıya rast gəlmədim. Hərdənbir göz xəstəxanasının yanındakı hərbi hissəyə yenicə gələn rus zabitin arvadını qoltuğuna vurub, Moskvanın Arbatında gəzirmiş kimi, Nizami küçəsiylə üzüaşağı bəxtəvər-bəxtəvər kinoya ilk və son gəlişini nəzərə almıram. Zalın yeganə zənən xeylağı kimi gözü ehtiras dolu gənclərin kollektiv ac baxışlarının hədəfinə çevrilmək, hətta rus qadınlarını da sıxırdı.
Amma bu o demək deyildi ki, şəhərin qadınları kinoya baxmırdılar. Baxırdılar, özü də kişilərdən daha həvəslə. Bunun üçün evin kişisinə sifariş vermək bəs edirdi. Bəzən bir neçə məhəllədə eyni film göstərirdilər. Velosipedli kinoçular yarım saat fərqlə başlayan filmin yumru dəmir kasetlərini bir məhəllədən digərinə vaxtında çatdırırdılar. Məhəllə kinoları böyük bir proses idi. Tədbirə erkəndən hazırlıq gedirdi. Tumsatanlar səhərdən öz ehtiyatlarını tuturdu. Ənənəvi “ekran” ya ağardılır, ya da kimsə ağ döşəküzü gətirəcəyinə söz verirdi. Qadınların kimi samovar qaynadır, kimi şirniyyat bişirirdi. Meyvəsi olan meyvə yuyurdu. Axşam da hərə öz kətilini götürüb ekran başına gəlirdi.
Şəhərin kişi tamaşaçılarıyla qadın seyrçiləri arasında fərq vardı. Birincisi, tamaşaçısı yalnız özlərindən ibarət olan kişilər filmin ayrı-ayrı nüanslarına, məsələn, bir az çılpaq qız görəndə “bu nədi, əəə...”, yaxud yaramaz qəhrəman növbəti naqis iş tutanda “ay …..” sayaq reaksiyalarla kifayətlənirdilərsə, məhəllə seanslarında arvad-uşaq səsindən kino deyəni qulaq eşitmirdi.
İkincisi, xüsusilə maraqlı yerində film kəsiləndə, kişilərin bağırtısı kinoteatrın damındakı quşları perik salırdı, amma qadınlar bu cür fasilələrdə daha dözümlü olurdular; ya filmin bura qədərki hissəsinin müzakirəsinə başlayır, ya da səhərdən qalan söhbətlərini davam etdirirdilər.
“Beyinləri qızdı, gözləri heç nə görməz”
Nəzakət Teymurova, xalq artisti:
- Ağdamla bağlı o qədər xatirələrim var… Bu qədər mükafatlar almışam, heç biri yadımda qalmayıb, amma Ağdamla bağlı balaca bir xatirəni də unutmamışam. Böyük bacım cavan ikən dünyasını dəyişib. Yadımdadır o uşaqlarını da götürüb tez-tez bizə gəlirdi. Pilləkanamıza çıxıb uzaqdan qışqırırdım ki, nəyimiz varsa, yemişik, sizə heç nə qalmayıb, nəyə gəlirsiniz?7-8 yaşım vardı onda. Bacılarımla birgə çay kənarından əvəlik, qırxbuğum, kəkotu yığırdıq.
Ağdamla bağlı nə deyim, kişiləri çox vurub-yıxan olurlar. Beyinləri qızdı, gözləri heç nə görməz. O vaxtlar ətraf rayonların ağdamlılardan qorxardılar. Mərd camaatdı. Biz Kolanı camaatı sayılırıq. O tərəfin insanları ermənidən qorxub çəkinməyib. Axıracan kəndi qoruyublar.
Hələ sovetin vaxtında Ağdam camaatı çox varlı yaşayıb. Evləri, villaları, maşınları olub. SSRİ-də tapılmayan malları Ağdam bazarından almaq olurdu. Qızları qəşəng, oğlanları da yarlı-yaraşıqlı olub.
…Yalan nə deyim, Ağdamı görməmişəm. Amma tanıdıqlarımdan-gördüklərimdən bilirəm ki, hələ sovetin vaxtından Ağdam camaatı öz təbirləri ilə desəm, “varlı-hallı” olublar. Biznes məsələsində təcrübəsi olan ağdamlılar daşdan da pul çıxarmağı bacarırlar. Sözlərinin əvvəli də başına dönümdür, axırı da. Şirin dillə ilanı da yuvasından çıxararlar. Amma buna çox da bənd olmayın, quyruqlarını tapdalayanda üzlərini görmə. Haqlarını yedirməyi heç sevməzlər. Xanımlarına gəlincə, biş-düş məsələsində onlara çatan olmaz.
Mənə gəlincə, Ağdamı musiqiçilərinə, xüsusən də Rəmiş, bir də rəhmətlik Səxavət Məmədova görə sevmişəm.
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO