Natəvan: “Aygünün pulları hansı yollarla qazandığını yaxşı bilirəm” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Natəvan: “Aygünün pulları hansı yollarla qazandığını yaxşı bilirəm” - MÜSAHİBƏ

Müğənni Natəvan Həbibi ilə xalq artisti Aygün Kazımova arasında baş verən qalmaqaldan çoxları xəbərdardır. Onların arasındakı məhkəmə çəkişməsi yekunlaşsa da, hakimin çıxardığı qərar hələ ki icra olunmayıb. Aygün Kazımova "Natəvan üzr istədiyimi yuxusunda görər", - deyərək məhkəmənin qərarını icra etməkdən imtina edib.

Natəvan Həbibi Publika.az-a müsahibəsində bunlardan danışıb:

- Aygün Kazımova kifayət qədər tanınmış və sevilən bir ifaçıdır. Hər kəs sizin aranızda baş verən bu qalmaqalın səbəbini öyrənmək istəyir. Aranızda nə baş verdi? Aygünün sizin erməni olduğunuzla bağlı açıqlamasının səbəbi nə olub?

- Vallah, mən bu müğənninin məndən nə istədiyini bilmirəm. Başa düşə bilmirəm ki, bu insan mənə nə verib ki, ala bilmir. Axı ona nə etmişdim? Natəvan Həbibi heç vaxt özünü ucuz qalmaqallarla reklam etməyib. Buna ehtiyacım da yoxdur. Hər hansı müğənninin adı ilə özümə reklam qazanmaq mənə nə verəcək? Belə bir şey ola bilməz. Özləri mənə sataşırlar, cavab verəndə də pis mən oluram. Halbuki özləri qaşınmayan yerdən qan çıxarırlar. Bakı kiçik şəhərdir və burada kimin kim olduğunu hamımız yaxşı bilirik. Aygün Kazımova yaxşı müğənni ola bilər, lakin onun adı şərəfli deyil ki, özümü onunla eyni tərəziyə qoyum. Həyat yolumda hansısa nöqsanlarım olubsa da, mən öz səhvimi başa düşən kimi dərhal onu düzəltməyə çalışıram. Erməni damğası ilə ləkə yaxmasaydı, mənim Aygün Kazımova ilə nə işim var idi?

- Məhkəmədə qalib gəldiniz. Amma müğənni xəbərlərin əsassız və yalan olduğunu dedi. Aygün Kazımova: "Natəvan mənim ölkədən çıxmağıma qadağa qoyulmasını ancaq yuxusunda görə bilər" – deyib. Bu fikrə münasibətinizi öyrənmək istərdik...

- Mən onun özünün belə bir söz söyləyəciyinə şübhə ilə yanaşıram. Bu xəbərləri onun ətrafındakı oriyentasiyası məlum olmayan insanlar yayırlar. Əgər deyibsə də, bu, onun bisavad olduğunu göstərir. Xalq artisti adını daşıyan insan qanunlara riayət etməlidir. Sən hakimin, məhkəmənin Azərbaycan Respublikasının qanunlarına əsasən, çıxardığı qərarlarla zarafat edə bilməzsən. Bundan sonra haqqımda hər hansı bir söz desə, bu cür problemlər yaşamağa davam edəcək və ölkədən çıxa bilməyəcək. Hətta həbs oluna bilər. Çünki məhkəmənin qərarı ilə üzr istəməsə, 30 il ölkəni tərk edə bilməyəcək.

- Aygün Kazımova bu sənədlərin saxta olduğunu iddia edir...

- Hə, guya mənim verdiyim bütün sənədlər saxta imiş. Amma mənim vəkilim hər şeyi sübut etdi. Məhkəmənin qərarı və bütün möhürlü sənədlər mediaya təqdim olunub. Hansı saxtakarlıqdan söhbət gedə bilər? Sonda isə hamısı biabır oldu. Dövlətin qanunlarının qarşısında hamımız acizik. Natəvanı sındırdığını o, yuxusunda görəcək. Məni heç kəs əyə bilməz!

- Bəs nəyə görə sizə vurduğu mənəvi ziyana görə maddi təzminat tələb etmədiniz?

- Bu sualı mənə çox verib deyirlər ki, təzminat alıb uşaq evlərinə verərdin. Amma mənə onların bir qəpiyi belə lazım deyil, pulları başlarına dəysin. Mən onun pulları hansı yollarla qazandığını yaxşı bilirəm. Buna görə təzminat tələb edib onu uşaqlara yedizdirə bilmərəm. Bu, günah olar. Bir də ki onsuz da öz zəhmətimlə qazandığım halal pulları uşaqlar və qocalar evinə verirəm, vaxtlı-vaxtında yardım edirəm. Onlardan pul istəmək mənim üçün ayıb olar! Şərəf və ləyaqət satılmır ki, ona görə pul tələb edim. Mənim mübarizəm adıma yaxdıqları bu ləkəni təmizləmək idi. Şükürlər olsun ki, məhkəmədə qalib gələrək onların cavabını verdim. Çünki Natəvan tərtəmiz azərbaycanlıdır və bununla qürur duyuram. Sənədləri saxtalaşdırdığımı deyirlər. Amma bütün bunlar uydurma, şər-böhtandır. Aygün Kazımovanın sözünün çəkisi ağırdır, yoxsa hakimin qərarının?

- Vaqif Gərayzadə sizin hər ikinizin müəllimi olub. Baş verənlərə onun münasibəti necədir?

- Düz yolda olduğumu dedi. Məhkəmədəki qələbəmdən sonra artıq sakit və rahat ola biləcəyimi söylədi.

- Barışıq gözlənilirmi?

- Qətiyyən! İnsan sözü bir dəfə deyər. Bu qədər təhqirlərdən sonra həmin insanla barışmaq mümkündürmü? Kim bu təhqirlərə dözərdi?! Haqqımda yalan söyləmək istəsələr, pis geyindiyimi desinlər, ya da oxumağımda qüsur tapsınlar. Amma mənim təmiz azərbaycanlı olduğuma şübhə etmək və erməni adlandırılmağıma dözmək mümkün deyil. Ola bilməz. Heç kim susacağımı və üzüyumşaq olacağımı gözləməsin. Mənə erməni damğası vurulması çox ağır ittihamdır. Bu, adi söhbət deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm